Duelə çıxan əcnəbi və yerli məşhur şəxsiyyətlər

post-img

Duel iki şəxs arasında mübahisənin silahla həll edilməsidir. Burada təkbətək döyüş əsas götürülür. Bu baxımdan, duelin tarixi qədim dövrlərə gedib çıxır. Məsələn, dahi yunan şairi Homerin əsas qəhrəmanlarından olan Axilleslə-Hektorun təkbətək döyüşü qədim dünya qəhrəmanlarının günümüzədək gəlib çatmış məşhur duellərindən biridir. Mövzu ilə bağlı tədqiqatçı, siyasi elmlər üzrə fəlsəfə doktoru  Zaur Əliyev özəl araşdırma aparıb. 

Z.Əliyevin sözlərinə görə, Rusiya imperiyası, sonra Cümhuriyyət dövründə duel qadağan olunmuşdu.  Ancaq bu qadağalar açıq duellər olmasına aid idi. Kim dueldə iştirak edirdisə və ondan xəbər tuturdularsa, hüquqi münasibət göstərilirdi. Amma bu qadağa insanların bir-birilə mübahisələrinin həllində təkbətək qarışalaşmaların qarşısını ala bilmirdilər. Gizli şəkildə duellər davam edirdi.

Ümumiyyətlə, duelin yaranması bütün dövrlərdə olub. Amma duelin populyar olması Fransanın adı ilə bağlıdır. XVI əsrdən insanlar arasında mübahisəni həll etmək üçün o dövrdə iki tərəf özlərinə köməkçi götürüb sübh tezdən kənar bir yerdə görüşüb aralarında problemi əvvəllər qılıncla, sonra isə odlu silahla həll edirdilər. Bu, o qədər populyar oldu ki, 1836-cı ildə Kont de Şatovillər tərəfindən duel kodeksi yaranıb. XIX əsrin sonunda Count Vergerin 1879-cu ildə nəşr olunan duel kodeksi Avropada tanındı. Tarixdə Rusiyada Durasovun 1912-ci ildə nəşr olunan duel kodeksi də məlumdur. Avropada bu kodeksə ciddi əməl edirdilər. 

Tədqiqatçı bildirdi ki, O.Bismark, A. S. Puşkin, M. Y. Lermantov və digər məşhurlar tanınan duel iştirakçıları olublar. Dantesə qədər Puşkinin başqa tanınmış şəxslərlə 30-dan çox baş tutan və baş tutmayan duelləri olub. Kodeks ona görə lazım idi ki, ona qədər duel zamanı bəzən muzdlu qatillər gizlənib sifarişçinin qarşısında duran adamı öldürürdülər. Məsələn, Lermantovun dueldə öldürülməsi yazılsa da, yeni çıxan faktlar göstərir ki, onu muzdlu qatil öldürüb. 

Z. Əliyev duel məsələsində Azərbaycanın da istisna olmadığını vurğuladı. O dedi ki, Azərbaycanda duel barəsində fikirlər ilk dəfə olaraq Babək dövrünə aiddir. 816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər. Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra dünyasını dəyişdi. Sonra bunlar tarixin müxtəlif dövrlərində davam etdi. Məsələn, Qarabağın general-qubernatoru olmuş Xosrov bəy Sultanov da dueldə ağır yara alıb. Xosrov bəy universitetdə oxuyarkən bir gün təsadüfən yolda bir rus zabitinin gənc bir qıza sataşdığının şahidi olur. Ətrafdakılardan fərqli olaraq, Xosrov bəy qızı müdafiə edir. Nəticədə o rus zabiti ilə duelə çıxır. Birinci gülləni rus zabiti atır və onun bir gözünü zədələyir. Yaralı olmasına baxmayaraq, Xosrov bəy özünü itirmir və sərrast nişan alaraq zabiti öldürür. Sonradan məlum olur ki, bu qız Odessa Universitetinin rektorunun qızıdır. Qızla Xosrov bəy arasında səmimi dostluq yaranır və bu dostluq böyük bir məhəbbətə çevrilir. Bundan başqa, Nəsib bəy Yusufbəyli ilə Nərimanov arasında baş verən və xoşbəxtlikdən ikisinin də sağ qaldığı dueli qeyd edə bilərik. Onların münasibətlərin kəskin olmasının səbəbi pedaqoq və siyasətçi İsmayıl Qaspıralının qızı Şəfiqə xanım olmuşdur. 

Ekspert əlavə etdi ki, Cümhuriyyət dövründə duellər ağır cəza verilməsinə görə ləğv edilsə də, başqa formada özünü göstərirdi. O zaman Rusiyada kazaklar arasında geniş yayılan "rus ruleti" oyunu ilə iki nəfər öz aralarında mübahisəni həll etməyə başladılar. Tapançaya bir güllə qoyulur və silindr elə çevrilir ki, güllənin yeri bəlli olmur. Oyunçular tapançaları başlarına qarşı tutaraq növbə çəkirlər və tətiyi çəkərək şanslarını sınayırlar. Bəzi iddialarda Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd Tağıyevin silahlı toqquşmaların deyil, məhz “rus ruleti”nin qurbanı olduğu yazılır. 

Anar Əli,

“Xalq qəzeti”

zaur-aliyev.jpg

Maraqlı