Rəsm və əl işləri sərgisi keçirilib

post-img

“Sağlamlığın Qorunması” İctimai Birliyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Sara Xatun” Mədəni Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə Xətai sənət mərkəzində “Gənclər Günü” münasibətilə “Rəsm və əl işləri” sərgisi keçirilib.

Sərginin keçirilməsində məqsəd gənclərin sənətkarlığa marağının artırılması, onların istedad və bacarıqlarının üzə çıxarılması, tədbirlərdə və layihələrdə iştirakını dəstəkləmək, habelə cəmiyyətdəki fəallığını təmin etməkdir. 

  Sərgidə rəssam Lalə Hüseynzadə, Leyli Abbasova, Gülanə Qasımlı, Şəfa Əsgərova, Arzu Zeynalova, Aysu Əsgərli, Aydan Poladovanən rəsm əsərləri, Aytac Həsənova, Salatın Qasımova və Nuranə Hacıyevanın isə əl işləri sərgilənib. 

Eyni zamanda, sərgidə şəhid övladlarının da əl işləri və rəsmləri nümayiş olunub.   Sərgidə milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət rəsmlər, həmçinin əl işləri nümayiş olunub.

  Sərgini giriş sözü ilə “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri Yazgül Abdıyeva açıb və sərginin keçirilmə məqsədindən, İB tərəfindən həyata keçirilən bu tədbirlərin mütəmadi xarakter daşımasından bəhs edib. O, ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq, belə sərgilərin gənclərimizin istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb. 

Qeyd edək ki, “Sağlamlığın qorunması” İctimai Birliyi “sağlam nəsil, sağlam gələcək” devizi altında bir çox layihələrə imza atmışdır. İctimai Birlik tərəfindən mütəmadi olaraq belə sərgilər təşkil olunur. Belə ki, İB-nin sədri Yazgül Abdıyeva tərəfindən  2020-ci il fevralın 2-də və 2022-ci il fevralın 5-də gənc rəssamların rəsm sərgisi keçirilib. Üçüncü dəfə həyata keçirilən bu sərgi də onlardan biridir.

 Tədbirdə çıxış edən “Zəfər” Şəhid Ailələrinə Dəstək İB-nin sədri Sevinc Orucova, “Sara Xatun” Mədəni Maarifçilik İB-nin sədri Pərvanə Mustafayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nigar Helmi Abbasbəyli, Əməkdar artist Nuriyyə Hüseynova, şairə-həkim Rəfiqə Abbasova, şairə Aybəniz Qaragilə, şair Gəray Göyyurd, şəhid ailələri və digər qonaqlar gənclərin fəaliyyətini yüksək qiymətləndirib, onlara yaradıcılıq uğurları arzulayıblar. 

Sonda Yazgül Abdıyeva və digər təşkilatlar tərəfindən rəssamlar və əl işləri nümayiş olunan gənclər “Gənclər gününə həsr olunmuş” sərgidə fəal iştiraklarına görə təltif ediliblər.

 

Z.HÜSEYNOVA

XQ

 

 





Mədəniyyət