116 saylı Qəbələ seçki dairəsində aşağı seçki komissiyalarının 354 üzvü treninqlərə cəlb olunub

post-img

Fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinə hazırlıq çərçivəsində 116 saylı Qəbələ seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün maarifləndirici treninqlər davam edir.

Yanvarın 17-dən başlanan treninqlərə dairənin tərkibində olan 59 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri, ümumilikdə, 354 nəfər cəlb olunub. Dairə seçki komissiyasının sədri Zülfüqar Cəfərovun verdiyi məlumata görə, treninqlərin ilk iki günündə məşğələlərdə 24 seçki məntəqəsi üzrə 144 nəfər iştirak edib. Treninqlərin üçüncü günü, yanvarın 19-da keçirilən məşğələlərdə də 12 seçki məntəqəsinin komissiya üzvləri iştirak edirlər. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak etmiş Aqil Kərimov və Rəşad Mürşüdov aparırlar.

Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilir. Diqqətə çatdırılır ki, seçkilərin şəffaf keçirilməsi məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsindən çox asılıdır. Ona görə də, komissiya üzvləri öz peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını daha da artırmalı, seçki günü üzərlərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər.

Dairə üzrə treninqlər beş gün davam edəcək.

Dairə seçki komissiyası sədrinin məlumatına görə, dəqiqləşdirilmiş son seçici siyahılarına görə, seçicilərin ümumi sayı 53 min 600 nəfərdir. Onlardan 856 nəfəri 80-100 yaş arasındadır. 3720 gənc isə ilk dəfə səs verəcək. İndiyədək 120 nəfər yerli müşahidəçi dairədə qeydiyyatdan keçib.

Maarifləndirici treninqlər bölgədə fəaliyyət göstərən digər seçki dairələrində də davam edir.



Son xəbərlər