Xarici sərmayəçilərə Qarabağ güzəştləri

post-img

Körfəz ölkələrinin şirkətləri bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərməyə üstünlük verir, bu ərazilərdə genişmiqyaslı layihələr gerçəkləşdirirlər. İqtisadiyyat nazirinin müavini Anar Axundovun sözlərinə görə, işğaldan azad edilən ərazilərin bərpasına özəl sərmayələrin cəlb edilməsi prioritet olduğu üçün bu coğrafiyada investorlar üçün əlverişli şərait yaradılıb.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının investisiya cəlbediciliyini artırmaq məqsədilə 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilər üzrə güzəştlər təqdim edilib: “Azərbaycanda formalaşan əlverişli biznes mühiti və xarici investorlar üçün yaradılan cəlbedici imkanlar, habelə tətbiq edilən vergi və gömrük güzəştləri xarici sərmayədarların ölkəmizə marağını davamlı olaraq artırır. Bərpaolunan enerji, sənaye, kənd təsərrüfatı, turizm, nəqliyyat və logistika, rəqəmsallaşma kimi bir çox sahələrdə xarici investorlarla uğurlu birgə layihələr həyata keçirilir”.

Nazir müavini əlavə edib ki, ölkəmizin artan nəqliyyat–tranzit imkanları və bu sahədə həyata keçirilən regional və beynəlxalq layihələr, xüsusilə Orta Dəhlizin inkişafı ilə əlaqədar təklif olunan əməkdaşlıq potensialı, Bakı Dəniz Ticarət Limanı, eləcə də Bakı–Tbilisi–Qars dəmir yolu kimi layihələr yeni perspektivlər yaradır. 2022–2026-cı illər üzrə sosial–iqtisadi inkişaf strategiyasında Azərbaycanın regional tranzit habına çevrilməsi, həmçinin yükdaşıma və logistika əməliyyatlarının genişləndirilməsi əsas hədəflərdən biridir ki, bu da əməkdaşlıq imkanlarını daha da genişləndirəcək.

A.Axundov əlavə edib ki, Ələt Azad İqtisadi Zonasının genişləndirilməsi üçün bu layihədə investorların iştirakına xüsusi önəm verilir. Bu məqsədlə yüksək əlavə dəyər yaradan, ixracyönümlü məhsul və xidmətlərin istehsalını artırmağa və Azərbaycanın tranzit potensialını genişləndirməyə yönələn addımlar atılır. Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanda 240 meqavat elektrik enerjisi istehsal gücünə malik külək elektrik stansiyasının yaradılmasına 290 milyon dollar sərmayə qoyub, həmin enerji infrastrukturunun 2025-ci ildə istismara verilməsi planlaşdırılıb. Birləşmiş Ərəb Əmirliklərinə məxsus Masdar” şirkətinin isə 262 milyon dollarlıq sərmayəsi ilə tikilən və ölkəmizdə regionun ən böyük günəş elektrik stansiyası olan 230 meqavatlıq Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib.

A.Axundov sonda bildirib ki, Azərbaycan hazırda quruda külək enerjisi layihələrini reallaşdırır və bu ilin yanvar ayında Prezident İlham Əliyev ilə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında keçirilən görüş çərçivəsində “yaşıl” enerjinin ixracına imkan verən strateji əməkdaşlıq üzrə Çərçivə Müqaviləsinin imzalanması, habelə quruda günəş və külək layihələrinin icrası üçün razılaşma əldə olunması məhz bunun parlaq ifadəsidir. Bu sazişlər və layihələr ölkəmizin bərpaolunan enerji potensialından səmərəli istifadəsinə xidmət edir və qurulan tərəfdaşlıqların dayanıqlıq və ekoloji cəhətdən məsuliyyətli təcrübələrə uyğun olduğunu əks etdirir.

Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin sentyabrın 23-də keçirilən ilk iclasında Prezident İlham Əliyev çıxış edərək Qarabağ və Şərqi Zəngəzurun bərpasının prioritet istiqamət olduğunu, beləliklə, respublikamızın genişmiqyaslı quruculuq, inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.

Dövlətimizin başçısı sözügedən nitqində vurğulayıb ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası bizim hər birimizin önəmli vəzifəsidir. İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra bu istiqamətdə genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə başlanılması, bununla bağlı qısa bir zaman ərzində möhtəşəm nəticələr əldə olunması bunun parlaq ifadəsidir.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu ilin sonuna qədər xərclənməyə nəzərdə tutulan vəsait 19 milyard manat təşkil edib. Onun əksər hissəsi infrastruktur layihələrinə xərclənib. Keçmiş məcburi köçkünlərin məskunlaşdırılması istiqamətində genişmiqyaslı layihələrin gerçəkləşdirilməsi nəticəsində 8 mindən çox insan Qarabağ və Şərqi Zəngəzura, dogma yurd yerlərinə qovuşub.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələri sürətlə həyata keçirilib, 3 min kilometr avtomobil yolu inşa edilib. Ümumi layihələr sırasında 70 kilometr uzunluğunda 45 tunel və 450 körpünün çətin relyef şəraitində inşası nəzərdə tutulub. Dəmir yolları, 2 beynəlxalq hava limanı istifadəyə verilib. Enerji potensialının gücləndirilməsi diqqətdə saxlanılıb və 3 il ərzində 270 meqavat gücündə su elektrik stansiyaları işə salınıb.

İşğaldan azad edilən ərazilərdə yaşayış sahələrinin salınması sürətlə həyata keçirilir, məktəblər, xəstəxanalar, sosial obyektlər tikilir və bütün bu tikinti-quruculuq işləri keçmiş məcburi köçkünlərin ləyaqətli şəkildə məskunlaşdırılmasına xidmət edir.

Bir sözlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi üçün genişmiqyaslı işlər aparılır. Prezident İlham Əliyevin çıxışlarının birində bununla bağlı söylədiyi fikir diiqqət çəkir: “Bilmirəm, tarixdə buna oxşar bərpa işləri hansısa ölkədə aparılmışdır, ya yox. Ancaq bu fakt bir də onu göstərir ki, bu, bizim üçün həmişə ən vacib məsələ olub, –həm işğal dövründə məcburi köçkünlər üçün yeni qəsəbələr salınırdı və xüsusilə indiki şəraitdə”.

Dövlətimizin başçısı sentyabrın 26-da iqtisadi məsələlərə həsr olunmuş müşavirədəki çıxışında da son illər ərzində Bakı və Sumqayıt şəhərlərində olduğu kimi, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında da yeni sənaye parklarının yaradıldığını diqqətə çatdırıb.

Ölkə rəhbəri və birinci xanım Mehriban Əliyevanın oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirakları zamanı bunun bir daha şahidi olduq. İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verərək qeyd etdi ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektoru, xüsusilə də qeyri-neft sənayesidir. Bu sahənin sürətli inkişafı yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin – sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsində özünü qabarıq büruzə verir.

Bildirildi ki, işğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investorların marağını artırır.

Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.

Yeri gəlmişkən, “Araz Vadisi İqtisadi Zonası”nda, eləcə də digər sənaye parklarında sahibkarlığın inkişafına əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlərin tətbiqinə başlanılıb. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla – qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.

Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahıya əsasən) aiddir.

Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 73 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 6,8 milyard manat investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 1 milyard manata yaxın investisiyanın yatırılması, 7100-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.

 

İqtisadiyyat