Cari ilin ilk altı ayı ərzində sahibkarların 2744 layihəsinə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 102,7 milyon manat güzəştli kredit verilib.
Fondun məlumatına əsasən, bu dövr ərzində SİF-in güzəştli kreditlərindən 225 qadın sahibkar yararlanıb və onların layihələrinə, ümumilikdə, 6,7 milyon manat güzəştli kredit verilib.
Bununla yanaşı, birinci yarımildə 82 gənc sahibkar müvafiq layihələr üzrə, ümumilikdə, 3 milyon manat güzəştli kredit əldə edib.
Sahibkarlığın İnkişafı Fondunun fəaliyyətini ifadə edən yuxarıdakı göstəricilər son illər ərzində respublikamızda özəl sektorun dinamik inkişafına, qadın iş adamlarının fəaliyyət sahələrinin genişlənməsinə yönələn diqqət və qayğıdan xəbər verir. Güründüyü kimi, bu gün də sözügedən istiqamətdə mühüm layihələr həyata keçirilir, investisiya təşviqi mexanizminin tətbiqinin davam etdirilir. Eyni zamanda, iş adamlarının xərclərinin azalması məqsədilə onlara prioritet sahələr üzrə güzəştli kreditlər ayrılması diqqətdə saxlanılır. Başqa sözlə, güzəştli kreditlər qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleksləri, logistika xidməti, akvakultura, yaşıl və innovasiya yönümlü layihələrin icrasına yönəldilir. Xatırladaq ki, regionlarda təhsil, turizm sahələri, Naxçıvan MR-də və işğaldan azad edilmiş ərazilərdə isə xidmət sektorları da güzəştli kreditlərin veriləcəyi prioritet sahələr sırasındadır.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və uğurlu islahatlar nəticəsində ölkəmizdə özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib, sahibkarlığın ÜDM-də payı 81 faizi, məşğulluqda payı isə 70 faizi keçib. Özəl bölməyə dövlət dəstəyinin daim diqqətdə saxlanılması qeyri-neft sektorunda müasir texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələrinin, infrastruktur sahələrin yaradılmasına, real sektora investisiya qoyuluşlarının sürətlənməsinə əlverişli şərait yaradıb.
Ölkədə sahibkarlığa dövlət maliyyə yardımı mexanizminin formalaşdırılması kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatının ödənilməsini gerçəkləşdirib. Bu, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli maliyyələşmə mexanizmlərinin tətbiqi ilə reallaşıb. Adıçəkilən fondun vəsaiti əsasən, qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilib.
Respublikamızda son illər ərzində özəl bölmənin inkişafına daim qayğı və diqqət göstərilib. Bu sahədə lisenziya tələb olunan fəaliyyət növlərinin sayı əhəmiyyətli dərəcədə azaldılıb, investisiya yatırımının stimullaşdırılması məqsədilə investisiya təşviqi sənədinin verilməsinə başlanılıb, satınalmalar sahəsində kotirovka sorğusu proseduru tamamilə elektronlaşdırılaraq, vahid internet portalı yaradılıb.
Bütün bunlarla yanaşı, sahibkarlığın inkişafını şərtləndirən vergi qanunvericiliyi müasirləşdirilib. Özəl sektorun fəaliyyətini daha da gücləndirilmək məqsədilə şəffaflıq və hesabatlılığın artırılması, rəqəmsallaşmanın geniş vüsət alması, rəqabət mühitinin inkişafının təmin olunması kimi məsələlər hər zaman diqqətdə saxlanılıb.
Regionlarda sahibkarlıq fəaliyyətinin güzəştli maliyyə mexanizmləri ilə təşviq edilməsi də diqqətdə saxlanılır. Ümumiyyətlə, bu məsələ məşğulluğun təmin edilməsi və iqtisadi fəallığın dəstəklənməsi üçün önəmli xarakter daşıyır. Cari ilin ötən ayları ərzində Azərbaycanda verilən güzəştli kreditlərin 70 faizdən çox hissəsinin regionların (Bakı, Sumqayıt və Abşeron istisna olmaqla) payına düşməsi də bunun bariz ifadəsidir.
Son illər sahibkarların güzəştli maliyyə mexanizmləri ilə dəstəklənməsinə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında daha çox üstünlük verilib. Belə ki, 2022-ci ildən etibarən işğaldan azad edilən ərazilərdə sahibkarlıq subyektlərinə 20 milyon manatdan çox güzəştli kredit ayrılıb. Bu il fevral ayının 1-dən isə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarları dəstəkləmək məqsədi daşıyan yeni kredit-zəmanət və subsidiya mexanizmi işə salınıb. Yeni qaydaya əsasən, hər bir sahibkarın müvəkkil kredit təşkilatlarından maksimum 5 milyon manatadək 15 faiz dərəcəsi ilə krediti 7 il müddətinə götürməsi qərara alınıb. Nəzərdə tutulan mexanizm çərçivəsində Şuşa şəhərində bir subyekt kommersiya bankından götürdüyü 800 min manat kreditə qarşı 90 faizə qədər zəmanətlə təmin edilib. Fond tərəfindən artıq həmin kredit üzrə faizlərin 10 faizinin subsidiyalaşdırılmasına başlanılıb.
Fondun vəsaitləri demək olar ki, dövlət büdcəsindən daxilolmalar hesabına formalaşır və kreditləşməyə yönəldilir. Eyni zamanda, SİF tərəfindən hazırda potensial maliyyə vəsaitinin cəlb edilməsi məqsədilə beynəlxalq maliyyə qurumlar ilə birgə araşdırmalar aparılaraq birgə proqramlar hazırlanır.
Sahibkarlığın inkişafından bəhs edərkən bu il iyulun 1-dən qüvvəyə minən Rəqabət Məcəlləsinin tətbiqi və onun biznes mühitinə təsirləri barədə də danışmaq yerinə düşər. Yeri gəlmişkən, ekspertlər tərəfindən inhisarçılıq və haqsız rəqabət halları ilə mübarizədə Rəqabət Məcəlləsinin sahibkarlığın inkişafını stimullaşdıracağı qeyd edilir. “Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair Milli Fəaliyyət Proqramı”nın da kiçik və orta biznes subyektlərinin bazara sərbəst girişinə maneə yaradan amillərin aradan qaldırılmasına xidmət edəcəyi bildirilir.
Ümumiyyətlə, istər Rəqabət Məcəlləsində, istərsə də adıçəkilən Milli Fəaliyyət Proqramı ölkəmizdə rəqabətə davamlı milli iqtisadiyyatın yaradılması, rəqabətlilik mühitinin təminində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, rəqəmsal iqtisadiyyatda rəqabət siyasətinə rəqəmsal baxışın diqqət mərkəzində saxlanılması kimi məsələlərə böyük əhəmiyyət verilib. Bundan başqa, adları çəkilən sənədlərdə istehlak bazarında rəqabət üstünlüyünün gerçəkləşdirilməsinə, eyni zamanda, müəssisələrin rəqabətqabiliyyətliliyinin və dayanıqlılığının rəqəmsal transformasiya texnologiyaları vasitəsilə yüksəldilməsinə həlledici vasitə kimi yanaşılıb.
Sahibkarlığın inkişafını şərtləndirən ən mühüm amil isə hazırda qlobal çağırışlar fonunda respublikamızda mövcud makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyat şaxələndirilməsinin diqqət mərkəzində saxlanılması, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılmasıdır. Həyata keçirilən genişmiqyaslı tədbirlər nəticəsində sahibkarların ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi də bunun bariz ifadəsidir.