Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 190 min manat sığorta ödənişi edilib

post-img

Azərbaycanda dövlət güzəşti ilə təqdim edilən aqrar sığortadan faydalanan fermerlərin sayı artmaqdadır.

2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu kənd təsərrüfatı heyvanlarını sığortalamış fermer və təsərrüfatlara baş vermiş zərərlər üzrə 190 min manat sığorta ödənişi həyata keçirib.

Aqrar sığorta mexanizmi kənd təsərrüfatı heyvanlarını çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəlik, yem, ot və kimyəvi maddələrdən zəhərlənmə, ilan-həşərat sancması, yanğın, vəhşi heyvanların hücumu, təbii fəlakətlər, eləcə də üçüncü şəxslərin hərəkətindən sığortalayır.

2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindən Azərbaycanın 14 rayonunda sığortalanmış heyvandarlıq təsərrüfatlarında baş vermiş hadisələr üzrə ödənişlər həyata keçirilib.

Heyvanların tələf olmasına görə, ən çox sığorta ödənişi edilən rayonlar arasında Göygöl, Samux, Qəbələ, İsmayıllı, Şamaxı və Ucar var.

Heyvandarlıq sığortası ödənişlərinin böyük hissəsi yoluxucu xəstəliklər və zəhərlənmə halları üzrə həyata keçirilib. Sığortalı təsərrüfatlarda heyvanların tələf olması üzrə ödənişlər fasiləsiz davam edir.

Aqrar sığorta mexanizmində nəzərdə tutulan 50 faiz dövlət dəstəyi hesabına fermerlər kənd təsərrüfatı heyvanlarını olduqca sərfəli şərtlərlə, sığorta haqqının yarısını ödəməklə sığortalaya bilərlər.

Nəticədə, 300 manatlıq qoyun və keçinin sığortalanması cəmi 7 manat, 1 000 manatlıq iribuynuzlu mal-qaranın sığortalanması isə 24,5 manatdan başlayır.
Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək, xırdabuynuzlu heyvanlar isə 5 yaşınadək sığortalanır.

Aqrar sığorta qaydalarına əsasən, heyvanların sığortalanması üçün onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyata alınmalıdır.

Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Sosial həyat