Qarabağ Zəfəri: Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası

post-img

Dünən Naxçıvanda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “8 Noyabr Zəfəri suverenliyimizin qarantıdır” mövzusunda konfrans keçirilib.

Naxçıvan Dövlət Milli Dram Teatrında təşkil edilən məclsdə açılış nitqi ilə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev ulu öndər Heydər Əliyevin 1993-cü ildə başladığı ordu quruculuğu islahatlarını bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirdiyini bildirib, Silahlı Qüvvələrimjizin qazandığı 8 Noyabr zəfərinin tarix önəmini vurğulayıb.

İcra başçısı daha sonra qeyd edib ki, məhz bu tarixi zəfər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etməklə yanaşı, regionda uzunmüddətli sülh və etibarlı təhlükəsizlik üçün geniş perspektivlər açıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük abadlıq-quruculuq işləri apardığına diqqət çəkən icra başçısı, tarixi Zəfərin, bu zəfərin baş memarı Prezident İlham Əliyevin, şəhidlərimizin və qazilərimizin şücaətinin əsrlər sonra da ehtiram hissi ilə xatırlanacağını bildirib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin Cənubi Qafqaz regionunda uzun müddətdir ki, davam edən status-kvonu köklü şəkildə dəyişdirdiyini, yeni reallıqlar yaratdığını bildirib: “8 Noyabr zəfəri Azərbaycan hərb tarixinin ən şanlı səhifəsi, xalqımızın milli qürur günüdür. Məhz bu tarixi gündə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni faşizmi üzərində parlaq qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri yeni tarix yazmış, uzunmüddətli erməni işğalına son qoymuşdur. 8 Noyabr zəfəri uzun fasilədən sonra bizə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyə imkan vermişdir”.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan MR Ali Məclisinin deputatı, Vətən müharibəsi əlili Təbriz Zeynalov, Vətən müharibəsi əlili Mirkənan Kərimov, NDU hüquq fakultəsinin tələbəsi Yusif Mirzəzadə, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Naxçıvan təşkilatının sədri Firudin Süleymanov da çıxış edibərək 8 Noyabr zəfərinin hərbi-siyasi, tarixi-mənəvi önəmindən danışıblar.

Tarixi zəfərin suverenliyimizin qarantı olduğunu vurğulayan konfrans iştirakçıları, dövlətimizin Qarabağda həyata keçirdiyi geniş abadlıq-quruculuq işlərinə də diqqət çəkib, Azərbaycanın qalib lideri Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün müstəvilərdə yeni uğurlara imza atacağına inamlarını ifadə ediblər.

S.HƏSƏNOV
XQ

Siyasət