Əsrin yaşıdı Qəndab nənə: Seçkiyə getməyənlə döyüşdən qaçanın fərqi yoxdur

post-img

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Danyeri kəndində doğulub, burada ailə qurub, Vətənə layiqli övladlar bəxş etmiş Qəndab nənə ömrünün son 30 ilinin müstəqillik dövrünə düşməsini Ulu Tanrının ən böyük bəxşişi sayır. Bu ilin 7 fevralında Prezident seçkilərində səs verənlərin sırasında birincilərdən olan Qəndab nənə oxucularımıza yaxşı tanışdır. 

Yaşı ilə əlaqədar qismən passiv gö­rünən Qəndab nənə, göz dəyməsin, danışıq və məntiqində, xüsusən də siyasi müka­milələrində olduqca fəal təsir bağışlayır. Bu dəfə Naxçıvanda olarkən onunla görü­şüb həmsöhbət olduq. 

Qəndab nənə Nobel mükafatçısı Əziz Səncərlə görüşündən danışdı: 

– Əziz Səncər Naxşıvana gələndə bi­zim evdə oldu. Onunla qısa söhbətdə hiss etdim ki, Azərbaycana, eləcə də Naxçıva­na böyük sevgisi var. Bu, əslində bir türk oğlunun sevgisi idi. Deyəndə ki, buraları öz vətənim qədər sevdim, inanın, zərrəcə təəccüb etmədim. Əslində onun Türk dün­yasının birliyini görmək istəyi hər birimi­zin arzusudur.

– İnşallah, o günləri də görmək qis­mət olar...

– Mən dünyanın hər üzünü görmüşəm, Zəngəzurdan didərgin salındığımız günlər, yaşadığımız ağrı-acılar nə qədər yazılsa yenə azdır. Bu günümüzə min şükürlər olsun! Amma onu da bilirəm ki, bizim bu xoş günlərimizi istəməyənlər də çox­dur. Əminəm ki, arzuları gözlərində qa­lacaq. Oğul, ağlımız kəsəndən dünyanın çox dərd-sərini gördük. Dünya savaşının ağrı-açılarından keçdik. Bir qarnı aç, bir qarını tox olsaq belə, mətinliyimizlə qoy­madıq ki, torpaqlarımız düşmən tapdağın­da olsun. Amma 90-cı illər Naxçıvanın ən fəlakətli dövrü oldu. Ermənilərlə müba­rizəmizə də sapı özümüzdən olan baltala­rın mane olması bizləri çox sarsıtdı. Allah rəhmət eləsin, Heydər Əliyev olmasaydı bilmirəm axırımız nə olardı. İnanın, bəlkə də yurd-yuvasından didərgin olanların sı­rasında bizlər də var idik. 

– İndi onlara son qoyulub, ermə­nilərin yurd-yuvasından didərgin sal­dığı köçkünlərimiz də doğma evlərinə qayıdırlar...

– Bilirəm, oğul, savadım olmasa da, oxuyub-yazmaq bilməsəm də, televiziya­dan, radiodan bütün xəbərləri alıram. Sağ olsunlar, dünyanın o başından olan xəbər­ləri elə tez verirlər ki, məhəttəl qalıram. Torpaqlarımızın, Şuşanın azad olunması xəbərini eşidəndə əvvəlcə inanmadım. Günlərlə dua edirdim ki, Allahım, doğru­danmı, sən bu xalqa bu qədər əzab-əziy­yətdən, 20 yanvar, Xoçalı soyqırımından sonsa mərhəmət etdin?! Sevincimdən hıçqıra-hıçqıra ağladım... Uşaqlar elə bil­dilər ki, mənə nəsə olub, həkim çağırmaq istədilər. Dedim, ay bala, bu göz yaşlarım illərdir canımda gəzdirdiyim ağrılarımın yaşı idi, axdı getdi, həkimlik deyiləm.

– Qəndab nənə, savadsızam deyir­siniz, amma maşallah, hələm-hələm si­yasətçilərdən ötə danışırsınız...

– Çox sağ ol, oğul (gülərək cavab ve­rir). Təhsilim, diplomum olmayıb ki, de­yim savadlıyam. Amma yaşananlar mü­barizliyimizi, sayıqlığımızı elə artırdı və hamımızı elə səfərbər etdi ki, arvadlı-kişili bir olduq. 90-cı illərin Naxçıvanı qaynar qazan kimi idi, sovetlərdən ilk ayrılan da biz olduq, üçrəngli bayrağımızı qaldıran da. Heydər Əliyevin elinə-obasına dönüşü ilə Naxçıvan ayaq üstə durdu. Naxçıvan da o böyük insanı qorudu və onun ətrafın­da səfərbər oldu. İnanın, bəlkə də Heydər Əliyev Naxçıvana gələnə qədər buranın yolunu-səmtini belə dünyada tanıyan yox idi. Şükürlər olsun ki, o xoş günlərimizi də görə bildik. Dövlətimizdən çox razıyıq, pensiyalarımız vaxtı-vaxtında verilir, hər il də üstünə artım gəlir. 

– Yeddi fevral prezident seçkilərində bütün Azərbaycan sizdən danışırdı. Yaş­lı bir insanın təkidlə seçki məntəqəsinə getməyinin səbəb nə idi? 

– İndi zaman dəyişib, çox dəyişib. Həm də fikirləşirəm ki, mən dövlətim, qəhrə­man və xilaskar xalqım üçün bu gündən sonra nə edə bilərəm?! Əlimdən gələn ən böyük iş səsvermədə iştirak etməkdir. Fev­ralda havalar Naxçıvanda çox soyuq idi, onda arzu edirdim ki, qar-çovğun olmasın, gedim məntəqədə səs verim. Şükürlər ol­sun, bu arzuma da çatdım, bu işdə mənə kömək edən övladlarıma minnətdaram. Ən böyük minnətdarlığım isə bizlərə bu günlə­ri bəxş edən, Qarabağı xalqımıza qaytaran dövlətimizədir. Bir də heç kəs inciməsin: seçkiyə getməyən insanla döyüşdən qaçan əsgərin heç bir fərqi yoxdur. Biz bu seç­kidə dostlarımızı sevindirməli, düşmənləri bir daha xar etməli idik. Belə də oldu. Fəxr və qürurla deyirəm ki, İlham Əliyevə səs verdim. 

– Yəqin bilirsiniz ki, qarşıdan parla­ment seçkiləri gəlir. Bu barədə fikriniz nədir?

– Biz ailəlikcə dövlətə, dövlətçiliyə xidmət edən adamlar olmuşuq. Bu yolda həmişə səfərbər olmağımızı da borc bil­mişik. Çox sevinirəm ki, bu seçki müstəqil Azərbaycanımızın bütün ərazisini əhatə edir. İnanıram ki, yeni parlament Prezi­dentimizin həyata keçirdiyi siyasətin ger­çəkləşməsində onun ən etibarlı və yaxın köməkçisi olacaq. Həm də hesab edirəm ki, parlament seçkiləri xalqımız üçün bir sınaqdır və qəhrəman Azərbaycan xalqı bu sınaqdan da uğurla çıxacaq.

* * *

Sonda Qəndab nənənin kənddə yaşa­yan oğlu Həbib Həbibbəyli və bura isti­rahətə gələn nəvəsi–ADA Universitetinin məzunu Tuncayla da həmsöhbət olduq. Dövlətçiliyə və milli dəyərlərə bütün var­lıqları ilə bağlı olan bu insanlarla müna­sibət bizdə olduqca xoş təəsürat yaratdı. Həbib müəllim dedi ki, kəndimizin ən yaşlı seçicisi olan anamın dilavərliyi, fikir­lərindəki dəqiqlik həmişə diqqətdə olub: “Bizim ailəni yaxından tanıyanlar, vaxtı ilə evimizin qonağı olan çox məşhur adamlar da onun bu fəallığına heyranlıqlarını giz­lətməyiblər. Hətta Nobel mükafatçısı Əziz Səncər də bu fikirdə olduğunu gizlətmədi. İndi sizinlə söhbətində anamın “səsvermə­də iştirak etməliyəm, məntəqəyə gedim, səs verim” – təkidi də bu düşüncənin əməli davamıydı”. 

...Bəli, Qəndab ananın səsi, əslində, onun Vətən sevgisinin və suveren Azər­baycanın uçalan səsidir. Doğrudan da, siyasi fəallığı ilə çoxlarına nümunə olan bu cür insanların mövqeyi həmişə millə­ti ayıq-sayıq və mübariz olmağa səfərbər edib. Bir də onu fikirləşdik ki, 44 günlük savaşı qazanan qəhrəman oğullarımız məhz Qəndab nənələrin övladlarıdırlar... 

Söhbəti qələmə aldı:
Namiq QƏDIMOĞLU
XQ

Müsahibə