Ceyhun Bayramov İƏT-in 51-ci sessiyasında

post-img

İyunun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyasında çıxış edib.

Çıxışda İƏT coğrafiyasında artan geosiyasi gərginliklərin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs olunub. Azərbaycanın 2026-cı ildə təhvil alacağı İƏT sədrliyini İslam dünyasının həmrəyliyi və inkişafına töhfə vermək üçün ciddi tarixi fürsət olaraq dəyərləndirdiyi qeyd olunub. Dünyada artan İslamofobiya meyillərinin narahatlıq doğurduğu, ölkəmizin bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi və islamofobiya ilə mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəklədiyi vurğulanıb. Qəzzada mövcud humanitar vəziyyətə toxunulub və bununla bağlı təxirəsalınmaz tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Yaxın Şərqdə gərginliyin coğrafiyasının genişlənməsinin, İran İslam Respublikasına qarşı həyata keçirilmiş hərbi əməliyyatların narahatlıq doğurduğu, ölkəmizin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik prosesin bərpasına çağırış etdiyi bildirilib. Ölkəmizin Cammu və Kəşmir münaqişəsinin BMT Təhlükəsizlik Şurası, o cümlədən İƏT-in müvafiq qətnamələrinə uyğun olaraq, sülh yolu ilə həllini tam dəstəklədiyi qeyd olunub.

Nazir, həmçinin postmünaqişə dövründə regional bərpa, quruculuq və sülh səyləri, habelə normallaşma prosesini təhdid edən çağırışlardan ətraflı bəhs edib. O, çıxışı zamanı indiki Ermənistan ərazilərindən qovulmuş azərbaycanlıların, Qərbi Azərbaycan İcmasının hüquqlarının bu ölkə tərəfindən kobud şəkildə pozulmasının, onların hüquqlarının inkar olunmasının dayanıqlı sülh və etimad quruculuğuna maneə olduğu xatırlanıb.

***

Həmin gün Xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının İstanbul şəhərində keçirilən 51-ci sessiyası çərçivəsində İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər naziri Ayman Əs-Səfadi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə İordaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri, Yaxın Şərq bölgəsində regional vəziyyət, İsrail-İran qarşıdurması müzakirə olunub.

Azərbaycan ilə İordaniya arasında mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafı, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulanıb. Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı Hökuməti arasında Ticarət, İqtisadi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının yaxın zamanlarda təşkilinə hazırlıq məsələləri nəzərdən keçirilib.

***

Dünən Xarici işlər naziri Ceyhun Bayramov tədbir çərçivəsində özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə də görüşüb.

Görüşdə Azərbaycan və Özbəkistan müttəfiqliyinin siyasi, iqtisadi, nəqliyyat-kommunikasiyalar, humanitar və sair aspektləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Danışıq zamanı BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində çoxtərəfli əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib.

Regionda baş verən son hadisələrə toxunan nazirlər, Yaxın Şərqdə artan gərginlik, xüsusilə İsrail-İran qarşıdurmasının narahatlıq doğurduğunu diqqətə çatdırıblar.

***

Ceyhun Bayramov tədbir çərçivəsində malayziyalı həmkarı Mohamad Hasan ilə də görüşüb.

Görüş zamanı Azərbaycanla Malayziya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri, Yaxın Şərqdə vəziyyət və İsrail-İran qarşıdurması müzakirə olunub.

Nazirlər siyasi dialoqun genişləndirilməsi, qarşılıqlı yüksəksəviyyəli səfərlərin təşkili, iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, təhsil, energetika, yüksək texnologiyalar və turizm sahələrində geniş əməkdaşlıq imkanlarının olduğunu vurğulayıblar. Bu yaxınlarda Xarici İşlər nazirlikləri arasında aparılmış siyasi məsləhətləşmələrin münasibətlərin inkişafına töhfəsi məmnunluqla qeyd edilib.

Azərbaycan ilə Malayziya arasında Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində də əməkdaşlığın dərinləşdirilməsinin vacibliyi vurğulanıb və bu istiqamətdə qarşılıqlı dəstəyin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. Ölkəmizin inkişaf etməkdə olan səkkiz ölkəni birləşdirən D-8 təşkilatına üzvlüyə qəbul olunmasının əhəmiyyəti xüsusilə vurğulanıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov tədbir çərçivəsində Suriyanın keçid hökumətinin xarici işlər və xaricdə yaşayan suriyalılar naziri Əssad Həsən Əş-Şibani ilə də görüşüb.

Görüş zamanı Azərbaycan və Suriya arasında ikitərəfli münasibətlərin bərpası və inkişafı məsələləri, həmçinin regional təhlükəsizlik gündəliyindəki mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov uzun fasilədən sonra Dəməşqdə Azərbaycan Respublikasının səfirliyinin fəaliyyətinin bərpa olunmasının ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib, Suriya ilə siyasi dialoqun, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın Suriyada sabitliyin və dayanıqlı sülhün bərqərar olunmasını dəstəklədiyi bildirilib, həmçinin Suriyaya qarşı tətbiq olunan birtərəfli sanksiyaların ləğv olunması təqdir olunub, həmçinin Yaxın Şərqdəki cari gərginliklər ətrafında fikir mübadiləsi aparılıb. İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış eskalasiyanın narahatlıq doğurduğu, vəziyyətin diplomatik yollarla tənzimlənməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

XQ



Son xəbərlər