Bakı şəhər sakini olan bir qadının qızıl boyunbağısını quldurluq yolu ilə talamaqda şübhəli bilinən S.Musayev saxlanılıb
Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları bununla bağlı əməliyyat keçiriblər. Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş S.Musayev istintaqa təhvil verilib.
Bakı Şəhər Baş Polis İdarəsi və Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda rayon ərazisində 3 nəfərin ümumilikdə 1400 manat və 200 ABŞ dolları pulunu, içində sənəd və bank kartı olan pulqabılarını, daha 3 nəfərin isə mobil telefonlarını oğurlamaqda şübhəli bilinən Ş.Məmmədov müəyyən olunaraq saxlanılıb.
Suraxanı RPİ 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə (soyğunçuluq) axtarışda olan S.Məmmədov saxlanılıb.
Onun yanvarın 28-də Binəqədi rayonu Xocəsən qəsəbəsi ərazisində “Mercedes” markalı avtomobildə sürücünü kəsici alətlə hədələyərək quldurluq yolu ilə 1384 manat pulunu talaması da müəyyən olunub.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ