Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 4-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistanın işğalı altında olan ərazilərində əsir və girov götürülmüş, habelə Ermənistan hərbçilərinin açdığı atəş nəticəsində yaralanmış, işğal nəticəsində digər zərərlər görmüş şəxslər ifadə veriblər.
Zərərçəkmiş Quliyev Bəxtiyar Məhəmməd oğlu ifadəsində Kəlbəcər rayonunun işğalı ilə əlaqədar ailə üzvləri və digər mülki şəxslərlə birlikdə 1993-cü il martın 31-də rayondan “Tunel” adlandırılan ərazi vasitəsilə çıxarkən Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən atəşə tutulduqlarını bildirib. Nəticədə qardaşı İslam Quliyev öldürülüb.
Zərərçəkmiş Nəsibə Quliyeva ifadəsində Kəlbəcərin işğalı zamanı 13 yaşı olduğunu, bacı-qardaşları ilə birlikdə 1993-cü il martın 31-də rayondan yük avtomobili ilə çıxarkən “Tunel” adlanan ərazidə Ermənistan silahlı qüvvələrinin hərbçiləri tərəfindən ailəlikcə girov götürüldüldüklərini söyləyib. O hələ də bacısından və iki qardaşından (Aygün, Yaşar və Məzahir Quliyevlər) xəbər ala bilmədiklərini diqqətə çatdırıb.
Zərərçəkmiş Təhməz Şahverdiyev ifadəsində Kəlbəcərin Başlıbel kənd sakini olduğunu, rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı Ətdərəsi adlı yerdə girov götürüldüyünü bildirib. O, tikintidə fəhlə kimi işlədilib, mütəmadi olaraq işgəncələrə məruz qalıb.
Zərərçəkmiş Elbrus Əmirov isə Kəlbəcər rayonunun Ağdaban kənd sakinidir. O, ifadəsində bildirib ki, 1992-ci ilin aprel ayında Ermənistan silahlı qüvvələri müxtəlif çaplı silahlarla kəndə hücum edərək mülki sakinlərə divan tutub. 67 mülki sakini güllələyiblər. Çoxlu yaralanan olub. 14 nəfəri isə yandırıblar. Yandırılanlar arasında onun babası Bəkir Qocayev və nənəsi Zeynəb Qocayeva da olub. Əhalinin mal-qarasını yığıb aparıblar. Sağ qalanları girov götürüblər.
Zərərçəkmiş Qoşqar Quliyev ifadəsində ondan bir qədər əvvəl ifadə vermiş N.Quliyevanın danışdıqlarını təsdiqləyib. O əvvəlcə Ağdərənin Heyvalı kəndinə, daha sonra Xankəndi şəhərinə, iyunun 1-də isə Şuşa həbsxanasına aparıldığını, girovluqda olarkən səhər saat 5-dən gecə saat 1-dək işlədildiklərini bildirib.
Zərərçəkmiş şəxs Fərman Quliyev Kəlbəcər rayonunun Günəşli kənd sakini olduğunu, rayonun işğalı zamanı 1993-cü il martın 31-də “Tunel” adlanan ərazidən keçib getmək istəyən zaman atəşə tutulduqlarını, daha sonra girov götürüldüklərini bildirib. Onları əvvəlcə Ağdərənin Heyvalı kəndinə apardıqlarını, burada yaralı qardaşının vəfat etdiyini, iynəsiz 8 dişinin çəkildiyini, mütəmadi olaraq döyüldüyünü bildirib: “Boynumu da kəsmək istəyirdilər, bıçağın yeri indi də qalır. Bir az kəsib sonra fikirlərindən daşındılar”.
Zərərçəkmiş Taryel Quliyev Kəlbəcərin Günəşli kənd sakini olduğunu bildirib. O, ifadəsində “Tunel” faciəsi zamanı 14 yaşının olduğunu, Ermənistan silahlı qüvvələrinin yüzlərlə hərbçi ilə onlara hücum edərək atəşə tutduqlarını, yaxınlarının, yaralandığını, atası, bacısı və qardaşının girov götürüldüyünü, girovluqda saxlanıldığı 8 ay yarım müddətində özünə və digər azərbaycanlılara işgəncə verildiyini də söyləyib.
Zərərçəkmiş Yadigar Məmişov “Tunel” hadisələri zamanı anasının 4 güllə yarası aldığını deyib. Bildirib ki, 9 yaşlı qardaşı Taleh Məmişov da güllə yarası alıb, ondan indiyədək məlumat yoxdur. Y.Məmişov özü və digər yaxınları Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülüb.
Hüquqi varis Əziz Göyüşov ifadəsində nənəsinin (atasının anası) Kəlbəcər işğal olunan zaman itkin düşdüyünü, indiyədək ondan xəbər tuta bilmədiklərini bildirib.
Zərərçəkmiş Anar Əliyev ifadəsində 2020-ci ildə 44 günlük müharibədə iştirak etdiyini, noyabrın 9-da Xocavənddə yaralandığını, səhəri gün əsir götürüldüyünü, döyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib.
Zərərçəkmiş Rabil Babayev sakini olduğu Xocavəndin Qaradağlı kəndinin Ermənistan hərbçiləri tərəfindən 1992-ci il fevral ayında mühasirəyə alındığını, fevralın 13-də kəndə hücum edildiyini bildirib. Kənd sakinlərindən cavanları bir, yaşlıları isə digər yük maşınına yığaraq Xankəndiyə aparıblar. Yolda 10 nəfəri maşından düşürərək qətlə yetiriblər. Daha sonra isə yük avtomobilində olanlar gülləbaran edilib: “60-dan çox adamdan 20 nəfərə yaxını sağ qalmışdı. Bizi Xankəndiyə apardılar. Orada qarda ağzı üstə saxladılar. 47 gün girovluqda qaldım, gündə azı 3 dəfə döyülürdük”.
Zərərçəkmiş Nizami İsmayılov Kəlbəcərin Günəşli kənd sakini olduğunu, Ermənistan tərəfindən rayonun işğal edilməsi ilə əlaqədar 1993-cü ilin mart ayının sonlarına yaxın doğmaları ilə birlikdə yaşadıqları ərazini tərk etdiklərini bildirib. Lakin atası Qanboy İsmayılovdan indiyədək xəbər olmadığını bildirib.
Zərərçəkmiş şəxs Nurbala Əmirquliyev Birinci Qarabağ müharibəsində iştirak etdiyini, Ağdamda ağır yaralandığını, iki gün sonra yaralı vəziyyətdə əsir götürüldüyünü, daha sonra Xankəndiyə aparıldığını bildirib: “Məni yaralı vəziyyətdə türmə kimi bir yerdə bir sutka döydülər. Gördülər ölürəm, uşaq xəstəxanasına apardılar. Orada Stepanyan soyadlı hərbi həkim yaramın çürümüş hissələrini heç bir ağrıkəsici vurmadan kəsdi”.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmə prosesi iyulun 7-də davam etdiriləcək.
XQ