Ermənicə dərs kitablarının adı dəyişə bilər...

post-img

(əvvəli https://xalqqazeti.az/az/siyaset/188428-ermenice-ders-kitablarinin-adi-deyise)

Amma məzmunu əvvəlki kimi qalır

“Artsaxda azadlıq mübarizəsi” bölü­mündə deyilir ki, “fars boyunduruğu altın­da yaşayan xalqlar, o cümlədən ermənilər əlverişli məqam gözləyirdilər ki, onlara qarşı üsyan etsinlər”. Mərkəzi Şuşa olan Qarabağ xanlıq hakimiyyətini “Fars haki­miyyəti” adlandırmaqla Azərbaycan türk­lərinin burada varlığını şübhə altına alırlar. Halbuki həmin əsrdə Qarabağın tam ha­kimləri Azərbaycan xanları idi. Pənahəli xan burada olan şəhər və kəndlərin əsasını qoymuşdu. Elə həmin zamanlar Xankən­dinin də əsasını qoymuşdu. Qarabağ xanı İbrahim xan qonşu xanlıqlar arasında ən güclü və nüfuzlu dövlətlərin birinin başın­da idi. Elə bu bölümdə erməni uşaqlarına Qarabağ məliklərindən danışılır və 5 mə­likliyinin hamısının erməni məliklikləri olduğu bildirilir. Halbuki bir az təfəkkür sahibi də bilir ki, məlikliyin ermənilərə aidliyi yoxdur, albanların adı belə çəkilmir. Qanzasar monastırını də erməni abidəsi kimi təqdim edən kitab müəllifləri Hasan Calaldan danışarkən onu da erməni olaraq təqdim etmələri gülməli alınır. Buradakı qalaların da ermənilərə aid olduğunu za­valı uşaqlara sırımaq, doğrudan da, tarixi nə dərəcədə saxtalaşdırmağın örnəyidir. Bu bölümün heç bir yerində burada yaşa­yan əhalinin kimliyindən bəhs edilmir və Qarabağa ermənilərin köçürülməsi faktı da dilə gətirilmir.

Kitabda Türkiyənin Şərqi Anadolu vi­layətləri də Ermənistan Respublikasının hədəfləri arasındadır. Eynən Ermənistan Respublikasının 1991-ci il Müstəqillik haqqında bəyannəməsində yer alan fikirlər­di. Özü də bütün bunlar yalnız dərs kitab­larında deyil, Ermənistan dövlətinin başçı­larının dilindən səsləndirilir. 1918-1920- ci illərdə Ermənistanın önəmli vəzifələrindən birini tutmuş, daşnak Ruben Ter-Minasyan xatirələrində ermənilərin etdikləri cinayət­ləri dilə gətirir, onların nə dərəcədə acıma­sız davrandığını etiraf edir. Baxın, müasir erməniliyin, özündən razılığın miqyası­na baxın: “Əgər ermənilər nə vaxtsa Yer üzündən yoxa çıxsalar – məhv edilsələr və ya assimilyasiya olunsalar – bilin ki, on­lar öldürülməyib, özlərini intihar ediblər. Həyat geni erməni şəxsiyyətinin əsasını təşkil edir, erməni üçün yeganə ölümcül təhlükə daxili qarşıdurmadır, özünü daxil­dən məhv etmə gücüdür. “1918–1920-ci illərdə Ermənistan Respublikasının daxili işlər naziri olmuş Ruben Ter-Minasyana aiddir, Daşnaksütyun partiyasının rəhbər­lərindən olan bu şəxs öz xalqını ona görə yaxşı tanıyırdı ki, onun partiya vəzifəsi başqalarından fərqli olmuşdur, 1890-cı il­lərdən başlayaraq ermənilər yaşayan əra­ziləri gəzmək-dolaşmaq olmuşdur. Onun 7 cildlik “Bir erməni inqilabçının xatirələ­ri” kitabında ermənilərin türk millətinə, müsəlmanlara qarşı nifrətinin miqyasını açıqlamışdır.

Ermənistan nəşr olunan bütün kitablar­da Andranik xalq qəhrəmanı kimi təqdim olunur, bu öz yerində. Amma bu “qəh­rəman”ın keçdiyi yoldan bəhs edilərkən onun hansı qəhrəmanlıqları olmuşdur?” sualına doğru-dürüst cavab yoxdur, çünki onun “mübarizəsi” başqalarının, xüsusən türk- müsəlman əhalinin məhv edilməsidir. Kitablarda fəxrlə etiraf olunur: Andranik türkləri məhv etmək üçün mübarizə etmiş­dir. Bu “xidməti” yetər ki, o qəhrəman ad­landırılsın! 

Ermənistanda müasir dövrdə nəşr olu­nan ədəbiyyat və tarix kitablarında dövləti­mizə və xalqımıza qarşı hər cür həqarətlər yağdırılır, tarixi həqiqətlər saxtalaşdırılır. Türkiyə və Azərbaycanın əleyhinə söy­lənən, yazılan hər bir fikir erməni təbli­ğatında əhəmiyyətli rol oynayır. Ermənis­tanın məşhur klassik yazıçılarından olan Hovhannes Tumanyan Andranikin törət­diyi cinayətlərə haqq qazandırırdı. Onun Andranikə məktubu Ermənistanda dərs kitablarında təbliğ olunur. 

“Sevgili Andranik!

Bu qorxunc anın qarşısında hər insan gələcək təhlükənin qarşını almaq üçün və arzulanan sülhə çata bilmək üçün hər nəyə sahibdirsə və nə edə bilirsə hər şeyi ümumi bir damın altında toplanmalı, masaya yatır­malıdır. Mənim dörd oğlum var, dördü də hökumətin, milli məclisin və sənin iradən altındadır, hər nə edə bilirlərsə, dörd qızım da sizə dəstək işlərinə getməyə hazırdır. Mən də, şübhəsiz, onlardan daha qiymətli heç bir şeyə sahib deyiləm.... Mən sarsıl­maz bir şəkildə sənin fırtınalardan keçmiş təcrübənə, parlaq vətənsevərliyinə, azadlıq sevərliyinə və yüksək hərbi qabiliyyətinə inanıram. Sənin qardaş səsin məni nə vaxt və hara çağırsa gəlməyə hazıram. Qəhrə­man alnından öpürəm”.

Bu onu göstərir ki, “humanist” yazar Hovhannes Tumanyan da Andranik kimi bir cəllada dəstək vermişdir. Andraniki bir “qəhrəman” kimi təqdim etmək üçün bu erməni üsulu bütün dərs kitabları üçün xa­rakterikdir.

10-cu siniflər üçün “Erməni tarixi” kitabında yazılır: “1917-ci ildə erməni təşkilatları vətənin dağılmış yerlərini bər­pa etmək üçün çox işlər gördülər. Payızın sonunda artıq burada 300 min erməni ya­şamağa başladı”. Bəs ermənilər yerləşdi­rilərkən buranın yerli sakinlərinin taleyi necə olmuşdur? Deyilir ki, Andranik on­larla bağlı “tədbirlər” görmüşdü. Daha sonra isə qeyd olunur ki, bu tədbirlər gö­rülməsəydi, 1918-ci ilin 28 mayında Ermə­nistan Respublikası elan edilə bilməzdi. 

Ermənicə dərs kitablarında bütün dün­yanın terrorçu olaraq tanıdığı cinayətkarlar “qəhrəman” kimi təqdim edilmişdir. Birin­ci Qarabağ müharibəsində azərbaycanlıla­ra qarşı xüsusi amansız qətliamlar həyata keçirmiş "Tigran Metz", "Sasunlu David", "Andranik Zoravar","Muş","Sasun","A­rabo","Tsegakron","SasnaTsrer","Şuşi", “Yerkrapah”, "Nikol Duman" və başqa er­məni terrorçu dəstələr Azərbaycan ərazilə­rində törətdikləri cinayətlərə görə “sevilir” və təbliğ olunur.

Bəli, terrorçular bu gün Ermənistanda qəhrəman hesab olunurlar. Dünyanın heç bir yerində terrorçuya “qəhrəman” deyil­məz, əksinə millət üçün utanc, xəcalətve­rici bir adam kimi lənətlənər. Amma Ermə­nistanda terrorçulara fərqli münasibət var. Adlarını çəkdiyimiz bu terrorçular türkləri öldürdüklərinə görə qəhrəman sayılır, on­lara heykəllər qoyulur, adları əbədiləşdiri­lir. Onların doğum və ölüm günləri qeyd edilir və xalqa təlqin olunur. Dərs kitabla­rında yazılır ki, “sənin düşmənin türkdür, onu məhv etmək hər bir erməninin borcu­dur”.

Ermənistanda kitabların adı dəyişdiril­sə , onun irqçi məzmunu dəyişməyəcəkdir. Çünki irqçi ənənənin davam etdirilməsi Ermənistan dövlətinin rəsmi siyasətidir.

Qafar ÇAXMAQLI,
“XQ”nin Türkiyə müxbiri



Siyasət