Gələcəyin kinematoqrafiyası: Google Veo 3 -VİDEO

post-img

Google-un süni intellekt sahəsindəki son nailiyyəti — Veo 3 video generatoru artıq istifadəyə verilib. Bu texnologiya vizual kontent istehsalına yanaşmanı kökündən dəyişməyi vəd edir. Ənənəvi çəkiliş proseslərinə alternativ təklif edən sistem film, reklam, təhsil və digər sahələrdə inqilabi imkanlar açır.

Google Veo 3 nədir?

20 may 2025-ci il tarixində Google I/O konfransında təqdim olunan Veo 3, Google DeepMind tərəfindən hazırlanmış ən son video generasiya modelidir. Yeni nəsil sistem süni intellektin köməyi ilə 8 saniyəyə qədər yüksək keyfiyyətli videoları tekst və ya qrafik sorğular əsasında yarada bilir. Əvvəlki versiya ilə müqayisədə Veo 3 səs və görüntünü eyni vaxtda generasiya edə bilməsi ilə fərqlənir — danışıq səhnələri, səsyazmalar, fon musiqiləri və hətta ətraf mühit səsləri tam sinxron şəkildə təqdim olunur.

Əsas imkanlar və texniki xüsusiyyətlər:

  • 4K keyfiyyətli video və yüksək səviyyədə real fiziki təsvirlər.
  • Tərz və kamera hərəkətinə nəzarət: istifadəçilər vizual tərzi seçə, panoram, zum və bucaq dəyişiklikləri kimi elementləri təyin edə bilirlər.
  • Personaj və obyektlərin ardıcıllığı: xarakterlər və elementlər müxtəlif səhnələrdə vizual olaraq eyni qalır.
  • Obyektlərin əlavə edilməsi və çıxarılması: kölgə, ölçü və mühitlə uyğunluq qorunmaqla istənilən dəyişiklik etmək mümkündür.
  • Rəqəmsal təhlükəsizlik: hər bir kadr SynthID texnologiyası ilə işarələnir və görünən su nişanları vasitəsilə süni intellekt məhsul olduğu göstərilir.

İstifadə sahələri

  • Kinematoqrafiya və reklam: yüksək xərcli çəkilişlərə ehtiyac olmadan təqdimat və prototip səhnələrin yaradılması.
  • Təhsil: texnologiya və tarix dərslərində vizual izah imkanları genişlənir.
  • Media və jurnalistika: sürətli vizual reportajlar, YouTube Shorts üçün kontent istehsalı.
  • İncəsənət və mədəniyyət: rəssamlar və mədəni təşkilatlar üçün orijinal layihələrin canlandırılması.
  • Elmi tədqiqatlar: fiziki və bioloji proseslərin modelləşdirilməsi.
  • Biznes və marketinq: məhsul tanıtımı və sosial şəbəkə üçün vizual reklam kontenti.

Əlçatanlıq və qiymət

Hazırda 159 ölkədə aktiv olan Veo 3 aşağıdakı yollarla istifadəyə açıqdır:

  • Google AI Ultra (aylıq $249.99) – Gemini və Flow platformalarında tam giriş.
  • Google AI Pro – məhdud istifadə və sınaq versiyaları.
  • Vertex AI (korporativ) – 90 gün ərzində $300 dəyərində ödənişsiz test imkanı.
  • YouTube Shorts inteqrasiyası yay aylarında istifadəyə veriləcək.

İstifadə üçün sadəcə Google Cloud hesabı yaratmaq və ödəniş məlumatlarını təqdim etmək kifayətdir.

Tənqidlər və risklər

Veo 3-ün üstünlüklərinə baxmayaraq, bəzi etik və hüquqi narahatlıqlar gündəmdədir. Alqoritmin YouTube-dan milyonlarla video ilə təlim keçməsi müəllif hüquqlarının pozulması riskini artırır. Həmçinin dərin saxta (deepfake) kontent və yanlış informasiya yayımı ilə bağlı narahatlıqlar mövcuddur. Google bu risklərin qarşısını almaq üçün filtirləmə sistemləri və vizual işarələmə texnologiyaları tətbiq etsə də, müzakirələr hələ də davam edir.

S.ELAY

XQ


İKT