Heydər Əliyev Mərkəzində “Azərbaycan Kinosu – 125. Reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumuna start verilib. Ölkəmizdə ilk dəfə keçirilən Forumda görkəmli mədəniyyət, incəsənət xadimləri ilə yanaşı, xarici ölkələrdən gəlmiş qonaqlar da iştirak edirlər.
Forum Azərbaycan milli kinosunun keçdiyi inkişaf yolundan bəhs edən videoçarxın nümayişi ilə başlanıb.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Forumun əhəmiyyətindən danışıb. O deyib ki, bu yaradıcı toplantı ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Bir neçə gün əvvəl məhz bu məkanda Teatr Forumu da təşkil edilmişdi: “Ümid edirik ki, Kino Forumu da çox maraqlı müzakirələrlə yadda qalacaq və kinomuzun inkişaf yoluna işıq salacaq. Bu gün burada yığışmağımızın əsas məqsədi hazırda Azərbaycan kino sənətinin üzləşdiyi problemləri, eyni zamanda, perspektivləri müzakirə etmək, onların həlli yollarını taparaq bunun əsasında yeni inkişaf istiqamətlərini müəyyən etməkdir. Teatr və Kino forumundan əlavə, bu il ərzində ulu öndərin 100 illik yubileyi çərçivəsində mədəniyyətimizin digər sahələri ilə də bağlı forumlar keçiriləcək və nəticədə, Mədəniyyətimizin İnkişaf Strategiyasını irəli sürəcəyik”.
Milli kino tarixinə ekskurs edən nazir yaradılmış sanballı ekran əsərlərinin onilliklər boyu soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət, Vətənə məhəbbət və sədaqət hissləri aşıladığını, xalqımızın dünyagörüşünün formalaşmasına öz töhfəsini verdiyini bildirib.
Adil Kərimlinin sözlərinə görə, incəsənətin bütün sahələrində olduğu kimi, milli kinomuzun inkişafında da ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. “Kino bizim xalqımızın salnaməsidir” – deyən ulu öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda milli kino sahəsinə yüksək diqqət və qayğı göstərmişdir. SSRİ dağıldıqdan sonra Azərbaycanda digər sahələrdə olduğu kimi, kinoda da durğunluq yarananda məhz ulu öndərin qayğısı nəticəsində milli kinomuz yenidən dirçəlməyə başlamışdır. Kino fəaliyyətinin normativ-hüquqi bazası formalaşdırılıb və Dövlət Film Fondu təsis edilmişdir. Uzun illər Azərbaycanda da sovet kinosu günü qeyd olunurdu. Lakin, ulu öndər tərəfindən kino tariximizə qarşı bu haqsızlığa son qoyulmuş və müvafiq sərəncamla milli kino tarixinin başlanğıcı – 1898-ci il, 2 Avqust Azərbaycan Kinosu Günü kimi qeyd edilməyə başlamışdır.
Bu gün Azərbaycan kino sənətinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət yetirilir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı", “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli sərəncamı milli kino sənətinə yüksək diqqət və qayğının bariz nümunəsidir.
Son illər ölkəmizdə istehsal olunan filmlərin dünyanın ən nüfuzlu beynəlxalq film festivallarında iştirakı və mükafatlandırılması, habelə film çəkilişinə vəsait qoyuluşunun həcminin artması və tamaşaçı auditoriyasının genişlənməsi kinematoqrafiyamızın keyfiyyətcə yeni inkişafından xəbər verir. Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında kino sənətinin də inkişaf etdirilməsi konsepsiyası öz əksini tapmışdır. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdiyi qayğı nəticəsində müxtəlif illərdə Azərbaycanın kino sənəti bir sıra beynəlxalq festivallarda, eləcə də Kann kinofestivalında təbliğ edilmişdir.
Mədəniyyət naziri vurğulayıb ki, kinematoqrafiyada şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Kino Agentliyinin yaradılması irəliləyişə böyük təkan olmuşdur. Mədəniyyət Nazirliyi aidiyyəti qurumlarla birgə Agentliyin fəaliyyətə başlaması üçün tələb olunan bütün lazımi işləri tamamlamışdır. Kino Agentliyinin yaradılması Azərbaycan kinosuna gələcəkdə Agentlik vasitəsilə bir çox yeni beynəlxalq birgə layihələrdə iştirak etmək, “Evroimaj” kimi nüfuzlu beynəlxalq platformalara qoşularaq birgə kino istehsalında iştirak, Azərbaycan kinematoqrafiyasına yeni təcrübələr gətirmək, eləcə də audiovizual sahənin iqtisadi fəallığını artırmaq imkanı yaradacaq.
Nazirin sözlərinə görə, Azərbaycan kino sənətinin bir sıra problemləri də var. Buna görə də Forumun əsas məqsədi kino tariximizin zəngin irsini qoruyub saxlamaqla yanaşı, problemləri aydınlaşdırmaq, gələcək illərdə də inkişafı təmin etmək və rəqabət qabiliyyətli kinomuzun formalaşması istiqamətində atıla biləcək addımları birlikdə müzakirə etmək, bunun əsasında inkişaf strategiyaları və dövlət proqramlarının hazırlanılmasına nail olmaqdır: “Düşünürük ki, bu sahədə yaranmış yeni münasibətlər, yeni çağırışlar, özəl sektorun fəaliyyətinin təşviq edilməsi, dövlətdən asılılığın azaldılması və dünya kino sənayesində mövcud olan trendlərə çatması üçün müvafiq köklü dəyişikliklərin edilməsinə böyük zərurət vardır”.
Sonra ümumi müzakirələr olub. Forum panel müzakirələrlə davam edib. Çıxışlardan bəzi qeydləri təqdim edirik.
Şəfiqə Məmmədova, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti: “Kino Forumunun keçirilməsi əlamətdar hadisədir. Teatr və kino sahəsinin inkişafı naminə dövlət səviyyəsində göstərilən dəstək fərəhlidir. Bugünədək Azərbaycan kinosunun, mədəniyyətinin keçdiyi inkişaf yolu uğurlu olub. Ümummilli lider Heydər Əliyevin kino sahəsinə, ümumən, mədəniyyət və incəsənət adamlarına göstərdiyi diqqət və qayğıdan hər kəs qürurla danışa bilər”.
Oqtay Mirqasım, Xalq artisti, rejissor: “Ulu öndər Azərbaycan kinematoqrafiyasına, sözün əsl mənasında, atalıq edirdi, bu sahəyə qayğısını əsirgəmirdi. Mədəniyyətin bu sahəsini də millətin inkişafı üçün əsas vasitələrdən hesab edirdi. Qayğı estafeti uğurla davam edir. Amma təəssüf ki, bu gün kinoteatrlarımızın əksəriyyətində bayağı filmlər təbliğ olunur. Buna nəzər yetirilməlidir. Bəzi filmlərdə Azərbaycan cəmiyyəti elə təqdim olunur ki, xəcalət çəkirsən. Biz kinematoqrafçılar dövrün tələblərini nəzərdə saxlamalı, amma tamaşaçının da zövqünü korlamamalıyıq”.
Rasim Balayev, Xalq artisti: “Azərbaycanfilm” kinostudiyası bir neçə illər dövlət dotasiyasında olmalıdır, dövlət və özəl qurumlar tərəfindən maliyyələşdirilməlidir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, həmçinin sənətdə olan bəzi gənclər xarici ölkələrə treninqlərə, təhsil almağa göndərilməli və sənət mübadiləsi olmalıdır. Bildiyimiz kimi, Kino Agentliyi yaradılacaq və oraya Azərbaycan kinosunu bilən, kinematoqrafiyadan anlayışı olan adamlar cəlb olunmalıdır. Mən xoşbəxtəm ki, Qarabağın alınmasını görə bildim. Bu barədə, vətənpərvərlik mövzusunda filmlər çəkilməli, həmçinin xarici arenaya çıxarılmalıdır”.
Digər natiqlər də Azərbaycan kinematoqrafiyasının müəyyən çatışmazlıqlarından söhbət açıb, eyni zamanda, kinomuzun gələcək inkişafına ümid bəslədiklərini vurğulayıblar.
“Xalq qəzeti”


