Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında “Zəfər Günü - milli qürur və şərəf tariximiz” mövzusunda elmi-praktik konfrans keçirilib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, konfransda “Azərbaycan Hakimlər İttifaqı” İctimai Birliyinin, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunun, bir sıra dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri, kursant və tələbələri iştirak ediblər.
Rusiyanın bir sıra xüsusi təyinatlı ali təhsil müəssisələrində və Türkiyə Milli Polis Akademiyasında təhsil alan azərbaycanlı kursantları və respublikanın bir neçə ali təhsil müəssisələrinin müəllimləri və tələbələri onlayn formatda konfransa qoşulublar.
Konfrans iştirakçıları Akademiyada Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyub, Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov çıxış edərək konfransın məqsədi barədə fikirlərini bildirib, dövlətimizin gələcək inkişafında müstəsna rol oynayan Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini nəzərə çatdırıb.
Kursantların iştirakı ilə “Zəfər Günü”nə həsr olunmuş yürüş keçirilib. Yürüş zamanı “Şanlı zəfərimiz əbədidir” fləşmobu nümayiş olunub.