Mərkəzi Seçki Komissiyasının növbəti iclası
Avqustun 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Əvvəlcə Komissiyanın iyulun 27-də keçirilmiş iclasının protokolu təsdiq edilib.
Sonra sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin olunan məşvərətçi səs hüquqlu üzvün təsdiq edilməsinə qərar verilib.
Daha sonra iclasda 23 saylı Nəsimi – Səbail, 69 saylı Biləsuvar və 96 saylı Goranboy – Naftalan seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilib.
Beynəlxalq müşahidə missiyası və media subyektləri nümayəndələrinin qatıldıqları iclasda qarşıdan gələn seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə də baxılıb. Seçki qanunvericiliyi ilə müəyyənləşdirilmiş müddətdə və qaydada iclasa çıxarılan müraciət, maraqlı subyektin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərar qəbul olunub.
Deputatlığa namizədlərin qeydiyyat müddəti bu gün bitir
Avqustun 2-də deputatlığa namizədlərin qeydiyyatı üçün sənədlərin DSK-lara təqdim edilməsi müddəti başa çatır
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1, 94.3.1-ci maddələrinə əsasən, səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18:00-dək namizəd və ya onun səlahiyyətli nümayəndəsi, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi namizədin qeydə alınması üçün tələb olunan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim etməlidir.
Yəni, Seçki Məcəlləsinin şərtlərinə uyğun olaraq, bu gün növbədənkənar parlament seçkiləri ilə əlaqədar deputatlığa namizədlərin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatır.
Xatırladaq ki, Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar deputatlığa namizədlərin qeydə alınması müddəti 2024-cü il iyulun 13-dən 2024-cü il avqustun 2-si saat 18:00-dək olan dövrü əhatə edib.
481 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
“Sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmək üçün 1489 nəfər müraciət edib. Onlardan 459 nəfərin namizədliyi 25 siyasi partiya tərəfindən irəli sürülüb. 1389 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib”.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın avqustun 1-də keçirilən iclasında söyləyib. MSK sədri əlavə edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1333 nəfəri imza vərəqəsi alıb, 802 nəfər isə imza vərəqələrini qaytarıb.
M.Pənahov 481 nəfərin deputatlığa namizədliyinin qeydə alındığını bildirib.
Seçki media mərkəzi yaradılır
“Milli Məclisə sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar media mərkəzinin açılışı istiqamətdə hazırlıq işləri davam edir. Media mərkəzində yerli və xaricdən gələn jurnalistlərin təmsilçiliyi nəzərdə tutulur.
Qohumlarına görə DSK üzvlükləri ləğv edildi
Yaxın qohumları deputatlığa namizəd olan Dairə Seçki Komissiyaları (DSK) üzvlərinin fəaliyyətinə müvəqqəti xitam verilib. MSK katibinin təqdimatına əsasən, 69 saylı Biləsuvar dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Zaur Ədalətli və 96 saylı Goranboy–Naftalan dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Səyavuş Quliyevin fəaliyyətinə xitam verilib.
8 825 yerli, 94 beynəlxalq müşahidəçi qeydə alınıb
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 23 ölkə və beş qurumdan ümumilikdə 94 beynəlxalq müşahidəçi qeydiyyatdan keçib.
Seçkilərlə əlaqədar qeydiyyata alınan 8 825 yerli müşahidəçidən 4 622 nəfəri MSK-da, 4 203-ü Dairə Seçki Komissiyalarında (DSK) qeydə alınıb.
Ödənişli təşviqata görə 54 media subyektindən müraciət daxil olub
Parlament seçkilərində iştirak edən namizədlərin ödənişli əsaslarla təşviqatı üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 54 media subyekti müraciət edib. Bu barədə məlumat verən MSK-nın sədr müavini Rövzət Qasımov qeyd edib ki, bütün namizədlərə bərabər şəraitin yaradılması üçün addımlar atılıb.
Məlumatlar dünən MSK-nın internet səhifəsində yerləşdirilib.