BMT-dən Rusiyaya Ukrayna ilə bağlı çağırış

post-img

Dünən Rusiyanın Ukrayna ərazisində həyata keçirdiyi xüsusi hərbi əməliyyatın bir ili tamam olub. Bir gün əvvəl isə BMT-də müharibə ilə bağlı məsələ müzakirəyə çıxarılıb. BMT Baş Assambleyası müharibə ilə bağlı qətnamə qəbul edib. Məlumatı TASS verib. 

Qətnamədə Rusiyanın qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən dərhal çıxarmasına çağırış edilir. Səsvermədə iştirak etmiş 193 ölkədən 141-i sənədi dəstəkləyib. Belarus, Şimali Koreya, Eritreya, Mali, Nikaraqua, Rusiya və Su­riya qətnamənin əleyhinə səs verib, 32 ölkə, o cümlədən Ermənis­tan, Hindistan və İran bitərəf qalıb. Ukrayna Prezidenti Volodimir Zelenski qətnamənin müzakirəsində fəal iştirak etmiş və onun le­hinə səs vermiş ölkələrə təşəkkürünü bildirib.

Ukrayna ərazisində isə müharibə davam edir. Dünən Rusiya ordusunun Baxmut şəhəri yaxınlığındakı Berxovka kəndinə nə­zarəti ələ keçirdiyi barədə məlumat yayılıb. Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin bildirib ki, Berxovka tamamilə rus ordusunun nəzarətinə keçib.

Bu arada məlum olub ki, ABŞ Çinin Rusiya–Ukrayna müha­ribəsi ilə bağlı 12 bəndlik sülh planını qəbul etməyib. ABŞ Pre­zidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, müharibənin başa çatması üçün cəmi bir şey lazımdır – Rusiya Ukraynaya hücumu dayandırmalı, qoşunlarını geri çəkməlidir: “Ukrayna Rusiyaya hücuma keçməyib, NATO da, ABŞ da Rusi­yaya hücum etməyib. Bu, Putinin başladığı müharibədir”.

Ağ Ev, eyni zamanda, Ukraynaya 2 milyard dollarlıq yeni hərbi yardım paketini elan etməyə hazırlaşır. CNN-in məlumatına görə, paketə HİMARS raketləri, 155 mm-lik artilleriya mərmiləri, bir neçə növ dron, PUA əleyhinə avadanlıq, minatəmizləmə ava­danlıqları, təlim və xidmətlər üçün maliyyə vəsaitləri daxildir.

Böyük Britaniya isə özünün Rusiyaya qarşı sanksiyalar siyahı­sına əlavə edib. Rusiyanın daha 92 fiziki və hüquqi şəxsi siyahıya daxil edilib. Siyahıda “Rosatom” korporasiyasının rəhbərləri, si­lah istehsalı üzrə ən iri iki şirkətin və dörd bankın rəhbərliyi, eləcə də hakimiyyət nümayəndələri yer alıblar. Britaniyanın xarici işlər naziri Ceyms Kleverli həm də Rusiyanın Ukraynadakı döyüşlərdə istifadə etdiyi bütün malların ixracına qadağa qoyulduğunu bildi­rib.

 

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər