İctimaiyyətin COP29 qlobal iqlim konfransından gözləntilərinin, eləcə də iqlim dəyişmələrinin təsirləri kimi müxtəlif önəmli mövzularda məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə COP29 Məlumat Mərkəzi yaradılıb.
Dünən Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə Bakı bulvarında keçirilən açılış mərasimində COP29-un müəyyən edilmiş prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər nazirliyi Muxtar Babayev, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov, eləcə də ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini və Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen iştirak ediblər.
Tədbirdə Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, fərqli tematik zonalarda təşkil olunan müxtəlif rəqəmsal resurslar, eləcə də iqlim dəyişmələrinin təsirləri və bu təsirlərin yumşaldılmasının əhəmiyyətini göstərən interaktiv instalyasiyalar nümayiş etdirilib.
Qeyd edək ki, Məlumat Mərkəzinin müxtəlif tematik zonaları ziyarətçilərə iqlim dəyişmələri və COP29 konfransı haqqında interaktiv və maraqlı təcrübə keçmək üçün yaradılıb. Belə ki, COP tarixi zonasında qonaqlar həmin mühüm konfransın xronoloji və coğrafi tarixçəsi ilə tanış ola, virtual səyahət zonasında VR eynəkləri vasitəsilə nadir immersiv iqlim səyahətinə çıxaraq dünyanın istənilən nöqtəsində landşaft və iqlim şəraitini izləyə bilərlər.
Bununla yanaşı, növbəti aylarda həftəsonu günlərində Məlumat Mərkəzində müxtəlif idman, incəsənət və maarifləndirmə tədbirləri, həmçinin digər fəaliyyətlər təşkil ediləcək.