“Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır...”

post-img

Unudulmaz Xalq şairi Bəxtiyar Vahabzadənin bir misrasını başlıq seçdiyimiz  kitab təqdimatı Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda keçirildi.  Yazıçı-filoloq Vaqif Sultanlının “Ana dili milli varlığın təməli” adlı yeni kitabının müzakirəsinə onun qələm dostları – dilçilər, yazıçılar, şairlər, tənqidçilər toplaşmışdılar.


Təqdimat başlananda xatırladım ki, Bakı Dövlət Universitetinin professoru olan Vaqif Sultanlı yarım əsr öncə “Yovşan ətri” hekayəsi ilə ədəbiyyata gəlib və həmin ad isə Murad Adcının eyni maraqla oxunan “Qıpçaq çölünün yovşanı” əsərini yadıma saldı. Türk-qıpçaqların Altaylardan Avropaya daşıdıqları dil mədəniyyətinin özəllikləri könlümüzü sevindirdiyi kimi, Vaqif müəllimin yazdıqları və kitaba topladıqları da, sanki, həmin yovşan ətri ilə süslənib.
Tədbiri açan şərqşünas alim, filologiya elmləri doktoru, Əməkdar elm xadimi Tofiq Məlikli təqdimatın Beynəlxalq Ana Dili Gününə təsadüf etdiyini söyləyərək   müəllifin üzərində böyük zəhmət çəkdiyi  toplunun əlamətdar günlə səsləşdiyini vurğuladı. Sonra o, yeni kitab haqqında ətraflı məlumat verdi.
Vaqif Sultanlı kitabın hazırlanma prosesi barədə məlumat verdi, 23 müəllifin ana dilindən istifadə problemləri barədə bir-birindən maraqlı yazılarının topluda yer aldığını bildirdi.
AMEA-nın həqiqi üzvü, Milli Məclisin deputatı, Əməkdar elm xadimi Nizami Cəfərov Azərbaycan türkcəsinin inkişaf mərhələləri, dil quruculuğunda iyerarxiyalar, yazılı və şifahi nitqin problemlərinin həllinə elmi yanaşma zərurəti barədə fikirlərini bölüşdü və yeni kitabı özünəməxsus şəkildə xarakterizə etdi. 
BDU-nun professoru, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, Əməkdar jurnalist Qulu Məhərrəmli, tanınmış oftalmoloq alim, şair Paşa Qəlbinur, filoloq Rüstəm Kamal, filosof-esseist Rahid Ulusel, “Xalq qəzeti”nin baş redaktor müavini, Əməkdar jurnalist Tahir Aydınoğlu, filologiya elmləri doktoru, professor Həbib Zərbəliyev, Əməkdar rəssam Rais Rəsulzadə və başqaları kitab haqqında ürək sözlərini söylədilər, cəmiyyətin dil problemləri ilə bağlı məsələləri daim öyrənməyin vacibliyini önə çəkdilər.   


Əli NƏCƏFXANLI, 
“Xalq qəzeti”

Mədəniyyət