Dünən Azərbaycan Milli QHT Forumunun İdarə Heyəti 1 illik fəaliyyətinə dair ictimai hesabat xarakterli mətbuat konfransı keçirib.
İdarə Heyətinin sədri Ramil İskəndərli ötən il mayın 15-də keçirilmiş Azərbaycan Milli QHT Forumunun Ümumi Yığıncağının təsisatın həyatında tamamilə yeni səhifə açdığını, keyfiyyət mərhələsi yaratdığını bildirərək deyib: “Milli QHT Forumu vətəndaş cəmiyyətinin ideya generatoruna çevrilib. Bu qurum beynəlxalq miqyasda da yaxşı tanınan və qəbul edilən nüfuzlu təşkilatdır. İdarə Heyətinin 2 üzvü son parlament seçkilərində Milli Məclisin üzvləri seçiliblər”.
Toplantıda Azərbaycan Milli QHT Forumunun Qlobal Cənub QHT Platformasının təsis olunması barədə çağırışına 120 ölkənin yer aldığı Qoşulmama Hərəkatı regionunun 116 ölkəsinin dəstək verdiyi, bu ölkələrin hər birindən aparıcı QHT-lərin iştirakı ilə 2025-ci il aprelin 28-də Bakıda Qlobal Cənub QHT Platformasının təsis olunduğu vurğulanıb.
Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimli Qlobal Cənub QHT Platformasının Qoşulmama Hərəkatının QHT şəbəkəsi adını daşımağa tam haqqı olduğunu qeyd edib. İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvanə Vəliyeva xatırladıb ki, Qlobal Cənub QHT Platforması məhz COP29-un qalıcı töhfəsidir.
İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov, bildirib ki, Milli QHT Forumu 2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumuna da ciddi hazırlaşır. Forumun təşəbbüsü ilə 2025-ci il martın 12-də “WUF13 QHT Koalisiyası” təsis olunub. Hibrid formatda keçirilən təsis konfransına 18 ölkədən 25 xarici QHT qatılıb. İdarə Heyətinin üzvü Xatirə Vəliyeva söyləyib ki, Forum QHT-lərlə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində də iş aparır, ictimai müzakirələr təşkil edir.
Sonda Milli QHT Forumunun İdarə Heyəti qarşıdakı dövrdə yerli və beynəlxalq miqyasda vətəndaş cəmiyyətinin inkişafına yeni töhfələr veriləcəyini vurğulayıb.
XQ