Fevralın 28-də xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.
Telefon danışığı zamanı Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.
***
Fevralın 28-də nazir Ceyhun Bayramovun Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.
Azərbaycan XİN-dən verilən məlumata görə, nazirlər iki dost və qardaş ölkə arasında mövcud olan strateji əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirərək, bir çox istiqamətdə əməkdaşlığın daha da dərinləşməsinin zəruriliyini vurğulayıblar.
Bununla yanaşı, iki ölkə liderləri arasında yüksəksəviyyəli təmaslar, habelə Pakistan Baş nazirinin ölkəmizə sonuncu səfəri zamanı əldə olunmuş razılıqların icrası məsələləri, o cümlədən gələcək planlar müzakirə edilib.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.