Geosiyasi reallığın diktəsi və milli diplomatiyanın qələbəsi

post-img

Azərbaycanın Avropa kursunda yeni mərhələ

2025-ci il mayın 16-da Albaniyanın paytaxtı Tiranada keçirilən VI Avropa Siyasi Birliyi Zirvə toplantısı həm beynəlxalq münasibətlər kontekstində, həm də Azərbaycan diplomatiyasının uğurları baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin bu tədbirdə iştirakı təkcə rəsmi Bakının Ümumavropa siyasi platformasında fəal rol oynadığını deyil, həm də Avropa İttifaqı ilə münasibətlərdə yeni, daha dərin və praqmatik mərhələyə qədəm qoyduğunu göstərdi.

Zirvə görüşü çərçivəsində Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen və digərləri ilə keçirdiyi görüşlər Azərbaycanın artan geosiyasi rolunun təsdiqi oldu. Bu görüşlərdə Avropa enerji təhlükəsizliyində Azərbaycanın əvəzsiz rolu, Mərkəzi Asiya ilə Avropanı birləşdirən Orta Dəhliz layihəsindəki aparıcı mövqeyi və regiondakı sabitliyin qorunmasında ölkəmizin töhfəsi xüsusi vurğulandı.

Əgər bir neçə il öncə Avropa İttifaqı ilə münasibətlərdə müəyyən gərginlik müşahidə olunurdusa, bu gün artıq situasiya tamamilə dəyişib. Vaxtilə Avropa Parlamenti və bəzi digər Avropa təsisatları Ermənistanın maraqlarına xidmət edən, qərəzli və əsassız ittihamlarla çıxış edirdilər. Mart ayında qəbul edilən bəzi qətnamələr, xüsusilə də "qeyri-qanuni saxlanılan ermənilər" barədə tələblər, Azərbaycanın suveren hüquqlarına açıq müdaxilə idi. Hətta bəzi dairələr Bakıya qarşı enerji sahəsində sanksiyaların tətbiqini təklif edirdilər. Lakin bu cəhdlər Azərbaycanın prinsipial və ardıcıl mövqeyi qarşısında iflasa uğradı.

Bu kontekstdə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Azərbaycana səfəri xüsusi əhəmiyyət daşıyır. Son doqquz ildə bu səviyyədə ilk rəsmi ziyarət olan bu səfər Aİ-nin Azərbaycana münasibətdə yeni yanaşmalar axtardığını, əlaqələrin yenidən formatlandığını göstərdi. Kaya Kallasın Azərbaycana qarşı yürüdülən anti-təbliğata rəğmən, bu səfəri həyata keçirməsi və ölkəmizi enerji tərəfdaşı kimi dəstəkləməsi Brüsselin dəyişən mövqeyinin göstəricisidir.

Tiranada baş tutan ən diqqətçəkən epizodlardan biri də Prezident İlham Əliyevlə Fransa prezidenti Emmanuel Makron arasında baş tutan qısa, lakin simvolik söhbət oldu. Qeyd edək ki, bu dialoqun təşəbbüskarının məhz Fransa Prezidenti olması Parisin də münasibətlərin soyuq səviyyədən çıxarılmasına və yeni başlanğıca maraqlı olduğunu göstərdi. Bu isə o deməkdir ki, Azərbaycanla hesablaşmaq indi seçim yox, zərurətdir.

Zirvə çərçivəsində imzalanmış və müzakirəyə çıxarılmış sənədlər içərisində Xəzər dənizindən bərpaolunan enerji daşıyıcılarının ötürülməsi, Qazaxıstan və Özbəkistanla bağlanan üçtərəfli razılaşma, Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsi kimi layihələr Avropanın enerji təhlükəsizliyində Azərbaycanın həlledici rolunu bir daha sübut etdi.

Hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir ki, onların 10-u Avropa ölkəsidir, 8-i isə birbaşa Aİ üzvüdür. Bu fakt özü-özlüyündə Azərbaycanın etibarlı enerji tərəfdaşı statusunu təsdiqləyir və uzunmüddətli strateji maraqlar baxımından onun vazkeçilməz mövqeyini ortaya qoyur.

Əlbəttə, Azərbaycanın diplomatik fəaliyyəti yalnız Avropa ilə məhdudlaşmır. Cənubi Qafqazın lider dövləti olan Azərbaycan paralel olaraq Çin, Mərkəzi Asiya və Yaxın Şərq dövlətləri ilə də əlaqələrini uğurla inkişaf etdirir. 2025-ci il aprelin 23-də Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri bu baxımdan xüsusi önəm daşıyır. Çin lideri Si Cinpinlə aparılan yüksək səviyyəli danışıqlar, iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi istiqamətində atılan mühüm addımlar bu səfərin nəticələrində özünü göstərdi.

Mart ayında isə Azərbaycanın D-8 (İnkişafda olan səkkizlər) təşkilatına tamhüquqlu üzv kimi qəbul olunması regional deyil, artıq qlobal güc mərkəzlərindəki mövqeyimizin göstəricisidir. Azərbaycanın bu təşkilata daxil olması, eyni zamanda, İslam dünyasında və inkişaf etməkdə olan ölkələr içərisində nüfuzunun daha da artmasına yol açdı.

Beləliklə, VI Avropa Siyasi Birliyinin Zirvə toplantısı Azərbaycan üçün, sadəcə olaraq, iştirak formatı deyildi. Bu platforma rəsmi Bakının siyasi təsir imkanlarının genişləndiyini, enerji və logistik sahələrdə təşəbbüskar rola sahib olduğunu və həm Şərqlə, həm də Qərblə strateji körpülər qurduğunu sübut etdi.

Bu reallıq bir daha göstərdi ki, Prezident İlham Əliyevin yürütdüyü müstəqil, prinsipial və balanslı xarici siyasət sayəsində Azərbaycan artıq yalnız regional deyil, qlobal güc mərkəzləri ilə eyni masada otura biləcək aktora çevrilib. Və bu dəyişiklik təkcə Azərbaycanın milli maraqlarının müdafiəsi deyil, həm də regionun sabitliyi və beynəlxalq sistemin daha ədalətli qurulması baxımından vacibdir.

Oğuz ARİF

Siyasət