COP29 çərçivəsində “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusu müzakirə olunub

post-img

COP29 çərçivəsində Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma Günü çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) təşkilatçılığı ilə “Rəqəmsal yaşıl üfüqlər: hökumət və texnoloji həllərin dayanıqlı gələcək üçün inteqrasiyası” mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İRİA-nın sədri İnarə Vəliyeva rəqəmsallaşmanın və innovasiyaların dayanıqlı tətbiqi ilə qurumun son iki ildə ətraf mühitin qorunmasına müsbət töhfə verən rəqəmsal məhsullar ərsəyə gətirdiyini bildirib.

Sonra İRİA sədrinin müşaviri Şahin Əliyev Azərbaycanın rəqəmsal inkişaf strategiyasının vektorları, əldə edilən nailiyyətlər və yaxın perspektiv üçün qarşıda duran məqsədlərdən danışıb. O, rəqəmsallaşmada əməkdaşlığın önəmini vurğulayaraq, bu prosesin böyük miqyasda reallaşması üçün digər dövlət qurumları ilə intensiv koordinasiyanın vacibliyini diqqətə çatdırıb.

“Kağızsız Hökumət”in iqlim fəaliyyəti kontekstində əhəmiyyətinə toxunan Agentlik rəsmisi növbəti 3 ildə qurumlararası əməliyyatların 80 faizinin rəqəmsal mühitə keçidi istiqamətində böyük işlərin görüldüyünü tədbir iştirakçılarının diqqətinə çatdırıb. “Növbəti 3 ildə ‘mygov’ üzərindən 10 həyat hadisəsinin aktiv edilməsi, ölkə üzrə ‘digital.login’dən istifadənin, habelə hökumət xidmətləri üçün ödənişlərin 100%-ə çatdırılması hədəflənir ”, - deyə Şahin Əliyev qeyd edib.

İRİA-nın sədrinin müşaviri Rəşad Xalıqov isə Azərbaycanın rəqəmsal hökumət məhsullarının ətraflı təqdimatı ilə çıxış edib. O, təqdimatında bu rəqəmsal həllərin xüsusilə ətraf mühitin qorunmasına verdiyi töhfələrə diqqət çəkib. Bildirib ki, “digital.bridge” Milli Məlumat Mübadilə sistemi kağız istifadəsini azaldır, effektivliyi artırır və rəqəmsal dövlət xidmətlərini daha da əlçatan edir. O, həmçinin Rəqəmsal Sənəd Dövriyyəsi ilə ildə 2000, “digital.bridge” sayəsində isə ildə 10 min ağacın qorunduğunu qeyd edib. “mygov” haqqında da danışan R. Xalıqov bu platformanın vətəndaşmərkəzli rəqəmsal xidmət olduğunu vurğulayıb.

Tədbirin interaktiv hissəsində İRİA sədrinin müşaviri Salar İmaməliyevin moderatorluğu ilə İsrail Aerokosmik Sənayesi təşkilatının regional direktoru, marketinq və biznesin inkişafı üzrə menecer Dani Paslevin iştirak etdiyi panel sessiyası baş tutub. Müzakirələr zamanı İsrailin qabaqcıl kosmik texnologiyasının Azərbaycanda iqlim fəaliyyəti, şəhər planlaması, təbii fəlakətlərin fəsadlarının görüntülənməsində tətbiqi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər