Milli kinomuzun Həzi Aslanovu dünyasını dəyişdi

post-img

Azərbaycan milli səhnə sənətinə ağır itki üz verib. Xalq artisti, Dövlət Akademik Milli Dram Teatrının aktyoru Ramiz Novruzov 68 yaşında dünyasını dəyişib.


Ramiz Qəvvam oğlu Novruzov 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974 – 1978-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində görkəmli rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda ali ixtisas təhsili alıb. Sumqayıt Dövlət Dram Teatrında çalışdığı 3 ildə bu səhnədə Knyaz Zvezdiç (“Maskarad”, M.Lermontov), Məsxərəçi (“Muradın kələkləri”, T.Kazımov), General Şıxlinski (“Bütün Şərq bilsin”, Nəriman Həsənzadə) rollarını ifa edib.


İstedadlı aktyor 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət edilib. Taleyini həmişəlik böyük səhnəyə bağlayan aktyor bu ünlü sənət ocağında irihəcmli və mürəkkəb xarakterli rolları məharətlə ifa edib. Ramiz Novruzov H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası” (Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə” (Kənan bəy), “Yad qızı” (Nihad) və digər  rollar aktyorun yaradıcılığında aparıcı yer tutub. O, “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib. 


Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.


Ramiz Novruzdramaturgiya ilə də məşğul olub, bir neçə pyes yazıb və iki tamaşa səhnələşdirilib.


Allah rəhmət eləsi̇n!


“Xalq qəzeti”

Son xəbərlər