Milli Məclisin sədri Sahibə Qafarova Pakistan Milli Assambleyasının sədri ilə görüşüb

post-img

İyulun 7-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiqin rəhbərlik etdiyi parlament nümayəndə heyəti ilə görüşüb.

Görüşdə vurğulanıb ki, Azərbaycan və Pakistan arasında strateji münasibətlər dostluq və qardaşlıq prinsipləri əsasında qurulub. Spiker Sahibə Qafarova bu səfərin ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin növbəti təzahürü olduğunu bildirib. Milli Məclisin sədri qonaqların Prezident İlham Əliyevlə görüşünə toxunaraq, qeyd edib ki, dövlət başçımız ölkələrimiz arasındakı münasibətlərin möhkəmləndirilməsinə xüsusi diqqət yetirir. 

Söhbət zamanı bildirilib ki, Azərbaycan xalqı Ermənistanın torpaqlarımızı 30 il davam etmiş işğalı dövründə və Vətən müharibəsində Pakistanın ölkəmizə dəstəyini yüksək qiymətləndirir.

İki ölkə arasında münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin xüsusi rolunu qeyd edən Milli Məclisin sədri Prezident İlham Əliyevin Pakistana səfərlərinin, Pakistanın dövlət rəhbərlərinin Azərbaycana səfərlərinin və imzalanmış sənədlərin xüsusi rolundan danışıb. Bildirilib ki, Pakistanın Baş naziri Şahbaz Şərifin bir neçə gün əvvəl İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilmiş 17-ci sammitində iştirakı dostluğumuzun növbəti nümunəsidir.

Parlamentlərarası əlaqələr barədə danışan spiker Sahibə Qafarova qeyd edib ki,  hər iki ölkənin parlamentlərində qarşılıqlı dostluq qrupları uğurla fəaliyyət göstərir və bu gün qanunverici orqanlarımız arasında çox yaxşı münasibətlər qurulub. Parlamentlərimiz bir sıra beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Bildirilib ki, Azərbaycan, Pakistan və Türkiyə arasında yaradılmış üçtərəfli əməkdaşlıq formatı strateji müttəfiq ölkələrimizin əldə etdikləri nailiyyətlərdən biridir.

Görüşdə, həmçinin bu il mayın 28-də Laçın şəhərində keçirilmiş Azərbaycan-Pakistan-Türkiyə liderlərinin üçtərəfli Sammitini xüsusi qeyd edən spiker Sahibə Qafarova bu sammitin əhəmiyyətini vurğulayıb. Üçtərəfli formatda əməkdaşlığın parlamentlər çərçivəsində də davam etdirildiyini deyən spiker Sahibə Qafarova  parlament sədrlərinin nəzərdə tutulan Üçüncü Üçtərəfli Görüşü barədə fikirlərini bölüşüb.

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq qonaqpərvərliyə və ölkəmizə dəvətə görə təşəkkürünü ifadə edərək bildirib ki, Pakistan və Azərbaycan həmişə bir-birilərini dəstəkləyən qardaş ölkələrdir. Assambleyanın sədri, Hindistanla münaqişədə Pakistanla həmrəylik nümayiş etdirdiyinə görə Azərbaycana təşəkkürünü bildirib.

O, qeyd edib ki, ölkələrimizin yerləşdiyi coğrafi məkanlar arasında bağların gücləndirilməsi gələcək üçün böyük önəm daşıyır. Diqqətə çatdırılıb ki, Pakistan bütün beynəlxalq müstəvilərdə həmişə Azərbaycanı dəstəkləyib.

Qonaq bildirib ki, bir neçə gün əvvəl Xankəndidə keçirilmiş sammitdə dövlət və hökumət başçılarının iştirakı həm dünyaya verilmiş bir mesaj, həm də Azərbaycanın zəfərinə dəstəkdir.

Söhbət zamanı Milli Assambleyanın sədri Pakistanla Azərbaycan arasında parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı təcrübə mübadiləsi barədə fikirlərini bölüşüb, Pakistan parlamentinin strukturu, fəaliyyət prinsipləri barədə məlumat verib, mütəmadi həyata keçirilən qarşılıqlı səfərlərin mühüm rolundan danışıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.

Siyasət