Heydər Əliyev Fondu uşaqlar üçün bayram şənliyi təşkil edib

post-img

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün şənlik keçirib. 

“Gülüstan” sarayında təşkil edilən bayram şənliyinə müxtəlif uşaq evlərində və internat məktəblərində tərbiyə alan, sağlamlıq imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan uşaqlar, eləcə də şəhid övladları dəvət alıblar.

Bayram ovqatı ilə bəzədilən şənlik məkanında balacaları nağıl qəhrəmanları qarşılayıblar. “Face Art” vasitəsilə uşaqlar özləri də istənilən möcüzə qəhrəmanını canlandırmaq imkanı qazanıb. 

Bayram şənliyi Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin uşaq­lara qayğısından, müxtəlif illərdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramlarında uşaqlarla bir yerdə olmasından bəhs edən videoçarxın nü­mayişi ilə başlayıb.

Uşaqlar üçün təqdim edilən Yeni il səhnəciyi dostluq, xeyirxahlıq, qarşılıqlı kömək və xeyrin şərə qalib gəlməsi üzə­rində qurulub. Tamaşada müxtəlif nağıl qəhrəmanları ilə yanaşı, qarşıdan gələn 2024-cü ilin rəmzi olan Əjdaha obrazı da canlandırılıb. 

Musiqili-əyləncəli proqram müxtə­lif uşaq kollektivlərinin və Azərbaycan incəsənət ustalarının iştirakı ilə təqdim olunub. Xüsusi qayğıya ehtiyacı olan uşaqların qarşısında Xalq artistləri Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Əmək­dar artist Manana və digər incəsənət xa­dimləri, o cümlədən Aysel Teymurzadə, Elnur Məmmədov, Günay İbrahimli, Mu­rad Arif, Zamiq Hüseynov çıxış ediblər. 

Azərbaycanın Birinci vitse-preziden­ti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu valideyn himayə­sindən məhrum, sağlamlıq imkanları məhdud uşaqların, Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canların­dan keçən şəhidlərimizin bizə əmanəti olan övladlarının problemlərinin həllinə xüsusi diqqətlə yanaşır, bu uşaqların hər zaman qayğı ilə əhatə olunmasına çalışır. Fondun ənənəvi Yeni il şənlikləri də məhz həmin kateqoriyadan olan uşaqları sevin­dirmək məqsədilə təşkil edilir.

İki saata yaxın davam edən əyləncə­li proqramın sonunda uşaqlara Fondun bayram hədiyyələri verilib.

XQ

Son xəbərlər