Daşkənddə “Azərbaycan–Özbəkistan Dostluq Muzeyi” yaradılacaq

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasovla Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abduqaffar Qırğızbayev arasında görüş keçirilib.


Universitetdə baş tutan görüşdə Abduqaffar Qırğızbayev Özbəkistan–Azərbaycan mədəni əlaqələrinin tarixi, iki ölkə arasında yüksək səviyyəli əməkdaşlıq, habelə mədəni əlaqələrimizin möhkəmlənməsi istiqamətində həyata keçirilən layihələr haqqında məlumat verib, ölkələrimizin ali təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. 
Samir Abbasov Azərbaycan dövlətinin Özbəkistanla bütün sahələrdə, həmçinin elm, təhsil və mədəniyyət sahəsində əməkdaşlığa xüsusi önəm verdiyini bildirib.  
Direktor 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı AMM-nin silsilə tədbirlər planlaşdırdığını və bu tədbirlərdə universitetin də yaxından iştirakını arzu etdiyini bildirib. 
Sonra S.Abbasov universitetlə sıx əməkdaşlığın qurulması üçün konkret təkliflərlə çıxış edib. O, universitetdə Mədəniyyət Mərkəzi tərəfindən yaradılan Azərbaycan mədəniyyəti və ədəbiyyatı mərkəzinin daha da genişləndirilməsi,  yenidən qurulması üçün onlara daha geniş bir salonun ayrılmasını, qurulacaq mərkəzə “Nizami Gəncəvi və Əlişir Nəvai Dostluq Mərkəzi” adının verilməsini təklif edib. 
Direktor “Heydər Əliyev ili” münasibətilə AMM tərəfindən Özbəkistanın 3 aparıcı universitetinin tələbələri üçün “Heydər Əliyev təqaüdü”nün təsis edildiyini və Daşkənd Dövlət Pedaqoji Universitetinin bir əlaçı tələbəsinin bu təqaüdə layiq görüləcəyini bildirib.
S. Abbasov “Heydər Əliyev ili”nə həsr olunmuş beynəlxalq konfransın universitet ilə birlikdə may ayının ilk ongünlüyündə keçirilməsinii təklif edib. 


Qulu KƏNGƏRLİ
Daşkənd

Son xəbərlər