Dünən Azərbaycan Mətbuat Şurasında AMEA Ədəbiyyat İnstitutu mətbuat tarixi və publisistika şöbəsinin nəşrə hazırladığı “Ziyayi Qafqaziyyə (1880–1884)” qəzetinin kitab-toplusunun təqdimatı keçirilib.
Mərasimi giriş sözü ilə açan MŞ sədri Rəşad Məcid bildirib ki, Azərbaycan milli mətbuatı tarixində mühüm yerə və rola malik “Ziyayi-Qafqaziyyə” qəzetinin transfoneliterasiyasının “Ziyayi Qafqaziyyə (1880-1884)” kitabı şəklində işıq üzü görməsi milli jurnalistikamızın ilk dövrünün daha dərındən və əhatəli öyrənilməsinə növbəti dəyərli töhfədir. O, kitabın Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə ərsəyə gəldiyini diqqətə çatdırıb.
Rəşad Məcid daha sonra deyib ki, “Ziyayi-Qafqaziyyə” “Əkinçi” qəzetinin bağlanmasından sonra mətbu nəşr boşluğunu aradan qaldıraraq, varislik missiyası yerinə yetirib. Bu anadilli nəşr səhifələrində XIX əsrin sonlarında Azərbaycandakı ictimai-siyasi vəziyyəti işıqlandırıb, dövrün ağrılı problemlərinə toxunub, milli mətbuatımıza mövzu və janr zənginliyi gətirib.
Bildirilib ki, “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirmək kimi məsul və çətin işi fədakar tədqiqatçı, “Vətən uğrunda” qəzetinin baş redaktoru olmuş mərhum Müştəba Əliyev yüksək səviyyədə yerinə yetirmişdi. Yeni nəşrin baş redaktoru və ön söz müəllifi AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Toplu akademik Teymur Kərimlinin, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədlinin və filologiya elmləri doktoru Elçin Mehrəliyevin rəyi ilə çap edilib.
Toplantıda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktor müavini Mehman Həsənov, tanınmış jurnalist, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynova, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professorları Cahangir Məmmədli və Allahverdi Məmmədli, kitabın redaktoru, Ədəbiyyat İnstitutu mətbuat tarixi və publisistika şöbəsinin müdiri, professor Vüqar Əhməd, MŞ İdarə Heyətinin üzvləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı və “Bayraqdar media”nın baş redaktoru Azər Həsrət, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondu Yayımlarının direktoru Əsəd Aslanoğlu, tarix elmləri namizədi, dosent Akif Nağı və başqaları əvvəl “Ziya”, sonra “Ziyayi-Qafqaziyyə” adı ilə çıxmış qəzetin materiallarının çağdaş oxuculara çatdırılmasının önəmini vurğulamışlar.
Natiqlər qeyd ediblər ki, “Əkinçi” ənənələrini davam etdirmiş və ümmətçilikdən millətçiliyə keçidə məşəl yandırmış mətbu nəşrdə əsr yarım əvvəl qaldırılmış məsələlərin əhatəli öyrənilməsində bu toplu zəngin bir mənbədir. Milli mətbuatımızın sonrakı nəşrlərinin də transfoneliterasiya olunmuş toplularının hazırlanması zəruridir.
T.RÜSTƏMLİ
XQ