Oktyabrın 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun geniş kollegiya iclası keçirilib.
Geniş kollegiya iclasında Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 106 illiyi münasibətilə bir qrup prokurorluq işçisinin Prezident İlham Əliyev tərəfindən yüksək dövlət mükafatlarına layiq görülməsi ilə əlaqədar prokurorluq işçiləri adından ölkə rəhbərliyinə təşəkkür və dərin minnətdarlıq bildirilib.
Baş prokuror tərəfindən Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət sayəsində ölkəmizin beynəlxalq əlaqələrinin daim inkişaf etməsi, ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artması, bir sıra regional, eləcə də beynəlxalq tədbirlərə evsahibliyi etməsi qeyd edilib və bu tədbirlər çərçivəsində ölkəmiz və prokurorluq üçün müstəsna əhəmiyyət kəsb edən, 170-dən çox dövlətin üzv olduğu Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin 58-ci iclasının, 29-cu İllik Konfransının və Ümumi Yığıncağının cari il sentyabrın 27-dən oktyabrın 2-dək paytaxt Bakı şəhərində yüksək peşəkarlıq və təşkilatçılıqla keçirildiyi iştirakçıların diqqətinə çatdırılıb.
Eyni zamanda çıxışda qeyd olunub ki, bu ilin noyabr ayında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) çərçivəsində Baş Prokurorluğun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi (UNODC) ilə birgə noyabr ayının 15-də “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” mövzusunda plenar iclasın keçirilməsi nəzərdə tutulub.
Bundan əlavə, qeyd edilib ki, cari ilin dekabr ayında Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə təşkilatçılığı və Türk Ədliyyə Təlim Şəbəkəsinə daxil olan ölkələrin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində beynəlxalq konfrans keçiriləcək.
Tədbir zamanı Baş prokuror K.Əliyev tərəfindən peşə bayramı münasibətilə müvafiq əmrlə təltif edilən bir qrup prokurorluq əməkdaşına mükafatlar təqdim edilib.
Bundan başqa, cari ildə prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilən 26-cı müsabiqənin gedişatı barədə məlumat verilərək, prokurorluğun fəaliyyəti ilə əlaqədar bir sıra kadr məsələləri üzrə qərarlar qəbul edilib.
XQ