“Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində yeni mərhələnin başlanğıcı hesab etmək olar. Biz bu səfərdə ərazi bütövlüyümüzü öz gücü, daxili imkanları hesabına həll edən Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi avropalı siyasətçilərin məyusluğunu, peşmanlıqlarını müşahidə etdik. Cənubi Qafqazda Bakının yaratmış olduğu yeni reallıqları qəbul etmək zorunda qalan qoca qitə artıq günü-gündən zəifləyən, böhran içərisində çabalayan Ermənistana görə Azərbaycanla münasibətləri korlamaq niyyətində deyil. Onlar ölkəmizin geoiqtisadi və geosiyasi əhəmiyyətini dərk edir, strateji nüfuzumuzu qəbul edirlər. Bu mənada cənab Prezidentin Albaniya turnesini zəfərə bərabər səfər adlandırmaq daha uyğun və düzgün olardı”.
Bunu saytımıza açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Onun sözlərinə görə, Azərbaycan lideri Qərbin Cənubi Qafqaz siyasətinin yanlışlığını, bölgədə birtərəfli qaydada Ermənistana verilən dəstəyin səmərəsizliyini və rəsmi Bakı ilə əməkdaşlıq etmədən həm enerji təhlükəsizliyi təminatının, həm də Asiya ilə əlverişli kommunikasiya yaratmağın çətinliyini Avropaya sübut etdi. 2022-ci ildə Praqada keçirilən Avropa Siyasi Birliyinin ilk toplantısında iştirak Azərbaycanın suverenlik və ərazi bütövlüyü uğrunda diplomatik mübarizəsində dönüş nöqtəsi oldu. Avropa bu ilin əvvəlindən Azərbaycanla münasibətlərdə yaranan anlaşılmazılığı aradan qaldırmaq üçün addımlar atmağa başlamışdı. Yanvar ayında Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Prezident İlham Əliyevə zəng edərək ikitərəfli münasibətlər, o cümlədən, Aİ və Azərbaycan arasında nəqliyyat, Orta dəhliz marşrutu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunu müzakirə etdi.
Aprel ayında isə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər etdi və Prezident İlham Əliyevlə görüşdü. Ardınca Azərbaycan dövlət başçısının Albaniyanın paytaxtı Tiranada keçirilən “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakı Bakı-Brüssel münasibətlərdəki buzların əriməsində əhəmiyyətli rol oynadı. Azərbaycan liderinin Tiranada yüksək səviyyədə qarşılanması, ikitərəfli görüşlər və kulislərdə avropalı siyasətçilərin onunla təmasa can atması ölkəmizin və onun rəhbərinə olan münasibətin, marağın göstəricisi idi. Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta ilə görüşündə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də iştirak edirdi. Onlar Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bəyan etdilər, Avropanın enerji ehtiyacının ödənilməsindəki rolumuzu yüksək qiymətləndirdilər. Üstəlik Azərbaycanın Avropa ilə Mərkəzi Asiya regionu arasındakı əlaqələrdə və Orta dəhlizdə oynadığı aparıcı rolun əhəmiyyəti vurğulandı. Görüşdə bərpaolunan enerji imkanları da müzakirə olundu. Qeyri-rəsmi görüşlər zamanı – kulisdə Fransa prezidenti Emanuel Makronun Prezident İlham Əliyevə yaxınlaşaraq onunla yüksək ovqatda söhbət etməsi, müzakirə aparması Parisin yanlış Azərbaycan siyasətinə korrektələr etmək istəyi kimi də qəbul edilə bilər. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin ardıcıl, prinsipial, məqsədyönlü xarici siyasətinin nəticəsidir. Milli maraqlarımızı yüksək səviyyədə müdafiə edən dövlət başçısının yüksək siyasi, diplomatik peşəkarlığı sayəsində Qərbin Cənubi Qafqaz siyasəti ciddi şəkildə dəyişdi. Qlobal siyasətin önəmli aktorları olan Fransa, Almaniya kimi ölkələr Avropa İttifaqının əvvəlki rəhbərliyi dövründə buraxılmış səhvləri aradan qaldırmaq istəyirlər”.