Siyasi şərhçi: Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir

post-img

Azərbaycan Cənubi Qafqazda, ümumilikdə dünyada sülhün və təhlükəsizliyin bərqərar olunması istiqamətində daim intensiv səylər göstərir. Ölkəmiz bu istiqamətdə töhfələrini verməkdə davam edir. Azərbaycanın praqmatik xarici siyasəti, qonşu ölkələrlə mehriban qonşuluq əlaqələri, müttəfiqlik, strateji tərəfdaşlıq və əməkdaşlıq formatının genişləndirilməsi istiqamətində səyləri diqqətəlayiqdir. Bu kontekstdə Azərbaycanın Rusiya ilə strateji tərəfdaşlıq əlaqələri yüksələn xətlə inkişaf etməkdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Sahil Kərimli səsləndirib.

Azərbaycan-Rusiya münasibətlərinin hazırda müttəfiqlik səviyyəsində olduğunu vurğulayan S.Kəriml deyib ki, ölkəmiz Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizliyə töhfə verməklə yanaşı, qonşuları ilə ticarət əlaqələrinin genişləndirilməsi, idxal-ixrac əlaqələrinin yüksək səviyyəyə qaldırılması istiqamətində də daimi səylər göstərir. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri, səfər əsnasında müxtəlif danışıqların aparılması, təmasların qurulması, bir sıra sənədlərin mübadiləsi də bunun əyani sübutudur.

“Məlumdur ki, Azərbaycan bölgədə həm təhlükəsizlik, həm də idxal-ixrac əməliyyatları, iqtisadi əməkdaşlıq məsələlərinə daim önəm verir və Rusiya ilə son illərdə bütün sahələr üzrə sıx əməkdaşlıq mövcuddur. Bizim həm siyasi, hərbi, həm də humanitar sahədə əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycanın bölgə ölkələrinə neft-qaz layihələrində dəstək verməsi, nəqliyyat-kommunikasiya və enerji dəhlizlərinin keçdiyi ərazidə yerləşməsi bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etməsinə də müsbət təsir göstərir.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan həm Qərb, həm Avropa, həm də MDB üzvləri, o cümlədən Rusiya ilə sıx əlaqələri var. Azərbaycan Prezidenti İlham Əliyevin düşünülmüş xarici siyasəti, uzaqgörən diplomatik kursu da bundan ibarətdir ki, biz həm Avropa, həm də Rusiya ilə eyni formada əməkdaşlıq edirik. Ölkəmiz həm neft-qaz layihələrinə, həm də iqtisadi və siyasi əlaqələrin qurulmasına töhfəsini verir”, - deyə S.Kərimli diqqətə çatdırıb.

Siyasi şərhçinin fikrincə, bu gün neft-qaz, nəqliyyat kommunikasiyaları sahəsində Rusiya ilə bir sıra layihələr var ki, burada da idxal-ixrac əməliyyatlarının xüsusi rolu özünü göstərir. Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması və əksinə, Rusiya məhsullarının ölkəmizə tədarükü, qarşılıqlı sərmayələrin yatırılması istiqamətində də iki ölkə arasında dərin əməkdaşlıq mövcuddur.

S.Kərimli, həmçinin qeyd edib: “Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri daha da genişlənəcək. Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Rusiya-Azərbaycan münasibətləri bir çoxlarına nümunə olmalıdır və bütün bölgə ölkələri mehriban qonşuluq siyasəti istiqamətində əməkdaşlığı davam etdirməlidir”.

Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında Rusiyanın da maraqlı olduğunu xatırladan siyasi şərhçi rəsmi İrəvanın sülhdən yayınması məsələsinı də toxunaraq deyib: “Ermənistanın Qərbə arxalanaraq Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması fonunda təhdidlər, bu ölkənin silahlanması təbii ki, Rusiya tərəfindən də pislənir. Azərbaycan Cənubi Qafqazda söz sahibi olan ölkələrdən biridir, Şimal qonşumuz Rusiya da böyük gücə malik dövlətdir. Bu baxımdan Rusiyanın sülh prosesinə töhfə verəcəyini demək mümkündür”.

Siyasət