Azərbaycan modelyerləri “Moda Birliyi” III Beynəlxalq Forumunda iştirak edəcəklər

post-img

Noyabrın 19-20-də Sankt-Peterburqdakı Tavriya sarayında “Moda Birliyi” üçüncü beynəlxalq forumu keçiriləcək.

Forumun məqsədləri postsovet məkanının zəngin mədəni irsi haqqında biliklərin yayılması, mədəniyyətlərarası əlaqələrin və iqtisadi qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, yüngül sənayenin inkişafı yolunda mövcud inzibati maneələrin aradan qaldırılması ilə bağlı problemlərin həllindən ibarətdir.

Tədbirdə MDB ölkələrinin sənaye müəssisələrinin və moda biznesinin, peşəkar assosiasiya və birliklərin, aidiyyəti nazirlik və idarələrin, təhsil müəssisələrinin nümayəndələri bir araya gələcək.

Bu il tədbir iştirakçılarını geniş proqram gözləyir: ənənəvi treklərə - iqtisadiyyat, istehsal, yaradıcı sənaye, kadrlar, mədəni ənənələr - yeniləri əlavə olunacaq: gözəllik və sağlamlıq, moda turizmi. Forum çərçivəsində xüsusi elan edilmiş müsabiqənin qalibi də daxil olmaqla MDB ölkələrinin görkəmli və gənc dizaynerlərinin kolleksiyalarının təqdim olunacağı moda nümayişləri keçiriləcək.

Foruma hazırlıq çərçivəsində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın dövlət orqanlarının, uyğun assosiasiyaların, istehsal sektorunun, elmi və biznes icmalarının nümayəndələrinin daxil olduğu işçi qrup yaradılıb.

Noyabrın 10-da Tavriya sarayının Yekaterina zalında Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistan dizaynerlərinin kolleksiyalarından ibarət böyük nümayiş keçiriləcək. Azərbaycandan məşhur modelyerlər Anara Zakirli, Natavan Əliyeva, həmçinin Yelena Poqirnitskaya (Belarus), Kayrolla Abişev (Qazaxıstan), Aysalkın Ismailova (Qırğızıstan), Liliya Kiselenko (Rusiya), Vays Asoyev və Laylo Habibi (Tacikistan), Selbi Sultanova (Türkmənistan), Dilrabo Mamarahimova, İrina Şaripova və Şoyista Babamirzayeva (Özbəkistan) öz kolleksiyalarını təqdim edəcəklər. Eyni zamanda, Azərbaycandan olan istedadlı modelyer Zümrüd Mirzəliyeva builki moda forumunda öz kolleksiyasını nümayiş etdirəcək.

Tədbir MDB Parlamentlərarası Assambleyası (PA) tərəfindən Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, Sənaye və Ticarət Nazirliyi, Təbii Sərvətlər və Ekologiya Nazirliyi, eləcə də Avrasiya Qadınlar Forumunun dəstəyi ilə keçirilir.

Qeyd edək ki, tədbir ilk dəfə 2022-ci ilin oktyabrında bütün Birlik ölkələrinin nümayəndələrinin iştirakı ilə keçirilib. Forumun yekunlarına əsasən, MDB PA Şurasının 2022-ci il oktyabrın 27-də Səmərqənddə keçirilən iclasında Birlik dövlətlərinin parlament rəhbərləri “Moda Birliyi” beynəlxalq forumunun formatının yüngül sənaye sahəsində təcrübə, rəy və ekspert məlumatlarının mübadiləsi üçün daimi illik platformaya çevrilməsi barədə yekdil qərar qəbul ediblər.



Mədəniyyət