Hikmət Hacıyev: COP29 Azərbaycanın qətiyyətini, diplomatik və siyasi cəsarətini nümayiş etdirir

post-img

Son illər Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin daşımalarda Avrasiya üçün əhəmiyyəti kəskin şəkildə artıb. Şimal–Cənub və Şərq–Qərb istiqamətlərində nəqliyyat yollarının kəsişməsində yerləşən Azərbaycan çoxsaylı tədbirlər həyata keçirir. Dəniz ticarət limanlarının genişləndirilməsi, istehsal edilən gəmilərin sayının artırılması, dəmir yollarının modernləşdirilməsi istiqamətində görülən işlər, dəniz və quru yükdaşımalarının həcminin davamlı artması ilə Azərbaycan Cənubi Qafqazda mühüm nəqliyyat və logistika mərkəzinə çevrilməkdədir. 

Bu fikirlər Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Ad­ministrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Çinin “Phoenix” telekanalına müsahibəsində səsləndirilib. 

Azərbaycanın Çin Xalq Respublika­sının Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olduğunu xatırladan Prezidentin köməkçisi bildirib ki, bu layihə marşrut boyu yerləşən ölkələrin ümu­mi rifahına müsbət təsir göstərib, onlar arasında əməkdaşlığı möhkəmləndirib, həmçinin sivilizasiyalararası dialoqu təş­viq edib və bunun sayəsində beynəlxalq ictimaiyyət qədim Çin sivilizasiyasından bəhrələnib. “Biz bu layihəni marşrut boyu ölkələrə firavanlıq gətirə biləcək əmək­daşlıq, tərəfdaşlıq və qarşılıqlı firavanlıq kimi görürük. Xəzər dənizi ilə Qara dəniz arasında yerləşən Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqə­dir”, – deyə H.Hacıyev qeyd edib.

Bu yaxınlarda Çinin Sian şəhərindən gələn qatarın Qazaxıstandan və Xəzər dənizindən keçərək Azərbaycana cəmi 11 günə çatmasına toxunan Prezidentin köməkçisi vurğulayıb ki, nəqliyyat nöq­teyi-nəzərindən bu marşrut çox vacib, rəqabətədavamlı və mümkün olduğunu bir daha sübut etdi. Eyni zamanda, bu marşrut təhlükəsiz və etibarlıdır. Biz bu ticarət yolunun səmərəliliyini və rəqabət qabiliyyətini daha da artırmaq üçün çinli dostlarımızla çox çalışırıq.

Diqqətə çatdırılıb ki, Azərbaycan, həmçinin Bakı–Tbilisi–Qars dəmir yo­lunun ötürücülük qabiliyyətini artırmaq istiqamətində səy göstərir. Çünki mallar təkcə Şərqdən Qərbə deyil, həm də əks istiqamətdə daşınır. Avropa şirkətləri və qitənin ticarət institutları Çin və Mərkəzi Asiya bazarlarına çıxmaq üçün bu marş­rutdan istifadə edə bilərlər. Vurğulanıb ki, Azərbaycan Şərq–Qərb marşrutu ilə ya­naşı, Şimal–Cənub marşrutunu da inkişaf etdirir. Bütün bunlara görə Azərbaycan Avrasiya qitəsində nəqliyyat və logistika mərkəzi hesab olunur. 

Son illər Azərbaycanın qeyri-neft iq­tisadiyyatının inkişafına diqqət yetirdiyini və iqtisadi şaxələnməyə nail olmağa ça­lışdığını qeyd edən H.Hacıyev ölkəmizdə yaradılan günəş elektrik stansiyalarına diqqət çəkib. Bildirib ki, bu, Çinlə Azər­baycan arasında yaşıl enerji sahəsində əməkdaşlıqda mühüm mərhələdir. 

Müsahibədə bu il Azərbaycanda ke­çiriləcək COP29-a da toxunulub, ötən konfransda irəliləyiş əldə olunmayan iqli­min maliyyələşdirilməsi məsələsinin Bakı konfransında əsas mövzuya çevriləcəyi qeyd edilib. 

Eyni zamanda, Azərbaycanın Avropa enerji təhlükəsizliyinin təminatçısı olduğu, bir çox Avropa ölkələrinə neft və təbii qaz ixrac etdiyi bildirilib. Qeyd olunub ki, Çinlə də Azərbaycan arasında enerji sahəsində sıx əməkdaşlıq mövcuddur, Çin şirkətləri neft və təbii qaz layihələrində iştirak edir­lər. Vurğulanıb ki, yaşıl keçid Azərbaycan üçün prioritet sahəyə çevrildiyinə görə Çin şirkətləri ölkəmizin iqtisadiyyatının şaxələndirilməsində yaxşı tərəfdaşlardır. 

Diqqətə çatdırılıb ki, Azərbaycanda Çinin qlobal yaşıl transformasiya sahə­sində liderlik etdiyini görməkdən çox şaddırlar. Həmçinin Çin yaşıl keçidin mümkünlüyünü faktiki olaraq sübut edib. “Yaşıl enerjiyə keçid bizim prioritetlərimiz­dən biridir. Biz COP29 və ondan sonrakı mərhələdə çinli dostlarımızla fəal işləmə­yi səbirsizliklə gözləyirik”, – deyə Hikmət Hacıyev əlavə edib. 

COP29-un Azərbaycanın qazıntı ya­nacağına sahib olan ölkə kimi qətiyyətini, eyni zamanda, diplomatik və siyasi cə­sarətini nümayiş etdirdiyini söyləyən Pre­zidentin köməkçisi qeyd edib: “Bu, həmçi­nin bizim güclü və qəti iradəmizi göstərir. Azərbaycan göstərdi ki, biz qərarlıyıq, karbohidrogen ehtiyatları ilə yanaşı, həm də yaşıl enerjinin tərəfdarı olmaq istəyirik və bu konsepsiyaya töhfə verməyə hazı­rıq”. 

Müsahibədə, həmçinin Çinin və Azər­baycanın beynəlxalq aləmdə həmişə sıx əməkdaşlıq etdikləri, çoxtərəfliliyi qətiy­yətlə dəstəklədikləri və inkişaf etməkdə olan ölkələrin maraqlarını qoruduqları diqqətə çatdırılıb.

Sonda Çin-ABŞ münasibətlərinə toxunulub, rəsmi Pekinə qarşı ədalətsiz rəqabətin qloballaşmaya və dünya vətən­daşlarının rifahına kömək etmədiyi vurğu­lanıb. 

XQ

Son xəbərlər