Sahibə Qafarova İspaniyada

post-img

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində həmin ölkə Senatının sədri Pedro Rollanla görüşüb.

Görüş zamanı Senat sədri Pedro Rollan ölkələrimiz arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib.

Senatın sədri Azərbaycanın iqtisadi inkişaf göstəricilərini təqdir edərək, ispan şirkətlərinin ölkəmizdə, xüsusilə nəqliyyat sahəsində fəaliyyətini dəstəklədiklərini vurğulayıb. O, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığı da yüksək qiymətləndirdiklərini söyləyib.

Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində Azərbaycanla İspaniya arasında bir sıra sahələrdə əməkdaşlığın uğurlu inkişafını qeyd edib. Milli Məclisin sədri son dövrlərdə siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində ölkəmizə səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü və həmin görüş zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılıqları qeyd edib.

Söhbət zamanı spiker Sahibə Qafarova parlamentlər arasında əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb. Görüşdə, eyni zamanda, parlament komitələri arasında əməkdaşlığın qurulması barədə də fikir mübadiləsi aparılıb.

Görüşdə multikultural dəyərlərə hörmətin Azərbaycanla İspaniyanı birləşdirən xüsusiyyətlərdən biri olduğu da vurğulanıb.

XQ

Son xəbərlər