Budəfəki seçkilərin böyük rəmzi mənası var

post-img

2024-cü ilin 7 fevral tarixində xalqımızın yenidən öz siyasi iradəsini ortaya qoyacağına əminəm. Əvvəlki seçkilərlə müqayisədə 2024-cü il Prezident seçkisinin üzərimizdəki mənəvi yükü daha böyükdür. Bir xalqın və bir dövlətin yaşamının 30 il boyunca hər sahəsinə öz təsirini göstərmiş, ümümxalq yarasına çevrilmiş Qarabağ savaşının bitməsi və ərazi bütövlüyünün bərpası Azərbaycanın yeni şanlı tarix səhifəsinin açılması deməkdir. Bu baxımdan 7 fevral seçkilərinin böyük rəmzi mənası var. 

Bu fikirləri Azərbaycan-Türk Evinin sədri, “Azəri-Türk Qadınlar” Birliyinin rəhbəri Tənzilə Rüstəmxanlı bildirib. 

O qeyd edib ki, bu il xalq olaraq, ölkəmizin hər bir bölgəsində böyük məqsədlər və hədəflər uğrunda irəliləyən Azərbaycanın bütövləşən ərazisində prezident seçkilərində iştirak etmək vətəndaşlıq borcumuz olacaq! Çünki müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, seçkilər bütün ölkə ərazisində keçiriləcək. 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb.

T.Rüstəmxanlıya görə, növbədənkənar prezident seçkilərinin keçirilməsi də məhz ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Bir sözlə, 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini “Zəfər seçkiləri” adlandırsaq, daha düzgün olar. Bu, bir həqiqətdir ki, hər bir şəxs seçkilərdə vətəndaş mövqeyini ortaya qoymaqla, həm də namizədin seçki proqramı, onun fəaliyyəti və seçicilərə verdiyi vədlərin yerinə yetirməsinin səviyyəsini də göz önündə tutur.

Birlik sədri əlavə edib ki, bu gün dövlətimiz Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Hazırda Azərbaycan özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Bu baxımdan, seçkilərdə iştirak etmək gələcəyimizi, hədəflərimizi müəyyənləşdirmək xalqımız üçün olduqca mühüm tarixi vəzifədir. Hesab edirəm ki, seçki şüuru, təfəkkürü olan hər bir fərd, hər bir vətəndaşımız məntəqələrə üz tutmalı, Azərbaycanın işıqlı sabahına, qüdrətli gələcəyinə səs verməlidir.  

Anar ƏLİ

XQ

Siyasət