Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" ECOLEAD lahiyəsi çərçivəsində "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktik konfrans keçirilib.
Baş prokuror Kamran Əliyev bildirib ki, Xankəndidən sonra növbəti konfransın Naxçıvanda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. BMT-nin COP29 kimi mötəbər toplantısının bu il Azərbaycanda keçirilməsi isə ölkəmizin tarixinə qızıl hərflərlə yazılacaq. Ermənistanın işğalçı siyasətinin acı nəticələrindən biri su ehtiyatlarımızın yararsız vəziyyətə gətirilməsidir. Təcavüzkar ölkə “BMT-nin Transsərhəd kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında konvensiyasından, "Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" konvensiya və onun "Su və sağlamlıq haqqında" protokollarından irəli gələn öhdəlikləri kobud şəkildə pozmuşdur.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli isə qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 11-ci prioriteti də “Ətraf mühitin mühafizəsinin gücləndirilməsi” ilə bağlıdır. Konfransda Baş prokurorun müavini Heydər Məmmədov, Baş Prokurorluğun idarə rəisi Elnur Musayev, muxtar respublikanın prokuroru Sənan Paşayev, Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov, Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyev, Elm və Təhsil Nazirliyi aparatının rəhbəri Mətin Kərimli, muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov, Baş Prokurorluğun idarə prokuroru Elşad Ağayev mövzu ətrafında işgüzar müzakirə aparıblar.
Sonda Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universiteti arasında qarşılıqlı əməkdaşlıq barədə anlaşma memorandumuna uyğun olaraq ECOLEAD layihəsinə Naxçıvan Dövlət Universitetinin tərəfdaş qismində qoşulmasına dair sənəd imzalanıb.
Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri