Milli Məclisin plenar iclası

post-img

Dünən Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib.

İclasda Sahibə Qafarova Milli Məclisin deputatlarının ölkəmizin xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, ABŞ Konqresinin bir qrup üzvünün həmin ölkənin Dövlət katibinə məlum məktubu ilə əlaqədar narahatlıqlarını bildirdiklərini deyib. O xüsusilə vurğulayıb ki, Azərbaycan hər zaman beynəlxalq münasibətlər sisteminin məsuliyyətli üzvü, etibarlı tərəfdaş kimi çıxış edib.

Sonra iclasda cari məsələlər müzakirə olunub.

Milli Məclisin sədri iclasın gündəliyində 28 məsələnin olduğunu deyib. O qeyd edib ki, ilk 7 məsələ ölkə Prezidentinin təqdimatları əsasında bir sıra məhkəmələrin hakimlərinin təyin və vəzifədən azad edilməsi ilə bağlı qərar layihələridir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli hakimlərin təyin və vəzifədən azad edilməsi haqqında məsələlər barədə məlumat verib. Milli Məclisin qərar layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Sonra parlamentin sədri bildirib ki, gündəliyin 8-ci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə Konstitusiya Qanunudur. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu məsələ barədə məlumat verib. Layihə II səsvermədə qəbul edilib.

S.Qafarova növbəti 8 məsələnin beynəlxalq sənədlərin təsdiqi ilə əlaqədar qanun layihələri olduğunu söyləyib. Qeyd edib ki, beynəlxalq müqavilələrlə bağlı olduğuna görə bu qanun layihələri “Normativ hüquq aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcək. O, gündəliyin 9-cu məsələsinin “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının iyirmi doqquzuncu sessiyası, Kioto Protokolunun Tərəflər Görüşünün on doqquzuncu sessiyası, Paris Sazişinin Tərəflər Görüşünün altıncı sessiyası və Köməkçi Orqanların sessiyaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu deyib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu qanun layihəsini təqdim edib. Komitə sədri qeyd edib ki, COP29 Azərbaycan üçün iqtisadi, diplomatik və ekoloji sahələrdə yeni imkanlar yaradacaq və ölkəmizin nüfuzunu daha da artıracaq. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sazişin əhəmiyyəti barədə öz fikirlərini açıqlayıb və rəhbərlik etdiyi komitənin sənədlə bağlı müsbət rəy verdiyini söyləyib. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Milli Məclisin sədri gündəliyin növbəti 2 məsələsinin Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu və hər 2 qanun layihəsinin Azərbaycan və Belarus hökumətləri arasında kənd təsərrüfatının müxtəlif sektorlarında iş birliyi haqqında protokolların təsdiq edilməsi ilə bağlı olduğunu deyib.

Qeyd edilib ki, hazırkı protokollar bu sahələrdə əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məqsədilə sazişlərə müəyyən dəyişikliklərin edilməsini nəzərdə tutur. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikası Hökuməti tərəfindən Qida Təhlükəsizliyi Agentliyi səlahiyyətli orqan qismində təyin olunur. Sazişlərə bəzi anlayışların əlavə edilməsi də nəzərdə tutulur. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

“Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında readmissiya haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi təqdim edilib. Diqqətə çatdırılıb ki, saziş 2024-cü il mayın 24-də Bakı şəhərində imzalanıb, 24 maddə və 7 əlavədən ibarətdir. Saziş bir ölkədə qanuni yaşamaq icazəsi olmayan şəxslərin digər ölkəyə geri qaytarılması prosedurlarını ehtiva edir. Bu cür sazişlər adətən, bir ölkədə qanunsuz yaşayan insanların öz vətənlərinə və ya yaşadıqları ölkəyə qaytarılmasını təmin etmək məqsədilə imzalanır. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

S.Qafarova növbəti 3 məsələnin Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, Azərbaycan və Pakistan hökumətləri arasında müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin tənzimlənməsi ilə bağlı olduğunu söyləyib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu qanun layihələrinin mahiyyəti barədə məlumat verib. Hər 3 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

Digər qanun layihələri də növbə ilə müzakirəyə çıxarılaraq qəbul edilib.

XQ

Son xəbərlər