Problem ictimailəşdirilirsə, hüquqi və əxlaqi normalara əməl edilməlidir

post-img

Müşfiq ƏLƏSGƏRLİ,
XQ-nin media eksperti

Bakıda yeniyetmə qıza qarşı məktəbli tərəfindən törədilmiş zorakılıq faktı aylar öncə baş verib. Amma indi ictimailəşdirilməklə diqqət çəkib. Əsas müzakirələr də bundan sonra açılıb. Cəmiyyət səfərbər olunub. Zorakılıq faktının doğurduğu ağır nəticələrin aradan qaldırılması, bənzər hadisələrin təkrarlanmaması üçün addımlar atılması istənilir. Əgər problem ictimailəşdirilməsəydi, diqqət çəkməzdi, üzərinə gedilməzdi. Cəzasız qalar, oxşar hadisələrin təkrarlanmasına yol açardı. 

Bu kontekstdə media təmsilçiləri, so­sial şəbəkə fəalları düzgün addım atıblar. Zorakılıq faktını ifşa edən informasiyanı yaymaqla ictimai diqqət çəkiblər. Cəmiy­yətin bu cür neqativlərə qarşı səfərbər olunmasını təşkil ediblər. 

Amma faktı elə təqdim ediblər ki, fayda verdikləri kimi, ziyan da gətiriblər. Hüquqi araşdırma aparılmadan, mütəxəssis rəyi öyrənilmədən, zərərçəkən və zərərvura­nın fikrini soruşmadan “şərh bölümünə keçiblər”, hadisəni istədikləri kimi yozub­lar. Bu azmış kimi, həm cinayət törədənin, həm də cinayət qurbanı olanın ad-soya­dını, ünvanını, fotosunu yayıblar. Hadisə­nin detallı təsvirini verən videogörüntüləri yaymaqla, hadisə iştirakçısı olmuş yeni­yetmələrin nəinki bu gününə, sabahlarına da zərbə vurublar. Bu görüntülər, bu ad və soyadlar, təsvirlər, ünvanlar internet infor­masiya resurslarında daimi qalacaq; ci­nayəti törədənlə yanaşı, cinayətin qurbanı olan gənci də ömrü boyu təqib edəcək. Onlar böyüyəcəklər, hadisənin təsirindən çıxmağa, normal cəmiyyətə uyğunlaşma­ğa çalışacaqlar. Amma internet informasi­ya resurslarında mürgüləyən bu təsvirlər onların yollarını bağlayacaq, sağlam həyata reablitasiyalarını əngəlləyəcək. Mövcud narahatlıq həm də bu məqamla bağlıdır.

Sosial şəbəkə fəalları bu detalları nə üçün tirajlayırlar? Faktı pisləmək, qına­maq üçünmü? Bəlkə də niyyətləri budur. Amma təsvirlərdən belə görünmür. Əgər niyyət faktı pisləmək olsaydı, düzgün yo­rum verər, düzgün istiqamət göstərərdilər. Zorakılığa, qəddarlığa, qisasçılığa çağırış etməzdilər. Nəzərə alardılar ki, məktəbli­nin törətdiyi zorakılıq faktında xuliqanlıq hərəkətlərinin əlamətləri olduğuna görə, hüquq-mühafizə orqanları tərəfindən ci­nayət işi qaldırılıb. Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə istintaq hərəkətləri da­vam etdirilir. Proses tamamlanacaq, zəru­ri ölçü götürüləcək. 

Müşahidə olunan hal budur ki, sosi­al şəbəkələrdə kütlənin diqqətini çəkən mövzular – qəzalar, boşanmalar, zorakı­lıqlar, cinayət xəbərləri xüsusi şövqlə ti­rajlanır. Bu xəbərləri ilk olaraq kimin pay­laşması yönündə, sanki yarış keçirilir. Kim çox oxucu qazanacaq, “layk toplayacaq” – meyar budur. 

İnsanların faciəsini, ağrılarını, fəryad­larını çəkib tirajlamaq adi hal kimi qəbul edilir. Bir həftə öncə Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsinə də eyni kontekstdən yanaşıldı. Hadisənin foto və videogörüntüləri paylaşıldı. Gö­rüntülərin bir qismində yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkilləri, digər qismində isə qətlə dair detallı görüntülər əks etdirildi. Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası bəyanat yayaraq fak­tı pislədilər. Bildirdilər ki, bu cür yanaşma “Media haqqında” Azərbaycan Respubli­kası Qanununa, həmçinin, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”­nın prinsiplərinə ziddir. Yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiy­yəti barədə hər hansı məlumatlar həmin şəxslərin qanuni nümayəndələrinin razılı­ğı olmadan yayıla bilməz. Görünən budur ki, deyilənlər nəzərə alınmır. Çox təəssüf ki, 13 fevral, həm də 19 fevral hadisəsi ilə bağlı informasiyalar paylaşılarkən, bu prinsiplər gözlənilmədi. Qanunvericiliklə yanaşı, peşə etikasının tələbləri də ciddi şəkildə pozuldu.

Bədbəxt hadisələr, cinayət hadisələri, terror hadisələri barədə reportaj hazır­lamağın, informasiya yaymağın şərtləri “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”nın 3-cü prinsipində çox aydın şəkildə ifadə olunub. Həmin prinsipin 3.6; 3.7; 3.8; 3.9 və 3.11-ci maddələri bu is­tiqamətdə zəruri bilgilər verir. O maddələr­də göstərilir ki, yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatlar həmin şəxslərin qa­nuni nümayəndələrinin razılığı olmadan yayımlana bilməz. 3.11-ci maddədə isə qeyd edilir ki, jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barə­də reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. 

Yaxşı olardı ki, jurnalistlərlə yanaşı, so­sial şəbəkə istifadəçiləri də “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları” ilə tanış olsunlar. Bu qaydalar jurnalistlər üçün hazırlanmış olsa da, ümumilikdə xə­bər istehsalçıları, o cümlədən, sosial şə­bəkə istifadəçiləri üçün faydalı məlumatlar verir. Həcmi də çox qısadır: cəmi 4 səhifə­dən ibarətdir.

Sosial həyat