Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi

post-img

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi  (MƏAK İB) “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” layihəsini  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirmişdir. 

Bu layihənin yekunu olaraq hazırlanan hesabat hesabat çox saylı çöl tədqiqatlarına, müsahibələrə, sənədlərin və KİV məlumatlarının təhlilinə əsaslanır. Hesabat 16 bölmədən ibarətdir və 22 səhifədir. Hesabatın sonunda hökümətə, Media və Vətəndaş Cəmiyyətinə, beynəlxalq səviyyədə işin aparılması üçün təklif və tövsiyələr verilib.  

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hesabatın məzmununa və istifadə olunan terminologiyaya görə məsuliyyət daşımır.

Azərbaycan bu gün dünyada minalar və müharibənin partlayıcı qalıqları ilə əraziləri ən çox çirklənmiş ölkələrdən biridir, Ermənistanın Azərbaycana ərazi iddiası nəticəsində 1988-2023 illərdə Ermənistanla olan münaqişə səbəbindən və keçmiş SSRİ-nin Azərbaycanda olmuş hərbi hissələrinin və anbarlarının arzu olunmaz mirası ilə üz-üzədir.

Bu hesabat MƏAK İB tərəfindən hazırlanmışdır. Ölkədə mina və partlamamış hərbi sursat (PHS) problemləri ilə bağlı uzun müddət fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatı olaraq bu problemin miqyasını və son üç onillikdə əsasən mülki əhalinin ağır itkilərə məruz qaldığını vurğulayır. Hesabat MƏAK İB üzvləri tərəfindən aparılan çöl tədqiqatlarına, həmçinin müsahibələrə, sənədlərin və media materiallarının təhlilinə əsaslanır, problemin miqyası və onun həlli üçün görülən işlər bu hesabatda əks olunur.

Azərbaycan İkinci Qarabağ Müharibəsi nəticəsində öz ərazilərini işğaldan azad etdikdən  sonra problemin nə qədər böyük olduğu bir daha aydın oldu. Ermənistanla olan münaqişə səbəbindən didərgin düşmüş yüz minlərlə azərbaycanlı üçün 2020-ci ildəki müharibənin nəticəsi geri qayıdış perspektivini açdı. Lakin çox qısa zamanda məlum oldu ki, bu prosesə böyük maneə var: bu məcburi köçkünlərin geri qayıtmalı olduğu ərazilərin həddindən artıq minalanması və PHS problemidir. Məcburi köçkünlərin münaqişə başa çatdıqdan sonra layiqli şəraitdə öz evlərinə qayıtmaq hüququ beynəlxalq humanitar hüquqda da öz əksini tapmışdır. 

Hesabat Azərbaycan Respublikasının işğaldan azad olunmuş bütün ərazilərində (Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Şuşa, Xocavənd, Xocalı, Əsgəran, Ağdam, Kəlbəcər, Ağdərə, Xankəndi), 27 sentyabr 2020-ci il tarixədək cəbhə xətti hesab olunan ərazilərdə yerləşmiş Ağdam, Tərtər, Goranboy və Füzuli rayonlarının, 2023-cü ildə həyata keçirilmiş bir günlük anti-terror əməliyyatları zamanı azad edilmiş Ağdərə, Xocavənd, Xocalı, Əsgəran rayonlarının və Xankəndi şəhərinin, Ermənistan Respublikası ilə şərti dövlət sərhəddində yerləşən Qazax, Tovuz və Gədəbəy rayonlarının ərazilərində araşdırmaya əsaslanır. Bu şəhər və kəndlərə əhalinin geri qayıdışı və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri mina təmizləmə aparıldıqdan sonra “Böyük Qayıdış” prosesinin daha geniş miqyasda necə baş verə biləcəyinin mənzərəsini təqdim edir. Hesabatda çox saylı mina və PHS qurbanları ilə görüşlərin nəticəsi vurğulanır, minaların və PHS qurbanlara təsirinin ciddi narahatlıqlar yaratdığı əks olunur. 

Bu hesabatın məqsədi beynəlxalq ictimaiyyətdə qərar qəbul edən və rəy formalaşdıran şəxslərə Azərbaycanda minalar və PHS problemi haqqında qısa, lakin dəqiq vəziyyəti təqdim etməkdir. MƏAK İB öz hesabatında Azərbaycan hökumətinə, Azərbaycanın media və vətəndaş cəmiyyətinə və eyni zamanda beynəlxalq ictimaiyyətə konkret tövsiyə və təkliflərini ünvanlayır. Hesabatda Azərbaycan hökuməti yeni reallıqları nəzərə alaraq Minaların Qadağası Olunması Müqaviləsinə (Ottava Konvensiyası) qoşulmaq məsələsinə yenidən baxmağa çağırılır. Hesabat mülki əhalini, xüsusilə də öz doğma evlərinə qayıtmağı planlaşdıran məcburi köçkünləri mina riski haqqında daha geniş məlumatlı olmağa və mina qurbanlarının ehtiyaclarının öyrənilməsinə və bu ehtiyacların təmin edilməsinə çağırır. Hesabat eyni zamanda Azərbaycanın öz torpaqlarını minalardan və PHS-dən təmizləmək səylərinə çox böyük beynəlxalq dəstək tələb edir. 

İşğaldan azad edilmiş ərazilərdə  mina və PHS problemi

Azərbaycan dünyada minalardan və PHS-dən zərər çəkmiş, müharibənin mirası ilə təqib olunan ölkələr sırasındadır. Bütün hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələrdəndir. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının (ICBL-CMC) Landmine Monitor Report 2020 layihəsinin məlumatına əsasən Azərbaycan minalanma sayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır. 

“Qlobal miqyasda Azərbaycan minalanmış ərazilərinə görə ön sıradadır. Bu, məcburi köçkünlərin ərazilərinə qayıtmasına da problem yaradır. Ermənistanın basdırdığı saysız minalar 800 min məcburi köçkünün ərazisinə qayıtması və humanitar fəaliyyət baxımında böyük problemdir”. 

İlk atəşkəsdən sonra (12 may 1994-cü il) Azərbaycan Ordusunun Mühəndis Qoşunları Füzuli rayonunun işğaldan azad edilmiş 22 kəndinin ərazisində minalardan təmizləmə əməliyyatlarına başladı, 15 mina sahəsindən 19 minə yaxın tank əleyhinə mina və 22 minə yaxın piyada əleyhinə mina zərərsizləşdirdi. 

Vətən müharibəsindən sonra məlum oldu ki, Azərbaycanın 12 faizdən artıq ərazisi minalarla çirkləndirilib. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sır8asındadır.  İşğaldan azad edilmiş 1 166 702 ha ərazidə minaların olması güman edilir, bunun da 211 800 ha yüksək və 954 902 ha orta və aşağı çirklənmə səviyyəsindədir. “Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri ilkin məlumatlara görə azad edilmiş ərazinin təxminən beşdə biri yüksək dərəcədə çirklənmiş və təxminən üçdə ikisi humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir.” 

Aparılan tədqiqat zamanı keçmiş təmas xəttinin və onun ətrafında yerləşən bağların, meşələrin, üzüm bağlarının, dağıdılmış yaşayış məntəqələrinin, çay sahillərinin minalarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Minalara həmçinin kənd təsərrüfatına yararlı torpaqlarda və ətraflarında, otlaqlarda, yollarda, körpülərdə, məktəblərdə, su mənbələrində (kəhrizlərdə) rast gəlinir. Ağdam rayonunun Yusifcanlı və Qarağacı, Cəbrayıl rayonunun Cocuq Mərcanlı və Qaracalılar, Laçın rayonunun Suarası, Füzuli rayonunun Qorqan və Qarakollu kəndlərində yerləşən qəbiristanlıqların minalı olması ilə bağlı dəqiq məlumatlar var. Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub. 

“Füzuli rayonunun Qarğabazar kəndi ərazisində Şah Abbas karvansarayı, Merdinli kəndində Pirlər türbəsi, Qorqan kəndi ərazisində İbə piri (ziyarətgah), Ağdam rayonunda Cümə məscidi, Tərtər rayonundakı alban kilsələrinin ətrafında müxtəlif sayda partlayıcı sursatlar aşkar edilərək zərərsizləşdirilmişdir.

İşğaldan azad olunmuş ərazilərdə 300-dən yuxarı yeraltı su kəhrizləri mina və sursatlarla çirkləndirilmişdir. Köndələnçay, Tərtər, Xaçın, Qarqar və Həkəri çayları minalarla çirkləndirilmiş, kanallar dağıdılmış və minalanmışdır.” 

Beynəlxalq aktorların ciddi təzyiqindən sonra Ermənistan mina xəritələrini 3 mərhələdə Azərbaycana təhvil verib. Birinci mərhələdə Ağdam rayonunda 97 000 minanın olduğu xəritə, ikinci mərhələdə Füzuli və Zəngilan rayonlarında 92 000 minanın olduğu xəritə təhvil verilib, son mərhələdə isə işğaldan azad edilmiş digər rayonların xəritələri təhvil verilib. Ermənistan tərəfdən verilmiş xəritələrə əsasən keçmiş təmas xəttində 390 709 ədəd minanın olduğu bilinir. Müvafiq ixtisaslı mütəxəssislər tərəfindən təqdim olunmuş xəritələrin yerində yoxlanılması aparılıb və məlum olub ki, “Ermənistan tərəfindən təqdim olunan mina xəritələrinin dəqiqliyi 25 faizə yaxındır” və "Ermənistanın təqdim etdiyi mina sahələrinin formulyarlarının səmərəliliyi cəmi 2% olub".  Mina təmizləyənlərlə söhbətdə bildirilib ki, bəzən 1 m2 sahədə altı piyada əleyhinə minaya rast gəlinir. MƏAK İB-nin araşdırması nəticəsində məlum olub ki, Xocavənd, Tərtər və Goranboy rayonlarından keçən keçmiş təmas xəttinin  xəritəsi ümumiyyətlə təqdim edilməyib. 25 Yanvar 2024-cü il tarixdə Ermənistan mətbuatı bildirdi ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti yaxın günlərdə Azərbaycana səkkiz yeni mina xəritəsini təhvil verəcək. Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Ermənistan işğaldan azad edilmiş Kəlbəcər rayonu Murovdağ silsiləsini əhatə edən minalanmış ərazilərə dair 8 formulyarı Azərbaycana təqdim edib.

Keçmiş təmas xəttinin arxasındakı ərazilərdə minaların və PHS sayı məlum deyil. MƏAK İB-nin monitorinqləri zamanı müəyyən edilmişdir ki, Laçın rayonunun Güləbird və Suarası, Şuşa rayonunun Daşaltı, Cəbrayıl rayonunun Nüzgar və Mehdili, Zəngilan rayonunun Bartaz, Xocalı rayonunun Sığnaq, Qubadlı rayonunun Xanlıq kəndi, Ağdam rayonunun Şahbulaq, Tərtər rayonunun Suqovuşan, Füzuli rayonunun Yuxarı Veysəlli və Yağlıvənd, Xocavənd rayonunun Tuğ və Çartar, Şuşa rayonunun Qaybalı, Ağdərə rayonunun Sırxavənd, Kəlbəcər rayonunun Susuzluq və Ağdaban kəndlərində baş vermiş mina hadisələri keçmiş təmas xəttində olan ərazilərdən kənarda baş vermişdir. “10 Noyabr 2020-ci ildə imzalanmış Üçtərəfli Bəyanatdan sonra 15 avqust 2024-cü il tarixədək baş vermis 224 hadisədən 149 hadisə (66%) keçmiş təmas xəttinin arxasındakı ərazilərdə baş verib, nəticədə  46 şəxs həlak olub və 214 şəxs yaralanıb.” 

MƏAK İB-nin monitorinqlərinin nəticəsi göstərir ki, işğaldan azad edilmiş ərazilərdə umumilikdə 232 növ mina, kasetli sursat və digər partlamamış hərbi sursatlara rast gəlinib.  

Tələ minalar

İşğaldan azad edilmiş ərazilərdə mütamadi olaraq mina tələlərə (booby traps) rast gəlinir. Şuşa rayonunun Daşaltı, Laçın rayonunun Zabux və Sus, Xocalı rayonunda, Ağdam rayonunun Orta Qərvənd, Xocavənd rayonunun Bulutan kəndlərinin ərazisində, Füzuli rayonunun Qorqan kənd qəbiristanlığında sürpriz formaya salınmış yüksək və ölümcül partlayış törətmək məqsədi daşıyan  mina tələlər tapılaraq zərərsizləşdirilmişdir. Ən çox mina tələlərə Xankəndi şəhəri ərazisində rast gəlinir. 

Dövlət sərhədlərində mina problemi 

Azərbaycan Respublikasının Rusiya Federasiyası, Gürcüstan Respublikası və Türkiyə Cumhuriyyəti ilə sərhəddinin Azərbaycan hissəsində mina və PHS problemi yoxdur. Yerli insanlar, ev və vəhşi heyvanlar arasında minaya düşmə faktı heç vaxt qeydə alınmayıb.

İran İslam Respublikası ilə sərhəddə yerləşən Astara, Yardımlı, Lerik, Cəliləbad, Biləsuvar, İmişli, Beyləqan, Fizuli rayonlarda və Naxçıvan Muxtar Respublikasındakı monitorinqlər, yerli əhali və rəsmi şəxslərlə görüşlər göstərir ki, sərhədin bu hissəsinin Azərbaycan tərəfində mina və PHS problemi yoxdur. Yerli insanlar, ev və vəhşi heyvanlar arasında minaya düşmə faktı heç vaxt qeydə alınmayıb. 

Lakin Cəbrayıl və Zəngilan rayonlarının 132 km-lik ərazisi Ermənistanın işğalı zamanı minalanmışdır. Bunu mina təmizləyənlərlə görüşlərdə verilən məlumat təsdiq edir. 17 iyun 2022-ci il tarixdə İran İslam Respublikası ilə sərhəddə yerləşən Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində mina təmizləmə əməliyyatları aparan dörd mina təmizləyənin mina partlayışına məruz qalmış və yaralanmışdır. Ermənistan ordusu tərəfindən sərhəddə yerləşən Cəbrayıl rayonunun Maşanlı kəndinin ərazisində tank əleyhinə minalar basdırılmışdır və mina təmizləmə əməliyyatı nəticəsində həmin minalar tapılaraq zərərsizləşdirilmişdir. Bundan başqa mina təmizləyənlərlə görüş zamanı bildirilmişdir ki, Ermənistan ordusu tərəfindən sərhəddə yerləşən Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Mehdili və Əmirvarlı kəndlərinin ərazisində piyada və tank əleyhinə minalar basdırılmışdır və minatəmizləmə əməliyyatları nəticəsində həmin minalar aşkar edilərək zərərsizləşdirilib.

Ermənistan Respublikası ilə sərhəddə yerləşən Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan rayonlarında və Naxçıvan Muxtar Respublikasında (ümumilikdə 1007 km) şərti dövlət sərhədinin monitorinqi və yerli əhali ilə görüşlər zamanı bildirilmişdir ki, sərhədin hər iki tərəfində minalar var, vaxtaşırı hər iki tərəfdə mina partlayışları baş verir. 

Sərhədin Azərbaycan tərəfində sonuncu hadisələr nəticəsində 05 may 2021-ci il tarixdə Naxçıvan MR-nın Şərur rayonunun Günnüt kəndinin ərazisində bir mülkü şəxsin mina partlayışı nəticəsində yaralanması, 11 may 2021-ci il tarixdə Gədəbəy rayonunun Əyridərə kəndi ərazisində iki mülkü şəxsin mina partlayışı nəticəsində yaralanması, 30 iyul və 29 avqust 2021-ci il tarixlərdə Daşkəsən rayonunu  Alaxançallı kəndinin ərazisində baş vermiş iki mina partlayışı zamanı biri 11 yaşlı uşaq olmaq iki yerli sakin həlak olmuş və bir yerli sakin yaralanmışdır. 22 sentyabr 2021-ci il tarixdə Qazax rayonunun Bala Cəfərli kəndində yerli sakin mina partlayışı zamanı həlak olmuşdur. 23 aprel 2022-ci il tarixdə Qazax rayonunun Quşçu Ayrım kəndində 12 və 14 yaşlı bacı – qardaş PHS partlaması nəticəsində yaralanmışlar. 22 yanvar 2023-cü il tarixdə Tovuz rayon Əlibəyli kənd sakini olan iki qadın PHS partlaması nəticəsində yaralanmışdır. 27 May 2023-cü il tarixdə yenə Əlibəyli kəndin də 75 yaşlı sakini mal otararkən minaya düşmüş və bir topuğu kəsilmişdir. 28 aprel 2024-cü il və 3 iyun 2024-cü il tarixlərdə Qazax rayonunun Quşcu Ayrım və Qızılhacılı  kəndlərinin ərazisində xidməti vəzifəsini icra edən Dövlət Sərhəd xidmətinin iki əməkdaşı mina partlayışına məruz qalmış və müxtəlif dərəcədə yaralanmışdır. 2 avqust 2024-cü il tarixdə Qazax rayonunun Qızılhacılı kəndlərinin ərazisində xidməti vəzifəsini icra edən Dövlət Sərhəd xidmətinin bir əməkdaşı və ANAMA-nın üç mina təmizləyəni mina partlayışına məruz qalmış və müxtəlif dərəcədə yaralanmışdır. 11 avqust 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində Şərur rayon Mahmudkənd kəndinin sakini Bəxtiyar Sultanov mina partlayışına məruz qalmış və nəticədə ona açıq kəllə beyin travması, qansızma, baş-beyin ağır dərəcədə əzilməsi diaqnozu qoyulmuşdur.

Hökümətin siyasəti

Azərbaycan Respublikası BMT-nin “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya”sına (Ottava Konvensiyası) qoşulmamışdır. Azərbaycan bu konvensiyanın məqsədlərini dəstəklədiyini, lakin qoşula bilməyəcəyini bəyan edib, çünki “Azərbaycan Respublikasına qarşı ciddi təhlükələr var və qonşu dövlətlərdən heç biri bu Konvensiyaya qoşulmayıb. Lakin Azərbaycan bu Konvensiyaya qoşulmasa da, ondan irəli gələn çoxsaylı tələbləri könüllü olaraq yerinə yetirir. “Azərbaycan dəfələrlə bəyan edib ki, o, piyada əleyhinə minaları istehsal etmir, istifadə etmir, ixrac etmir və öz ərazisindən daşınmasına icazə vermir”. Azərbaycan 2005-ci ildən başlayaraq Ottava Konvensiyasının universallaşdırılmasını və həyata keçirilməsini təşviq edən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının  illik qətnamələrinin lehinə səs verir. Son olaraq 4 dekabr 2023-cü ildə 78/45 saylı qətnamənin lehinə səs vermişdir. 

Azərbaycan höküməti işğaldan azad olunmuş ərazilərdə minaların və PHS-in təmizlənməsini özünün ilk prioritetlərindən biri kimi elan edib. Bu qəbul olunmuş “Böyük Qayıdış” dövlət proqramında da əks olunur. 2-ci Qarabağ müharibəsindən sonra hökümət dövlət büdcəsindən hər il 100 milyon manat minaların təmizlənməsinə və bu fəaliyyət üçün potensialın artırılmasına vəsait ayırır. Hazırda Azərbaycanda həyata keçirilən mina təmizləmə əməliyyatlarının 95% dövlət büdcəsinin hesabına maliyyələşdirilir. ANAMA mina təhlükəsinə dair maarifləndirmə proqramlarının həyata keçirilməsində iştirak edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan mərkəzlərdə mina qurbanları digər əlilliyi olan şəxslər kimi bütün xidmətlərdən istifadə edirlər. Mina qurbanları dövlət özünü məşğulluq proqramlarında iştirak etməkdə sərbəstdirlər. Hökümət tərəfindən mina qurbanları mina qurbanı olan zaman daşıdığı statusdan və əlillik dərəcəsinə uyğun təqaud və ya sosial müavinətlə təmin olunur. 

30-31 may 2024-cü il tarixlərdə Zəngilan və Bakıda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMT İP) birgə təşkilatçılığı ilə «Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması» mövzusunda III beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilib. Konfransda 75 ölkədən 300-dən çox nümayəndə iştirak edib. Bir sıra ölkələrin yüksək vəzifəli şəxsləri, BMT-nin baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin minatəmizləmə mərkəzlərinin rəsmiləri, habelə ölkəmizdə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri bu konfransda iştirak edirdilər. 

“Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər” adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi (DİM) 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəliyin prinsipləri əsasında müvafiq dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanıb və Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. 18-ci DİM işğaldan azad olunmuş ərazilərə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. 

Azərbaycan artıq minatəmizləmə maşınlarını istehsal edir. “İmprotex» Şirkətlər Qrupu”nun “Revival P” və “Revival T” minatəmizləmə maşınlarının testləri keçirilib və artıq əməliyyatların icrasına buraxılıb. 

MİNALARIN TƏMİZLƏNMƏSİ

Azərbaycan Respublikası Prezidentinin 18 İyul 1998-ci il tarixdə imzaladığı Sərəncama əsasən insanların təhlükəsizliyinə və həyat tərzinə ən böyük təhlükə yaradan ərazilərdə humanitar minatəmizləmə işləri aparmaq səlahiyyətinə malik qeyri-hərbi qurum olan Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməs i üzrə Milli Agentliyin yaradılmışdır. Agentlik Azərbaycan Höküməti ilə BMT İP arasında 2 Aprel 1999-cu ildə imzalanmış Azərbaycanda Mina Təhlükəsi ilə Mübarizə üzrə birgə Proqram çərçivəsində fəaliyyətə başlayıb. 1998-ci ildən 10 noyabr 2020-ci ilədək ANAMA tərəfindən 543 094 633 m2 ərazi təmizlənib, 809 328 ədəd mina və partlamamış hərbi sursat aşkarlanıb. 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixində imzaladığı Sərəncamla, sələfinin bazası əsasında yenidən təşkil edilən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin Nizamnaməsi təsdiq edilib. “ANAMA Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin, kimyəvi silah istisna olmaqla, minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi, həmçinin onların müvəqqəti saxlanılması, daşınması, zərərsizləşdirilməsi sahəsində fəaliyyət göstərən, habelə bu sahədə digər zəruri işlərin təşkilini, fəaliyyətin planlaşdırılmasını, əlaqələndirilməsini və idarə edilməsini həyata keçirən publik hüquqi şəxsdir.” 

Minatəmizləmə əməliyyatları Azərbaycan hökuməti tərəfindən təsdiq edilmiş illik plana uyğun olaraq ANAMA, Müdafiə Nazirliyi (MN), Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Sərhəd Xidməti (DSX), 4 milli kommersiya minatəmizləmə şirkəti və bir milli qeyri-hökumət təşkilatı “Beynəlxalq Avrasiya Mətbuat Fondu” (BAMF) tərəfindən həyata keçirilir. 

Minatəmizləmə əməliyyatları

10.11.2020 – 31.07.2024 tarixlərdə işğaldan azad edilmiş ərazilərdə ANAMA, Müdafiə Nazirliyi, FHN, DSX, 4 milli kommersiya şirkəti və milli QHT "Beynəlxalq Avrasiya Mətbuat Fondu" (BAMF) tərəfindən 152 619 hektar ərazi minalardan və PHS-dən təmizlənmişdir. Əməliyyatlar ANAMA-nın Horadiz əməliyyat mərkəzi, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Xocavənd rayonlarında və Hadrut qəsəbəsində fəaliyyət göstərən mobil bazalarla yanaşı Şuşa və Xankəndi düşərgələrindən idarə olunur.   

Minatəmizləmə əməliyyatları üzrə göstəricilər (10.11.2020 – 31.07.2024)

Piyadalar əleyhinə mina 32 940
Tank əleyhinə mina        19 956
PHS                                73 767
Cəmi                              126 663
 

QADIN MİNA TƏMİZLƏMƏ QRUPU

Qadın minatəmizləmə qrupunun yaradılması ilə bağlı elan verildikdən sonra paramedik vəzifəsi də daxil olmaqla ümumilikdə 54 nəfər layihədə çalışmaq üçün müraciət edib. 16 iyun 2023-cü il tarixdə fiziki və psixoloji vəziyyəti tələblərə cavab verən 33 qadın üçün təlimlərə başlanılmışdır. Təlimlər icraçı yerli təşkilat Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Regional ofisində layihənin digər beynəlxalq tərəfdaşı, Böyük Britaniyadan olan Mines Advisory Group (MAG) tərəfindən keçirilmişdir. Hazırda dörd komandanın tərkibində 25 qadın (23 mina təmizləyən və 2 paramedik) mina təmizləmə əməliyyatlarını həyata keçirir ki, bunun da üçü tamamilə qadınlardan, biri isə qarışıq formadadlr.  İki komandanın fəaliyyəti ABŞ Dövlət Departamenti tərəfindən MAG təşkilatı vasitəsilə, digər iki komandanın fəaliyyəti isə Avropa İttifaqı tərəfindən BMT-nin İnkişaf Proqramı vasitəsilə maliyyələşdirilir. 

Qadın minatəmizləmə qrupları hazırda Ağdam rayonunun Nəmirli kəndində mina sahəsinin, Güllücə kəndində isə döyüş sahəsinin təmizlənməsini həyata keçirir. Bundan başqa Güllücə kəndində texniki təhdiqat da aparılır. Qadın mina təmizləmə qrupları tərəfindən 2024-cü ilin ötən dövrü ərzində 2 524 291 m2 ərazi təmizlənmiş və 17 ədəd tank əleyhinə mina və 6 ədəd PHS aşkarlamışdır. Qadın minatəmizləmə qruplarının fəaliyyətinə BAMF-ın İcma Mina Aksiyası komandasının peşəkar mütəxəssisləri ilə yanaşı APOPO-nun mina axtaran itləri və siçovulları ilə də dəstək verilir. Bundan başqa lazım olduqda ANAMA tərəfindən mina axtaran maşınlar da əməliyyatlara cəlb edilir.  

25 sentyabr 2023-cü il tarixdən qadın mina təmizləmə qrupları fəaliyyətə başlamış və 15 avqust 2024-cü il tarixədək ümumilikdə 3 203 997 m2 ərazi təmizləmişdir, nəticədə 12 PƏM,  25 TƏM və 77 PHS aşkarlanmışdır. 

MİNA VƏ PHS QURBANLARI

Azərbaycan Respublikasının Mina Təmizləmə Agentliyi bildirir ki, 01.01.2024 – 15.08.2024 tarixlərdə işğaldan azad olunmuş ərazilərdə 23 hadisə nəticəsində 36 nəfərin mina və PHS qurbanı olması faktı qeydə alınıb ki, bunların da 4 nəfəri həlak olub, 32 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mina və PHS partlayışları Ağdam, Tərtər, Xocavənd, Şuşa, Cəbrayıl, Kəlbəcər, Qazax və Sədərək rayonlarının ərazisində baş verib. Zərərçəkənlərin hamısı kişilərdir. 

10 Noyabr 2020 – 15 avqust 2024 tarixlərində, mina və PHS partlayışları nəticəsində 224 hadisə nəticəsində 69 nəfər (54 nəfəri mülki şəxs) həlak olub və 308 nəfər (141 nəfər mülki şəxs)  yaralanıb.

1991-ci ildən 03 avqust 2024-cü il tarixədək 3456 nəfərin mina və PHS qurbanı olması qeydə alınmışdır. Qurbanların 38 nəfəri qadın və 358 nəfəri yeniyetmə və gənclərdir.   

MƏAK İB-nin Landmine Monitor Report üzrə araşdırması göstərir ki, bu gün Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki mina qurbanlarının ümumi sayından çoxdur.

Bu layihə çərçivəsində aparılan təhqiqat zamanı mina qurbanları yuxarı və aşağı ətrafların itirilməsi, eşitmə qabiliyyətinin tam və ya qismən itirilməsi, görmə qabiliyyətinin tam və ya qismən itirilməsi, baş və boyun nahiyəsində xəsarət, qarın boşluğunda və sinə nahiyəsində xəsarət, parçalanma xəsarətləri, yanıqlar, paraplegiya (hərəkətin itməsi) və psixoloji travma daxil olmaqla müxtəlif xəsarətlər aldıqlarını bildirmişlər. Döyüş əməliyyatlarında iştirak edərək mina qurbanları  posttravmatik stress pozuntusundan ciddi əziyyət çəkirlər. MƏAK İB-nin görüşdüyü mina qurbanları bir və ya bir neçə əzasını itirmiş, həyat yoldaşının himayəsində olduqlarını,  ailədə orta məktəbdə oxuyan uşaqlarının olduğunu, mina qurbanı olduqdan sonra onların iş və ya təhsil imkanlarının ciddi surətdə azaldığını bildirmişlər. Mülki mina qurbanlarını ən çox narahat edən məsələlər işsizlik,  mənzil şəraiti, özlərinin və ailə üzvlərinin əsas ehtiyaclarını təmin edə bilməməsi, keyfiyyətli ortopedik məmulatlarla təmin olunmamasıdır. 

Bu gün mina partlayışları nəticəsində əlil olmuş şəxslərin davamlı tibbi və reabilitasiya yardımına, onların yeni peşələr üzrə işlə təmin olunması üçün peşə hazırlığına ehtiyacları var, həmçinin Azərbaycan qanunlarında nəzərdə tutulmuş hüquqlar barədə maarifləndirilməlidirlər. 

MİNA TƏHLÜKƏSİNƏ DAİR MAARİFLƏNDİRMƏ 

İşğaldan azad olunmuş rayon ərazilərində 1311 ədəd xəbərdaredici bilbordlar quraşdırılmışdır.  200 mindən çox çap materialları (poster, broşur və.s) birgə əməkdaşlıq çərçivəsində istehsal edilərək paylanılmışdır. Bununla yanaşı 46 900 ədəd “Mina Təhlükəsi” adlı kitablar çap edilərək Təhsil Nazirliyi vasitəsi ilə Regional Təhsil idarələrinə və məktəblərə çatdırılmışdır. 

 “Təlimçilərin Təlimi” və Ümumi Maarifləndirmə tədbirləri çərçivəsində işğaldan azad olunmuş ərazilərə səfərlər edən və yaxud həmin ərazilərdə fəaliyyət göstərən 296 qurumun 16 639 əməkdaşına, eləcə də Zəngilan rayonunun Ağalı kəndinə, Laçın rayonunun Zabux və Sus kəndlərinə, Tərtər rayonunun Talış kəndinə, Füzuli, Laçın, Şuşa və Xocalı şəhərlərinə geri qayıdan 3512 nəfər Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) mözusunda tədbirlərə cəlb edilib. 184 dövlət və özəl qurumun əməkdaşlarına Təlimçilərin Təlimi kursu keçirilmişdir. Ümumilikdə müharibədən sonrakı dövrdə 483658 nəfər ANAMA, UNİCEF, UNHCR, BQXK, BAMF, Dayaq QHT, Futbolun İnkişafı Fondu tərəfindən keçirilmiş PSTM tədbirlərindən faydalanmışdır.

İşğaldan azad edilmiş ərazilərə geri köçürülən məcburi köçkünlər bütünlüklə maarifləndirmə təlimlərinə cəlb olunmaqdadır. Fəaliyyətlər ANAMA tərəfindən əlaqələndirilməklə müxtəlif istiqamətləri, coğrafi məkanı və insan qruplarını (məcburi köçkün, uşaqlar, sosial-infrastruktur işlərinə cəlb edilmişlər, turistlər və.s) əhatə etmişdir.

MİNALARA QARŞI FƏALİYYƏTƏ BEYNƏLXALQ DƏSTƏK

Qarabağda minatəmizləmə prosesinə indiyədək 349,1 milyon dollar vəsait xərclənib. Bu vəsaitin 16,1 milyonu beynəlxalq mənbələrdən daxil olub. Azərbaycan hökuməti 2023-cü ildə minalarla mübarizəyə dövlət büdcəsindən 110.2 milyon manat (64.82 milyon ABŞ dolları) sərf edib.

Azərbaycan 2024-ci ildə minatəmizləmə fəaliyyəti üçün Səudiyyə Ərəbistanı Krallığından 3,0 milyon ABŞ dolları məbləğində maliyyə yardımı alıb. 2024-cü ildə Azərbaycanda minalarla mübarizə üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən 5 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb. 

Avropa İttifaqı (Aİ) və onun 10 üzv dövlətinin “Team Europe” proqramı çərçivəsində Azərbaycanda  minalarla mübarizə üçün ayrılmış 10 milyon Avro maliyyə yardımının son 2 milyon Avro məbləğində olan hissəsini vermişdir. Bu yardım texniki yardım, bacarıqların artırılması, mina təhlükəsinə qarşı maarifləndirmə və mina qurbanlarına yardımı əhatə edəcək. Aİ və üzv dövlətlər tərəfindən yardımın 13 milyon avroya çatdırılacağı gözlənilir. Avropa Komandası Təşəbbüsü və digər proqramlar çərçivəsində Azərbaycanda humanitar mina təmizləmə proqramına və mina qurbanlarına dəstəyini davam etdirəcək. 

 Belçika Azərbaycana işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətlərini dəstəkləmək üçün 250 min avro ayırıb. 
Bundan başqa Birləşmiş Krallıq höküməti Azərbaycanda minalarla mübarizəyə son üç ildə 1,5 milyon funt sterlinq vəsait ayırmışdır. 1999-cu ildən bəri ABŞ Azərbaycana minalarla mübarizə humanitar proqramlarını dəstəkləmək üçün təxminən 38 milyon ABŞ dolları ayırıb. 2020-ci ilin noyabr ayından bu günə kimi 4.5 milyon ABŞ dolları minalarla mübarizə proqramlarını həyata keçirtmək üçün ayrılıb, əlavə olaraq 2 milyon ABŞ dollarının ayrılması gözlənilir. 

“Azərbaycan Respublikasında həyata keçirilən minatəmizləmə fəaliyyətinə maliyyə yardımlarının yalnız 4-5%-i beynəlxalq donorların payına düşür. UNDP, UNICEF, UNHCR, Avropa Birliyi, ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Yaponiya İnkişaf Agentliyi, Türkiyə Respublikası tərəfindən bu istiqamətdə müxtəlif sahələr üzrə fəaliyyətlərə maliyyə dəstəyi göstərilmişdir. Xüsusən qadın minaaxtaran qrupları, minaaxtaran siçovullarla təmizləmə, Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə (PSTM) tədbirləri, texniki dəstək istiqamətində beynəlxalq maliyyə yardımı göstərilmişdir.

Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır.”

Son

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi  (MƏAK İB) “Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi” layihəsinin həyata keçirilməsinə və bu hesabatın hazırlanmasına göstərdiyi maliyyə yardımına görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirir.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri  Vüqar Süleymanova, sədrin birinci müavini Bəhruz Məmmədova, sədr müavinləri Ceyhun Rzayevə və Samir Poladova  bu layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə və əməkdaşlığa görə təşəkkür edirik.

Azərbaycan Ordusunun mühəndis-istehkam hissələrinin, milli mina təmizləmə qeyri-hökumət təşkilatı Beynəlxalq Avrasiya Mətbuat Fondunun, “Qaya Safety Solutions”, “Alpha Demining”, “Safe Point” milli kommersiya mina təmizləmə şirkətlərinin əməliyyat rəhbərlərinə və mina təmizləyənlərinə, Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin regional koordinatorları və minadan zərərçəkənlərə layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə minnətdarlığımızı bildiririk. 

Bu layihəni daim diqqətdə saxladığı və yekun mətbuat konfransını geniş işıqlandırdığı üçün KİV-ə xüsusi təşəkkür edirik. 

 

Son xəbərlər