İtaliyanın Trento Universitetinin alimləri - Lorenzo Bruzzone və Leonardo Karrer radardan istifadə edərək, Ayın səthində mağara aşkar ediblər. Bu barədə “Nature Astronomy” (Təbiət astronomiyası) jurnalında məlumat verilib. Bildirilir ki, Yerdən (planet) adi gözlə də görünə bilən bu mağara “Mare Tranquillitatis” (Sükut dənizi) adlanan düzənlikdə yerləşir. Bu çuxur milyonlarla və ya milyardlarla il bundan əvvəl lavanın Ayın səthinə axması və qaya üzərindən tunel əmələ gəlməsi nəticəsində əmələ gəlib.
Prof. Leonardo Karrer həmkarı ilə bərabər bu kəşfi edəndə həqiqətən həyəcanlı olduqlarını deyib: "Belə bir kəşfə imza atmaq bizim üçün həqiqətən qürurverici hissdir. Fotolara baxanda başa düşürsən ki, bəşər tarixində bunu görən ilk insan sənsən".
O, eyni zamanda, bu yaşayış məskəninin gələcəkdə insanların baza qurmaq üçün də yararlı olacağını vurğulayıb: "Axı, yer üzündəki həyat da mağaralardan başlayıb. Aydakı mağaralarda da insanların sağ qalması məntiqlidir. Buna görə də, yaxın 20-30 il ərzində insanların burada yaşaması mümkün olacaq".
Qeyd edək ki, mağara hələ tam tədqiq edilməyib. 100 metr dərinlikdəki mağara ilə yanaşı, yaxınlıqdakı tədqiq olunmamış yerlərdə də yüzlərlə buna oxşar yerlərin olması ehtimal olunur. Aparılan araşdırmalar da göstərir ki, bu mağara gələcəkdə Marsın səthindəki yaşayış məskənlərini kəşf etməkdə yardımçı rolunu oynaya bilər.
Fidan SALMAN
XQ