Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair və maarifçi Seyid Əzim Şirvaninin 190 illik yubileyi münasibətilə onun ədəbi irsinin təbliği məqsədilə Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Kokand Dövlət Universitetində Seyid Əzim Şirvani adına auditoriya yaradılıb.
Auditoriyanın rəsmi açılış mərasimindən sonra çıxış edən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli Azərbaycan ilə Özbəkistan arasında qədim tarixi köklərə əsaslanan mədəni, ədəbi, elmi və iqtisadi əlaqələrin inkişafından danışıb. O, Azərbaycan və Özbəkistan prezidentləri İlham Əliyev və Şavkat Mirziyoyevin uzaqgörən və məqsədyönlü siyasəti, eləcə də aralarında formalaşan səmimi və qarşılıqlı etimada əsaslanan münasibətlərin iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə və bütün sahələr üzrə əməkdaşlığın bu gün ən yüksək səviyyəyə çatmasına mühüm töhfə verdiyini vurğulayıb.
A.Marifli Azərbaycan dövlətinin ədəbi və tarixi irsin qorunması və təbliği istiqamətində həyata keçirdiyi siyasətə toxunub, Prezident İlham Əliyevin Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyi ilə bağlı imzaladığı sərəncamı diqqətə çatdırıb və auditoriyanın yaradılmasının məhz bu yubiley çərçivəsində reallaşdığını bildirərək, bu kimi təşəbbüslərin ortaq mədəni irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Yaradılan auditoriyanın Azərbaycan mədəniyyətini öyrənən mərkəzə çeviriləcəyini, burada tədbirlərin, kitab təqdimatlarının, seminarların, mühazirələrin təşkil ediləcəyini və gələcəkdə burda Azərbaycan dili və ədəbiyyatının tədris olunacağını bildirib.
Kokand Dövlət Universitetinin birinci prorektoru Noqara Qadirova Azərbaycanın görkəmli şairi, maarifçi mütəfəkkiri Seyid Əzim Şirvani adına xüsusi auditoriyanın açılış təşəbbüsünü Özbəkistan və Azərbaycan arasındakı möhkəm dostluq, mədəni-maarif əlaqələrinin praktik təzahürü kimi qiymətləndirib, belə bir mərkəzin onların universitetində yaradılmasını iki xalq arasındakı tarixi və mənəvi bağların aktuallığı, xüsusilə gənc nəslin qarşılıqlı elmi mübadilə çərçivəsində təlim-tərbiyəsində xüsusi rol oynayacağını vurğulayaraq buranın həmçinin elmi-praktik dərslərin və mənəvi-maarif tədbirlərinin keçiriləcəyi mühüm bir məkan kimi fəaliyyət göstərəcəyini də qeyd edib.
Qeyd edək ki, Mədəniyyət Mərkəzi tərəfindən yaradıan auditoriyada Azərbaycanın dövlətçilik atributları, milli mədəniyyətimizi əks etdirən suvenirlər, kiçik maketlər, tikmə və toxuculuq işləri yerləşdirilib, ölkəmizin mədəniyyəti, ədəbiyyatı, dili, tarixi, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Prezidenti İlham Əliyevin, “Heydər Əliyev Fondu”nun rəhbəri Mehriban xanım Əliyevanın həyatı, mədəni, siyasi fəaliyyətini əks etdirən nəşrlərdən ibarət kitabxana da yaradılıb. Auditoriyada Seyid Əzim Şirvaninin həyatı və yaradıcılığına dair materiallar, elmi mənbələr, fotoşəkillər və şairin yaradıcılığından nümunələr yer alıb.
Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd