Robert Oppenheymer: o kimdir və nə icad edib?

post-img

Kristofer Nolanın amerikalı fizik və atom bombasının yaradıcısı haqqında çəkdiyi “Oppenheymer” filmi yeddi kateqoriya üzrə qalib gələrək, Oskar mükafatına layiq görüldü. Bəs alim Robert Oppenheymerin sonrakı taleyi necə oldu?

Julius Robert Oppenheymer 1904-cü il aprelin 22-də Nyu-Yorkda yəhudi ailəsində anadan olub. 1925-ci ildə Harvard Universitetini bitirib, burada riyaziyyat, fəlsəfə, təbiət elmləri, ingilis və fransız ədəbiyyatı üzrə təhsil alıb. Termodinamika kursu keçdikdən sonra eksperimental fizikaya maraq göstərib. Universiteti vaxtından əvvəl fərqlənmə diplomu ilə bitirərək Avropaya yollanıb.

1925-ci ildə Robert Oppenheymer Kembric Universitetinə qəbul olunub. İngilis fiziki Cozef Con Tomsonun rəhbərliyi altında Kavendiş laboratoriyasında çalışıb. Bir il sonra o, fizik Maks Bornun rəhbərliyi altında Almaniyanın Göttingen Universitetində kvant fizikası üzrə təhsil almaq üçün Kembricdən ayrılıb.

1927-ci ildə alim Maks Born ilə birlikdə molekulun kvant mexaniki təsviri çərçivəsində nüvə və elektron hərəkəti ayırmağa imkan verən diatomik molekulların kvant nəzəriyyəsini işləyib hazırlayıb. Bu, elektron enerji səviyyələrini axtararkən nüvələrin hərəkətinə məhəl qoymamağa imkan verir və hesablamaları əhəmiyyətli dərəcədə asanlaşdırır. Əsər Robert Oppenheymerin ən çox istinad edilən məqaləsi olmuşdu. Alimin ingilis və alman jurnallarında nəşrləri o vaxta qədər ABŞ-da artıq tanınırdı və bir çox Amerika universitetləri onu fizikadan mühazirələr oxumağa dəvət edirdilər.

1929-1947-ci illərdə Robert Oppenheymer Berkli Kaliforniya Universitetində və Kaliforniya Texnologiya İnstitutunda dərs deyib. 1931-ci ildə fizik Paul Erenfest ilə birlikdə Erenfest-Oppenheymer teoremi adlı bir teoremi formalaşdırıb. Robert Oppenheymer kosmik leysanların kaskad nəzəriyyəsini inkişaf etdirib (1937), neytron ulduz modelinin ilk hesablamasını hazırlayıb (1938) və “qara dəliklər”in mövcudluğunu proqnozlaşdırıb (1939). 

1939-cu ildə uranın parçalanmasının kəşfindən bəri Robert Oppenheymer bu prosesi və atom silahlarının yaradılması problemini öyrənməklə daim maraqlanıb. 1941-ci ilin payızından o, ABŞ Milli Elmlər Akademiyasının atom enerjisindən hərbi məqsədlər üçün istifadə problemlərini müzakirə edən xüsusi komissiyasının işində iştirak edib.

Eyni zamanda, o, atom bombası yaratmağın yollarını öyrənən bir qrup fizikə rəhbərlik edib. R.Oppenheymer ABŞ-da atom silahları üzərində işləyən bütün fiziklərin səylərini vahid elmi mərkəzdə birləşdirmək ideyası ilə çıxış edib. İdeya hökumət dəstəyini alıb və mərkəzə rəhbərlik Robert Oppenheymerin özünə həvalə olunub.

1939-1945-ci illərdə fizik “Manhetten layihəsi” çərçivəsində atom bombasının yaradılması işində fəal iştirak edərək, bu məqsədlə xüsusi olaraq yaradılmış Los Alamos laboratoriyasına rəhbərlik edib. 16 iyul 1945-ci ildə ilk Amerika atom bombası sınaqdan keçirilib. R.Oppenheymer sonralar bu sınaqla bağlı “Bhaqavad Gita”dan sitat gətirib: “Mən dünyaları məhv edən ölüm oldum”. “Bhaqavad Gita” qədim hind dini və fəlsəfi fikrinin sanskritcə abidəsidir, “Mahabharata”nın altıncı kitabının bir hissəsidir, 18 fəsil və 700 beytdən ibarətdir. Hindu fəlsəfəsinin əsas mətnlərindən biridir.

1947-1952-ci illərdə ABŞ Atom Enerjisi Komissiyasının Baş Məsləhət Komitəsinə sədrlik edib. O, atom enerjisindən yalnız dinc məqsədlər üçün istifadənin tərəfdarı olub, həmçinin hidrogen bombasının yaradılmasının əleyhinə çıxıb. Lakin 1950-ci il yanvarın 31-də prezident Harri Trumen onun yaradılması üzərində işə başlamaq haqqında sərəncam imzalamışdı. 1952-ci il noyabrın 1-də ABŞ Atom Enerjisi Komissiyası hidrogen qurğusunun gizli sınaqlarını keçirmişdi.

1947-1966-cı illərdə Robert Oppenheymer Prinstonda Əsas Tədqiqatlar İnstitutunun direktoru vəzifəsində çalışıb. 12 aprel 1954-cü ildə Oppenheymer işi üzrə istintaq başlayıb. Məhkəmənin məqsədi alimin loyal olmadığını və siyasi etibarsızlığını sübut etmək olub. O, gizli işlə bağlı bütün vəzifələrdən uzaqlaşdırılıb. Alim fizika sahəsində mühazirə oxumağa, əsərlər yazmağa davam edib. 

1960-cı ildə Robert Oppenheymer Dünya İncəsənət və Elmlər Akademiyasını yaratmaq üçün Albert Eynşteynə qoşulub. Qarşılıqlı fikir ayrılıqlarına baxmayaraq, hər iki fizik müxtəlif yollarla da olsa, bir-birlərinə dərin hörmət və hətta heyranlıq bəsləyiblər. Məlumdur ki, Albert Eynşteyn Oppenheymeri “çoxtərəfli təhsilə malik qeyri-adi bacarıqlı insan” hesab edib və ona “fizikasına görə deyil, insani keyfiyyətlərinə görə” heyran olduğunu deyib. Oppenheymer, öz növbəsində, A.Eynşteynin elmə verdiyi töhfəni çox unikal şəkildə qiymətləndirərək, onun ölümünün 10 illiyini və ümumi nisbilik nəzəriyyəsinin nəşrinin 50 illiyini qeyd edib.

Parisdə Oppenheymer “Eynşteynin ilk işi heyrətamiz dərəcədə gözəl idi, lakin səhvlərlə dolu idi” deyib və onların əməkdaşlığını mükəmməlləşdirmək üçün ona 10 il lazım olduğunu vurğulayıb. Ancaq amerikalı fizik sözlərinə dərhal bunu əlavə edib: “Səhvlərini düzəltmək üçün 10 il lazım olan insan böyük insandır”.

Böyük alim 1967-ci il fevralın 8-də Prinstonda qırtlaq xərçəngindən vəfat edib. 

Hazırladı:

Səbuhi MƏMMƏDOV

XQ









Maraqlı