Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının binasında fəaliyyət göstərən “Səhnə teatrı”nın Əməkdar incəsənət xadimi, mərhum rejissor Oruc Qurbanovun quruluşu əsasında hazırlanan “Molla Nəsrəddin-2023” komediyası yenidən səhnəyə qoyulub.
Tamaşa Molla Nəsrəddinin evlənmə hekayəsindən bəhs edir. Qəfil peyda olan Əzrayıl Molla Nəsrəddini yuxudan oyadıb özü ilə o biri dünyaya aparmağa gəldiyini söyləyir. Hələ çox cavan olduğunu biləndən sonra ona evlənmək üçün üç gün möhlət verir. Molla Nəsrəddin Əzrayıl ilə dostlaşır və yeni dostu ilə birgə sevgisinə qovuşmaqda ona əngəllər yaradan kəndin cahil və avam adamları ilə mübarizəyə başlayırlar.
Tamaşada yer alan obrazların arasında yaxın keçmişin qoçusu, dünənin ziyalısı, bu günün blogeri də var. Onlar Molla Nəsrəddinin sevdiyi qıza qovuşmasına hər yolla mane olmağa çalışırlar. Əsərin sonunda isə Molla Nəsrəddin ağlı, hazırcavablığı və səmimiyyəti sayəsində öz məqsədinə nail olur və həmin qızla evlənir.
“Səhnə teatrı”nın baş rejissoru Elvin Mirzəyev çıxışında tamaşanın mərhum rejissor Oruc Qurbanovun sonuncu səhnə işi olduğunu vurğuladı.
Aktyor Əhliman Ərşadlı isə bu tamaşanın “Səhnə teatrı”nın aktyoru Xəqani Əliyevin ssenarisi əsasında yazıldığını deyərək səhnə əsərində bir növ ziddiyyət olduğunu bildirdi:
“Molla Nəsrəddin-2023” adlanan bu tamaşada keçmiş və müasir dövr sintez olunub. Burada göstərilən təzad ondan ibarətdir ki, Molla Nəsrəddini kəndin lotuları aldadır, o isə vaxtından əvvəl canını almağa gələn Əzrayılı aldadaraq, onu aparmaq fikrindən daşındıra bilir. Burada əsas məqsədlərdən biri də İslam dinini ələ salan bəzi dırnaqarası mollaları tənqid etmək idi. Mən də bu səhnə əsərində din anlayışı zəif olan bəzi din xadimlərinin ümumi prototipini canlandırıram” – deyə aktyor əlavə etdi.
Rolları Əməkdar artist Vaqif Kərimov, aktyorlar Əhliman Ərşadlı, Ruhiyyə Mahmudqızı, Mahir Mirişli, Ramil Məmmədov və digərləri ifa edirlər.
Qeyd edək ki, tamaşanın rejissoru İmran Əli Qurban, quruluşçu rəssamı Rəşad Yaqubov, musiqi tərtibatçısı Nicat Cəbrayılovdur.
Fidan HÜQUQQIZI,
Elşən AĞALAR (foto), “Xalq qəzeti”

