İkinci, guya, birinci dinləmir, amma...
Məlum olduğu kimi, Ermənistanın baş naziri Nikol Paşinyan Münxendə erməni icmasının nümayəndələri ilə görüşdə bildirmişdi ki, Qarabağın öz müqəddəratını təyin etməsi məsələsində beynəlxalq ictimaiyyət Ermənistanı dəstəkləməyib. Görünür, Nikolun bu fikirləri ölkənin keçmiş xarici işlər naziri Vardan Oskanyanı dilə gəlib.
Oskanyan yerli “Beşinci kanal”a müsahibəsində Nikolun dediklərinə qarşı çıxıb. Əlbəttə, bu zaman adəti üzrə cəfəngiyyata varıb. Ümumən, Vardan cəfəng danışmaq üzrə mütəxəssisə çevrilib və əslində, keçmiş XİN başçısının sərsəmləmələrinə diqqət yetirməmək də olardı. Ancaq bir məqam var ki, ona görə Oskanyanın nələri bildirdiklərinin üzərində dayanmağı vacib sayırıq. O hansı məqamdır, yazının son bölümündə biləcəksiniz.
Əlqərəz, V.Oskanyan deyib ki, Qarabağ probleminin həlli prosesində heç bir ölkə Qarabağın öz müqəddəratını təyin etməsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində baş verməli olduğunu dəstəkləməyib. Göründüyü kimi, keçmiş XİN rəhbəri danışmaq naminə danışır.
Məsələ burasındadır ki, diplomatiya adına parodiyaya çevrilmiş bu şəxsin qaldırdığı məsələ, ümumiyyətlə gündəlikdə olmayıb. Eyni zamanda, Oskanyanın dedikləri heç də Paşinyana məntiqi cavab mahiyyəti daşımır. Onun dilə gətirdiyi yalnız manipulyasiyadır. İfadəyə baxın, Qarabağın Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müqəddəratını təyin etməsi. Belə əndərəbadi, absurd fikir olar? Hər şeyi bir kənara qoyaq, bir halda ki, müqəddərat təyin olunur, bu, hansısa ölkənin ərazi bütövlüyünə əsaslana bilərmi? Əlbəttə, yox!
Bəli, doğrudur ki, Qarabağ problemi üzrə danışıqlar prosesində bölgəyə Azərbaycanın tərkibində ən yüksək statusun verilməsi məsələsi nə vaxtsa müzakirə predmetinə çevrilib. Paşinyanın isə dediyi bu idi ki, beynəlxalq ictimaiyyət məsələni bölgə ermənilərinin öz müqəddəratlarını təyin etməsi kimi qarşılamayıb.
Oskanyana gəldikdə, o vurğulayır ki, guya, özünün də tərkibində yer aldığı erməni hökuməti Qarabağın müqəddəratını təyin etməsini reallaşdırmaq üçün ciddi imkana malik olub. “Nikol Paşiyan bu fürsəti 2018-ci ildə daha çox əldə etdi. Əgər o, proseslərin (Qarabağ danışıqlarının – red.) məntiqindən kənara çıxmasaydı, inanın ki, bu gün bizim keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sərhədləri daxilində referendumun keçirilməsi perspektivi ilə aralıq statusumuz olardı”, - deyə V.Oskanyan vurğulayıb.
Məsələ ondadır ki, Azərbaycan heç vaxt Qarabağın öz tərkibindən kənarda tutulmasına, bununla bağlı hansısa düşüncənin hakim kəsilməsinə imkan verməyib. Yəni, Oskanyanın söylədikləri nağıldır. Həm də ona görə ki, otuz ilə yaxın müddətdə istər Oskanyan, istərsə də digər erməni rəsmilərinin çalışdıqları ancaq vaxtı uzatmaq olub. Yəni, vaxt uzadıb nəsillərin əvəzlənməsinə ümid bəsləyərək, Azərbaycanın Qarabağ itkisi ilə barışması reallığını formalaşdırmaq.
Lakin bu taktika özünü doğrultmadı. Əlbəttə, Oskanyan onda haqlıdır ki, N.Paşinyan hakimiyyətə gələndə hər şeyi sıfırdan başladı. Daha dəqiq ifadə etsək, o, danışıqlar prosesini dalana dirədi. Oskanyan bunu “Qarabağın itirilməsinin anatomiyası” da adlandırmaqda sərbəstdir. Amma hər bir halda Azərbaycanın mövqeyi qarşısında ümumi nəticə dəyişmir. Mövqe isə həmişə prinsipial əhəmiyyət daşıyıb, güzəştsizliyi rəhbər tutub, Qarabağı ölkəmizdən kənar nəinki görməyib, hətta bunun şübhələndirilməsinə azacıq da olsa imkan tanımayıb.
Ermənistanın keçmiş XİN rəhbəri hazırkı baş nazir N.Paşinyanın 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatdan yayınmasından da söz açıb. Onun bildirdiyi budur ki, sözügedən bəyanat Qarabağın muxtar statusunu təsdiqləyirdi. Lakin Oskanyanın fikrincə, sonrakı Praqa sammiti (Azərbaycan və Ermənistan liderlərinin 2022-ci ilin oktyabrında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilmiş görüşü) zamanı bu status nəzərə alınmadı.
Sabiq XİN rəhbəri bildirir ki, Paşinyan Madrid prinsiplərinə əsaslanmalı və sənədi keçmiş hökumətlə müzakirə etməyə çalışmalı idi. Guya ki, onda vəziyyət tamam başqa cür olardı. “Əgər Ermənistan hökuməti üçtərəfli bəyanatdan kənara çıxmasaydı, bu gün daha sıxılmış sərhədlər daxilində fəaliyyət göstərən Laçın dəhlizi və Qarabağ olardı. Sənəddən kənara çıxmaq Qərb vasitəçiliyi naminə Rusiyanın vasitəçiliyindən yayınmaq idi. Ermənistan tərəfi tələsik indiki mərhələdə nəzərdə tutulmayan addımlar atdı”, - deyən Oskanyan hesab edir ki, bütün bunlar Azərbaycanın xeyrinə işlədi.
Ermənistanın keçmiş XİN rəhbəri Qarabağ itkisinin əsas komponenti kimi Praqa görüşü sonrası səslənmiş bəyanatın üzərində dayanır. “Praqa bəyanatından sonra əgər Paşinyan müxalifəti, xüsusən də mənim məsləhətlərimi dinləsəydi və sülh danışıqlarının gündəliyinə sovet dövründə Qarabağın muxtariyyət statusuna malik olması faktını daxil etsəydi, bəlkə də vəziyyət bir qədər fərqli olardı”, - deyən Oskanyan bu yolla ən azından Qarabağ ermənilərinin öz evlərində yaşamalarının mümkünlüyü qənaətindədir. Əlbəttə, o ciddi şəkildə yanılır. Birincisi, “Qarabağ xalqı” ifadəsinə üstünlük verir ki, belə anlayışı Paşinyan iqtidarı da gündəmə gətirmişdi. Ancaq proseslər göstərmişdi ki, yanaşma kökündən yanlışdır. Daha doğrusu, ölkəmiz sözügedən yanaşmanın qeyri-məqbulluğunu, qəbuledilməzliyini sübuta yetirmişdi.
İkincisi, sabiq XİN başçısı Praqa bəyanatının düzgün olmadığını, yuxarıda göstərilən ssenarinin reallaşacağı təqdirdə, “Qarabağ xalqı” ilə danışıqlar aparılmasının mümkünlüyündən söz açır ki, bu da tam cəfəngiyyatdır. Çünki Azərbaycan hələ onun özünün nazir olduğu dövrdə gedən danışıqlar prosesində Qarabağı ayrıca tərəf kimi əsla qəbul etməmişdi. Müharibə qalibinə çevrildikdən sonra isə məsələyə heç bir halda razılıq verməzdi. Azərbaycan Qarabağın erməni əhalisinin ölkəmizə inteqrasiya məntiqini irəli sürmüşdü ki, bununla nə rəsmi İrəvan, nə də onun xaricdəki havadarları hesablaşdı. Onlar Qarabağdakı keçmiş separatçı rejimin “əhəmiyyətini” yüksəltməyə çalışdılar ki, lokal xarakterli antiterror tədbirləri nəticəsində belə davranışın hansı acınacaqlı aqibətlə yekunlaşdığını hamı gördü.
Qeyd edək ki, V.Oskanyan həmişə Qarabağ mövzusunda hansısa fikir bildirəndə yekun olaraq özünü optimist notlara kökləyir. O anlamda ki, qocalanda çoban itinə oxşayan bu məxluq hələ heç nəyin itirilmədiyinə dair mesajlar verir. Çox güman, hesab edir ki, Paşinyan iqtidarında kimsə onu çağırıb məsləhət alacaq.
Yenə eyni “dəst-xəttini” davam etdirən Oskanyan bildirir ki, guya, Qarabağ ermənilərinin geri qayıtmalarına israrlı yanaşılsa, danışıqlar prosesində dəyişiklik şansı qalacaq. Hətta o, haqqında söz açdığı məsələni bu prosesin tərkib hissəsinə çevirməkdən də dəm vurur.
Əlbəttə, əsas məsələ V.Oskanyanın nə dedikləri deyil. Başlıca məqam Ermənistan iqtidarının da yekunda keçmiş XİN rəhbərindən fərqli və konstruktiv yanaşma ortaya qoya bilmək potensialının mövcud olmamasıdır. Heç şübhəsiz, Paşinyanın komandasında, yaxud ona yaxın dairələrdə kimlərsə Oskanyanı dediklərinə görə qınayacaq, hətta keçmişi yada salıb onu təhqir edənlər də tapılacaq.
Sonda haqqında söz açacağımızı bildirdiyimiz məqama keçid alaq. Əsl problem ondadır ki, nəticə etibarilə biz hazırkı erməni iqtidarının təmsilçilərinin keçmişdə hakimiyyətdə olanlardan hansısa formada fərqli davrandıqlarını görmürük. Paşinyan özü dolayısı ilə bəyənmədiyi erməni müxalifətinin, revanşistlərin Qarabağ mövzusundakı sərsəmləmələrini gündəmə gətirib, həmin sərsəmləmələri bir qədər fərqli təqdimatda danışıqlar masasına daşımağa cəhd göstərib. Hər dəfə də istəyi gözündə qalıb. Beləliklə, bir tərəfdən sülh prosesi pozulub, digər yandan isə Ermənistan özü üçün sərfəli olan sülh şərtlərini daha da ağırlaşdırıb. Hazırda Oskanyanın “məsləhətləri” də İrəvan üçün durumu gərginləşdirməkdən başqa bir şey deyil. Deməli, qalır Paşinyanın “məsləhətlərə” qulaq asması...
R.ƏVƏZ
XQ