İtlərə qayğı ilə yanaşaq…

post-img

Bir gün məhəllədəki marketə anamın tapşırdıqlarını almaq üçün yollandım. İtim də gəzməyi sevdiyi üçün onu da özümlə götürdüm ki, həm o gəzsin, həm də mən yolda tək sıxılmayım. Marketə heyvanları daxil etmək qadağan edildiyi üçün onu bayırda qoyub içəri keçdim.


Çölə çıxan zaman bir gənc oğlanın itimi zorla özü ilə aparmağa çalışdığını gördüm. Tez oğlana yaxınlaşıb itin sahibi olduğumu dedim. Oğlanın üzündəki vecsiz ifadə “sanki, bu, məni maraqlandırmır” deyirdi. Gözlərini üzümdən çəkdi, itimə də bir təpik vuraraq yanımızdan uzaqlaşdı. Bərk əsəbiləşmişdim. Yazıq itin nə qədər incidildiyinin də fərqində idim.
Deyinə-deyinə evə gəlib, itimə su, yemək verdikdən sonra telefonumla məşğul olmağa başladım.
Elə bu zaman qarşıma Türkiyədəki zəlzələ ilə bağlı qlobal mediada əks-səda doğurmuş bir foto çıxdı.
Yəqin ki, bir çoxlarınız xilaskar itin azyaşlı uşağın əlindən tutub, onu tək qoymadığını nümayiş etdirən həmin fotonu görmüsünüz. Şüursuz heyvanın üzündə dərin kədər, mərhəmət hissi mənə çox təsir etdi.
Bəzilərinin şiddətə məruz qoyduğu itlər orada insanları dağıntılar altından çıxarmağa çalışırdılar.
O heyvanların köməyinə möhtac ola biləcəyimiz bir dünyada onların incidilməsinə, məhv edilməsinə imkan verməyək!
Türkiyədəki fəlakətdən sonra bir neçə gün evdə isti ocağımda oturub anama sarılmaqdan utanırdım. Sanki vicdanım, duyğularım məni oradakı insanların çəkdikləri çətinliklər qarşısında evimdə rahat divanda əyləşdiyimə görə qınayırdı. Kaş orada olaydım. Kaş bir daşı da mən qaldıraydım...


Leyla İLKİNQIZI,
tələbə-jurnalist

Sosial həyat