Xarici İşlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının (UNAOC) ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşüb.
Görüşdə Azərbaycanın UNAOC ilə uğurlu və məhsuldar əməkdaşlıq etdiyi diqqətə çatdırılıb, əməkdaşlıq dinamikamızın inkişafında şəxsən töhfə vermiş ali nümayəndənin fəaliyyəti xüsusilə qeyd edilib. Ölkəmizin sivilizasiyalararası dialoqda oynadığı rolundan bəhs olunub, bu istiqamətdə həyata keçirilən birgə layihələrin əhəmiyyətindən danışılıb. Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, habelə Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh prosesi barədə qarşı tərəf ətraflı məlumatlandırılıb.
İşğal dövrünün ağır humanitar nəticələrinə baxmayaraq, münaqişəyə son qoyulmasından dərhal sonra Azərbaycanın sülh gündəliyi təşəbbüsü ilə çıxış etdiyi və normallaşma prosesinin irəlilədilməsində ən aktiv tərəf olduğu diqqətə çatdırılıb. Sülh müqaviləsinin imzalanmasına maneə törədən bir sıra məsələlərin mövcud olduğu da diqqətə çatdırılıb.
***
Həmin gün Ceyhun Bayramov Polşanın Xarici İşlər naziri Radoslav Şikorski ilə də görüşüb.
Azərbaycanla Polşa arasında siyasi, iqtisadi, alternativ enerji, humanitar və digər sahələrdə münasibətlərin geniş perspektivə malik olduğu, əlaqələrin inkişafında siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti qeyd olunub.
Nazir bu il ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni tərəfdaşlıq sahələri üçün əlverişli imkanlar yaratdığını və bu çərçivədə Azərbaycanın Polşa ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Ceyhun Bayramov qarşı tərəfi Azərbaycan–Ermənistan normallaşma prosesi barədə ətraflı məlumatlandırıb. Sülh sazişinin uğurla tamamlanması üçün Ermənistan Konstitusiyasında müvafiq dəyişikliklər edilməsinin zəruriliyi vurğulanıb.
***
Dünən Ceyhun Bayramov Anqolanın Xarici İşlər naziri Tete Antonio ilə də görüşüb.
Ceyhun Bayramov Afrika ölkələri ilə əməkdaşlığın ölkəmizin xarici siyasətinin tərkib hissəsi olduğunu qeyd edərək, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə bir çox Afrika ölkəsi, o cümlədən, Anqola ilə əməkdaşlıq imkanlarının yarandığını diqqətə çatdırıb.
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
***
Xarici İşlər naziri Ceyhun Bayramov həftə çərçivəsində Latviyanın Xarici İşlər naziri Baiba Braje ilə də görüşüb.
Tərəflər mövcud siyasi, iqtisadi, regional təhlükəsizlik, parlamentlərarası əlaqələr və humanitar sahələrdə əməkdaşlıq məsələlərini, ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi çərçivəsində hazırlıq işləri, regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər. Ölkəmizin COP29 Sədrliyi prosesini inklüzivlik əsasında qurduğu və bu xüsusda bütün maraqlı tərəfləri prosesə cəlb etmək niyyətində olduğu diqqətə çatdırılıb.
İki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərinin siyasi, iqtisadi, ticarət, humanitar və sair aspektlər üzrə inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın bu dinamikada digər istiqamətlər, o cümlədən, infrastruktur, nəqliyyat və enerji təhlükəsizliyi üzrə davam və inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
XQ