V MƏQALƏ
Mən İlham Əliyevə özüm qədər inanıram...
Heydər ƏLİYEV,
Ümummilli lider
Liderin ünsiyyət qabiliyyəti
Ümumiyyətlə, siyasi liderin kommunikabelliyi (müsbət ünsiyyət qura bilmək qabiliyyəti) müasir fəlsəfi və politoloji ədəbiyyatda yüksək qiymətləndirilir. Filosoflar və politoloqlar XXI əsrdə bu keyfiyyəti siyasi liderin uğurlu olmasını təmin edən amil kimi xarakterizə edirlər. Onların sırasında liderin ictimaiyyətlə, yəni bütövlükdə, cəmiyyətlə “publik” ünsiyyəti çox ciddi faktor sayılır. İlham Əliyevin ictimai ünsiyyətdə malik olduğu keyfiyyətləri aydın dərk etmək üçün həmin kontekstdə iki faktorun rolunu vurğulamaq lazımdır.
Onlardan biri sosiumla ünsiyyətdə liderin cəlbediciliyi ilə təsirediciliyi arasında düzgün nisbət müəyyən edə bilməsidir. İkincisi isə bu məqamı qlobal miqyasda ictimai ünsiyyəti qurmaq prosesinə səmərəli transformasiya etməsidir. Bu iki faktorun birlikdə liderin imicinə ciddi təsir etdiyini müasir siyasi təcrübə təsdiq edir. Hətta, bir sıra filosof və politoloqlar ünsiyyət kültürünü müasir uğurlu liderliyin əsas amili hesab edirlər.
Cəlbedicilik, təsiredicilik və inandırma
Konkret olaraq ictimai ünsiyyətdə isə lider cəlbedici olmaqla yanaşı, dialoq iştirakçısının şüuruna və psixologiyasına ciddi təsir etməyi bacarmalıdır. Burada onun ən təsirli “silahı” inandırma qabiliyyətidir. Bütövlükdə, inandırmanın fəlsəfi anlamı aktual hesab olunur. Bu əsasda “inandırma etikası” deyilən bir elmi istiqamət də formalaşmışdır. Yəni lider yalnız qarşı tərəfi inandırmamalıdır, həm də öz inancının etik, faydalı, kimsəyə zərəri olmayan hadisə olduğunu sübut etməlidir. Bu isə heç də asan məsələ deyildir. İlham Əliyev yerli və əcnəbi jurnalistlərlə ünsiyyətində irəli sürdüyü fikirlərlə onları həm cəlb edir, həm də fikirlərinin şüurun dərin qatlarına nüfuz etməsinə nail olur.
Prezidentin andiçmə mərasimindən təqribən ay yarım əvvəl yerli jurnalistlərlə ünsiyyətdə olarkən irəli sürdüyü əsas tezisləri xatırlayaq. İlham Əliyev onda yeni milli ideyanın müəyyən edilməsindən, yeni gənc nəslin vətənpərvər ruhda tərbiyəsindən, yeni texnologiyaların geniş tətbiqindən, ailə sisteminin daha da gücləndirilməsindən, ölkənin müdafiə qüdrətinin daim artırılmasından, xarici siyasəti yeni tarixi mərhələnin özəlliklərinə uyğun qurmaqdan, sosial-iqtisadi tərəqqiyə davamlı olaraq istiqamətlənməkdən, Türk dünyası ilə əlaqələrin daha da inkişafından bəhs etmişdi.
Bu tezislərin hər biri Azərbaycan üçün 2023-cü ilin sentyabrından (antiterror tədbirlərindən) başlayan yeni tarixi mərhələdə həyata keçirilməli olan başlıca istiqamətləri ifadə edir. Onun tərkibində hər bir istiqamətə daxil olan və konkret məzmun kəsb edən çox sayda altistiqamətlər müəyyən edilmişdir. Lakin andiçmə mərasimində bu inamı yaratmaq lazım idi.
Cənab İlham Əliyev həmin tezisləri inaqurasiya zamanı söylədiyi nitqində yeni milli ideyaya ehtiyacı bütövlükdə Azərbaycan dövlətçiliyinin bundan sonrakı inkişaf kontekstində tədqim edə bildi. Həmin aspektdə əsas fikirlərdən biri ondan ibarət idi ki, Azərbaycan böyük zəfər əldə etmişdir və çox məqsədə nail olmuşdur. Ancaq, bu, yerində dayanmağa rəvac verməməlidir, çünki Azərbaycan elə bir dəyişiklik etmişdir ki, yeni tarixi mərhələdə üstünə gələn çox olacaqdır. Buna tab gətirmək və hətta yeni inkişaf mərhələsinə keçmək üçün mütləq yeni milli ideya lazımdır. Biz əldə olumuş nailiyyətlərdə “qalsaq”, onda qarşıdan gələn yeni məqamları görə bilmərik. Bu səbəbdən yeni milli ideya başlıca məqsəd olmalıdır.
Bununla yanaşı, Prezident cəmiyyətə yeni nəslin vətənpərvər ruhda tərbiyə olunmasının strateji əhəmiyyətini dərindən izah etdi. Müasir dünyada ideologiyalararası mübarizə və informasiya savaşı elə vüsət almışdır ki, zəiflər gərginliyə tab gətirmirlər. Bundan başqa, cəmiyyətin birliyi və həmrəyliyi üçün gənclərin milli ruhda tərbiyəsi ilkin şərtdir. Azərbaycan gəncliyi II Qarabağ savaşında öz şücaətini və Vətən sevgisini göstərdi. Lakin postmüharibə dövründə gənclər həm də intellektual və mənəviyyat sahələrində öncül olmalıdırlar. Onların tərbiyəsində ailə, məktəb, elm, ali məktəb zənciri mütləq səmərəli omalıdır. Prezident bunun üçün lazım olan iki şərti də açıqladı – azərbaycançılıq və multikulturalizm.
Yeni tarixi dövrdə Azərbycan üçün əhəmiyyəti çox olan başqa bir məsələ təhsildir. Gənclər yüksək səviyyəli təhsil almalı və ən yeni texnologiyaları öyrənməlidirlər. Bura süni intellekt, müasir informasiya-kommunikasiya texnologiyaları, kompüterlər və s. daxildir. Yüksək təhsilli, savadlı gənclər dövlət quruculuğunda səmərəli iştirak etməklə cəmiyyətin daha da irəli getməsini motivə edə bilərlər.
Prezidentin vurğuladığı digər mühüm məsələ Azərbaycanın Türk dünyası ailəsinin üzvü olması ilə bağlı oldu. Ümumiyyətlə, bu məsələ indi çox aktualdır. Azərbaycan Prezidenti ilk dəfə idi ki, onu əsas prinsiplərdən biri kimi irəli sürürdü. Dövlət başçısının arqumentləri çox inandırıcıdır. Onların sırasında demoqrafik perspektiv, iqtisadi potensial, vahid tarixi kök, geniş coğrafi ərazi, əlverişli geosiyasi mövqe, zəngin təbii resurslar, geniş nəqliyyat-loqistika imkanları kimi əhəmiyyətli faktorlar vardır. Bütün bunlar sistem halında Türk Dövlətləri Təşkilatını (TDT) çox perspektivli edir.
Azərbaycan Prezidenti bu qənaətini həm də uzun müddət araşdırması, təcrübəsi və tarixi gerçəklikləri nəzərə alaraq əldə etdiyini ayrıca vurğuladı. Bunların fonunda İlham Əliyevin TDT daxilində fəaliyyət təcrübəsi çox mühüm yer tutur. Andiçmə mərasimində dövlət başçısı bütün bu məqamları o dərəcədə inandırıcı ifadə etdi ki, cəmiyyət tərəfindən dərhal qəbul olundu.
Ünsiyyətin qlobal miqyasda uğur formulu
İlham Əliyev ictimaiyyətlə dialoq prosesini II Şuşa Qlobal Media Forumunda yeni səviyyəyə yüksəltdi. Bu, çox maraqlı və yeniliklərlə dolu bir proses idi. Azərbaycan Prezidenti eksklüziv olaraq həm yerli KİV, həm də 49 ölkənin media nümayəndələri ilə fikirlərini bölüşdü. İlham Əliyevin dialoqunun məntiqi daxili vəhdətlə xarakterizə olunurdu. Bunun əsas əlaməti irəli sürülən məsələnin milli, regional və qlobal miqyaslarda eyni dərəcədə əhəmiyyətli olmasından ibarət idi. Lider elə mövzuları aktuallaşdırmalıdır ki, vurğulanan hər üç miqyas üçün real olaraq aktual sayılsın. İlham Əliyev məhz bu məqamı məharətli dialoq iştirakçılarına çatdıra bildi.
Konkret olaraq, Azərbaycan Prezidenti istənilən dövlətə qarşı yalan narrativlər uydurmağın zərərli olduğunu və xeyli risk yaratdığını izah etdi. Bunun üçün Azərbaycanı nümunə göstərdi. İllərlə xalqımıza və dövlətimizə qarşı yalan hekayələr uydurdular və onların hamısı 2020-ci ildə 44 günə sabun köpüyü kimi dağıldı. Azərbaycan iqtidarı, cəmiyyəti və sadə vətəndaşları bu yalanlara qarşı təmkinli, səbirli oldular, lakin sosial-psixoloji duruma mənfi təsir etdi. İlham Əliyev bu məqamı gözəl ifadə etmişdir: “onlar istəsək də, istəməsək də həyat tərzimizə təsir etmişdir”. Eyni halı regionun və dünyanın istənilən ölkəsi yaşaya bilər.
Bundan başqa, regional miqyasda dezinformativ, təxribatçı fəaliyyətin burada yaşayan hər bir xalqa ziyan vurduğunu Prezident İlham Əliyev konkret faktlarla sübut etdi. Azərbaycanın Ermənistanın təcavüzkarlığına baxmayaraq, qələbədən sonra əməkdaşlıq əlini ona uzatdığını aydın ifadə etdi. Məhz bu prizmada İlham Əliyev Oksfordda N.Paşinyanın onunla görüşdən imtina etməsini bütövlükdə region üçün risk yaratdığını bəyan elədi.
Azərbaycan liderinin bütün bunlara rəğmən region dövlətlərinin mövqeyinə və seçiminə hörmətlə yanaşdığını dəqiq fikirlə bəyan etdi. İlham Əliyev Gürcüstan və Emənistanın xarici siyasət doktrinalarını necə quracaqlarını, hansı geosiyasi seçimi edəcəklərini səbirlə gözləycəyini bildirdi. Yalnız ondan sonra regiondakı geosiyasi mənzərə ilə bağlı öz fikrini ifadə edəcəyini söylədi.
Şübhə yoxdur ki. Prezidenti dinləyənlər onun məntiqinin iki cəhətinə çox maraq göstərdilər.
Birincisi, İlham Əliyevin region miqyasında çox olan müxtəlif xarakterli problemlərin içindən ən aktuallarını Azərbaycanın milli maraqlarına uyğun təsnif edə bilməsi qabiliyyəti heyranlıq yaradır. Çünki dövlət başçısı həmin çeşidlər sırasından Azərbaycanı dövlətçiliyi üçün müsbət rol oynaya biləcək məqamlarla dövlətin inkişafı üçün uyğun mühit yarada biləcək faktorları seçərək onlar arasında harmoniya yaratmağı önə çəkmişdi.
İkincisi, İlham Əliyevin bütün çətinliklərə və qeyri-müəyyənliklərə baxmayaraq regioun hər bir dövlətinin müstəqilliyinə və azad geosiyasi seçiminə hörmətlə yanaşdığını nümayiş etdirdi. Bu, peşəkar və centlmen münasibət KİV nümayəndədələri üçün olduqca aktualdır. Onlar özləri də daxil olmaqla insan haqları məsələsinə məhz bu prizmadan yanaşırlar.
İlham Əliyevin vurğulanan üç miqyasda uğurlu dialoq qura biməsi faktiki olaraq yeni tarixi dövr üçün fəaliyyət proqramının hazır olduğu anlamına gəlir. Bu, İlham Əliyevin tarixi liderliyinin strateji məqamını ifadə edir. Yəni növbəti tarixi dövrdə liderliyin tarixi mahiyyəti yeni reallıqları nəzərə almaqla yeni məzmuna transformasiya olacaq. Vurğulanan özəllik, ümumiyyətlə, tarixi liderliyin Azərbaycan təcrübəsinin əsas üstünlüyünü əks etdirir!
Son
İlham Əliyevin tarixi liderlik missiyasının təhlili, şübhəsiz, məsuliyyətli işdir. Hər şeydən öncə ona görə ki, regional və qlobal miqyasda geosiyasi proseslərin dinamikası çox dəyişkəndir. Meydana gözlənilməyən hadisələr çıxa bilir ki, onlar da, bütövlükdə, ümumi mənzərənin dyişməsinə yol aça bilər. Buna görə də undi real görünən hədəflər yeniləşə bilər. Öz növbəsində bu məqam, bütövlükdə, təhlil və proqnozları yeniləşdirməyi tələb edir. O cümlədən, müstəqil dövləti yeni tarixi mərhələdə uğurlu etməyin şərtlərini yeniləşdirə bilər.
Lakin bütün hallarda çevik strateji zəka dinamik situasiyalarda uğurlu qərarlar qəbul etməyə imkan verir. Əsas odur ki, ölkənin strateji inkişaf paradiqması düzgün müəyyən edilsin və baza fəaliyyət prinsipləri səmərəli olsun. Azərbaycan təcrübəsi hər iki məqamın İlham Əliyevin liderlik təcrübəsinin artıq atributu (ayrılmaz tərkib hissəsi) olduğunu sübut edir.
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru