Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumunda ölkənin görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər. Milli Kinomuzun çağdaş simaları forum və mədəniyyətimizin inkişafı barədə qəzetimizə verdikləri qısa açıqlamada önəmli məsələlərə toxundular.
Hacı İSMAYILOV,
Azərbaycan Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti:
– Əvvəla onu deyim ki, bu ilin əvvəlindən mədəniyyət sahəsində bir tərpəniş, irəliləyiş görürük. Bu günə qədər Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən bir çox tədbirlər keçirilib. Elə yaxınlarda mənim də çalışdığım Akademik Milli Dram Teatrı ulu öndərin ən çox sevdiyi drammaturq Cəlil Məmmədquluzadənin “Ölülər” tamaşasını bu mərkəzdə təqdim etdi. Ondan bir qədər keçəndən sonra həmin mərkəzdə teatr forumu oldu.
Qeyd edim ki, teatr forumunda bir çox problemlərin həlli məsələsi ortaya qoyuldu, bir sıra mətləblər açıqlandı. Aydın oldu ki, gələcəkdə nə etmək, hansı işlər görməklə mövcud durumu yaxşılaşdırmaq olar. Ulu öndər həmişə deyirdi ki, mədəniyyəti yüksək olan xalq hər zaman inkişaf edəcək. Dünən Akademik Milli Dram Teatrı görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Qarabağnamə” tamaşasını bu mərkəzdə təqdim etdi. Demək istədiyim budur ki, inkişaf, canlanma göz önündədir.
Bu gün də böyük bir hadisəyə şahidlik edirik. Əlbəttə ki, bu forumdan gözləntilərimiz çoxdur. Bildiyimiz kimi, kinomuzun böyük tarixi var və 125 yaşı tamam olur. Ümummilli liderin qeyd etdiyi kimi, kinomuz bizim salnaməmizdir. Və bu salnaməni qorumalıyıq, inkişaf etdirməliyik. İnanıram ki, keçirilən bu forum da bizim milli kino sənətimizin yenidən canlanması, inkişafı üçün böyük bir təkan olacaq. Belə bir Forumun keçirilməsi mədəniyyət tariximizdə mühüm hadisədir.
Aslan ŞİRİN,
Əməkdar artist:
– Kino Forumun keçirilməsini alqışlayıram. Bu, Azərbaycan mədəniyyəti tarixində mühüm hadisələrdən biridir. Burada problemlər qoyulur, kinomuzun keçdiyi inkişaf yolundan, qarşıda duran hədəflərdən, dəf edilməli maneələrdən söhbət açılır. Bu baxımdan, milli kinomuzun inkişaf etməsi və böyük izləyici auditoriyası toplaması üçün konkret iş ortaya qoyulmalıdır. Dövlət başçısının fərmanı əsasında Azərbaycanda Kino Agentliyi yaradılıb. Agentliyin yaradılması, bu forumun keçirilməsi, bundan bir neçə gün öncə teatr forumunun baş tutması tərəqqiyə istiqamətlənmiş mühüm addımlardır. Ümid edirəm ki, bu forumlar ölkəmizdə kino və teatr cameəsini qane edəcək mütərəqqi qərarlarla yadda qalacaq.
Elşən RÜSTƏMOV,
Əməkdar artist:
– Bakıda belə mötəbər tədbirin keçirilməsi hamımızı, bütün kino ictimaiyyətini sevindirir. Burada iştirak edən hər bir kəs bu forumun milli kinomuza böyük töhfə verəcəyini düşünür. Mən də hesab edirəm ki, bu gün bura toplaşan kino ictimaiyyətimiz, görkəmli mədəniyyət xadimlərimiz Azərbaycan kinematoqrafiyasının qarşısında dayanan problemləri aradan qaldırmaq üçün birləşəcəklər. Çünki milli kinomuzun inkişafı, yeni mərtəbəyə qaldırılması bütün xalqın arzusudur.
Hazırladı:
Anar ƏLİ, “Xalq qəzeti”



