VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 1-də mədəniyyət nazirlərinin 5-ci görüşü keçirilib.
“Müxtəliflik harmoniyası: qlobal mədəni intibah naminə mədəniyyətlərarası dialoqun təşviqi” mövzusuna həsr olunan görüşə sədrlik edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanda müxtəlif din və ənənələrə sahib insanların hər zaman sülh içərisində yaşadığını bildirib.
Nazir vurğulayıb ki, mədəni və dini fərqlərin bəşəriyyəti bir-birinə zidd tayfalara böldüyü bir vaxtda Azərbaycan təvazökarlıqla dünyada ümid çırağına çevrilir.
Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviç çıxışında Forumun əhəmiyyətindən bəhs edib. O, tədbirin sülhün təşviqini təbliğ etdiyini və bunun çox dəyərli olduğunu söyləyib.
O bildirib ki, hazırda dünyada yeganə dəyər var, bu da sülhdür. Hər bir insan bunun üçün məsuliyyət daşıyır. Beynəlxalq təşkilatlar xalqlar arasında əməkdaşlıq üçün olduqca əhəmiyyətlidir. Biz bu yolla yeni dostlar qazanırıq. “Biz Belarusla Azərbaycan arasında mədəniyyət körpüsü yaratmışıq”, – deyə nazir qeyd edib.
Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova multikulturalizm üçün dialoqa həsr olunmuş bu forumda iştirak etməkdən məmnunluğunu ifadə edib.
Nazir ölkəsində həyata keçirilən mədəniyyət tədbirləri barədə məlumat verib. Bildirib ki, bu cür tədbirlərin təşkilində əsas məqsəd insanların öz ənənələrini unutmaması, bərabər səviyyədə olduqlarını aşılamaqdır.
Gürcüstanın mədəniyyət, idman və gənclər naziri xanım Tea Tsulukiani ölkəsinin öz zəngin xristian mədəniyyəti ilə seçilən dövlət olduğunu vurğulayıb. Eyni zamanda, mədəni müxtəliflik sahəsində Gürcüstanda müvafiq sənədlərin hazırlandığını və qəbul edildiyini bildirib. O diqqətə çatdırıb ki, bu sənədlər mədəni müxtəliflik üçün müvafiq mühit yaradılmasına fayda verir.
“Azərbaycanla dostluğumuzu, tərəfdaşlığımızı yüksək dəyərləndiririk. Bunu hər beynəlxalq tədbirdə bildiririk. Həmçinin Azərbaycanla şərəf hissi ilə əməkdaşlıq edirik”, –deyə Tea Tsulukiani söyləyib.
Görüşdə çıxış edən Malta Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Reymond Bondin bildirib ki, Azərbaycan çox vacib irsə malikdir, onun böyüklüyü valehedicidir. “Azərbaycana bu cür görüşləri təşkil etdiyi üçün çox təşəkkür edirəm. Bu tədbirlər son dərəcə vacibdir”, – deyə R.Bondin əlavə edib.
Birləşmiş Ərəb Əmirliklərinin mədəniyyət naziri Şeyx Salem Xalid Abdullah Məhəmməd Əl-Qasimi bu Forumun Azərbaycanın COP29-a evsahibliyi etməyə hazırlaşdığı bir vaxta təsadüf etdiyini deyib. O, Bakıda keçiriləcək COP29-un qlobal iqlim problemlərinin həllinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu vurğulayıb.
MDB Baş katibinin müavini Denis Trefilov mədəniyyətlərarası dialoqun güclənəcəyinə və inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib. O, MDB dövlətləri arasında qarşılıqlı əməkdaşlığın əhəmiyyətini vurğulayayıb.
Liviyanın mədəniyyət və təhsil naziri Mabruka Osman bildirib ki, dünya hazırda mübarizə dövründədir. Bu beynəlxalq sülh və stabilliyə təsirini göstərir.
İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi İsmaili çıxışında deyib ki, beynəlxalq təşkilatlar sülh və əmin-amanlığın qorunması məsələsi ilə məşğul olmalıdır. “Bu istiqamətdə bir çox mədəniyyətlərarası layihələrə ehtiyac var ki, sülh içində yaşamağa, birliyə və bərabərliyə nail olunsun”, – deyə o diqqətə çatdırıb.
Tədbirdə çıxış edən digər ölkə nümayəndələri VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açıblar. Qeyd edilib ki, bu forum sülhün bərqərar olunmasına öz töhfələrini verəcək.
XQ