“Fəxr edirəm ki, 8 il boyunca Türk Dünyasının mədəniyyətini və irsini təbliğ etdim”

post-img

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti Günay Əfəndiyevanın müsahibəsi

– Günay xanım, Türk dövlət və xalqlarının qarşılıqlı əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə fəa­liyyət göstərən təşkilatlarından biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondudur. İstərdik ki, Fondla bağlı məlumat verəsiniz.

– Fond Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə Respublikaları dövlət başçı­larının dəstəyi ilə təsis edilib. 15 oktyabr 2019-cu il tarixində Türk Şurasının Bakı­da keçirilən Zirvə Görüşündə Özbəkistan təşkilata üzv, Macarıstan isə Fonda mü­şahidəçi ölkə olaraq daxil olub.

Səkkiz il öncə Astana şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin qərarı ilə Fondun ilk prezidenti təyin olundum. Türk Dünya­sının böyük mədəniyyətini təbliğ etmək, köklərimizi, adət-ənənələrimizi üzə çıxar­maq və öyrənmək, türk xalqlarını bir-bi­rinə daha da yaxınlaşdırmaq məqsədilə yaradılmış yeni Beynəlxalq təşkilatın qu­rulması və fəaliyyətə başlaması kimi çox məsuliyyətli bir iş mənə həvalə olundu.

Bu gün keçmişə nəzər salanda fəxrlə deyə bilərəm ki, üzv dövlətlərin hüquqi baxımdan müxtəlif prosedurları ilə bağlı ortaya çıxan maddi çətinliklərə, üzləşdiyi­miz ciddi problemlərə baxmayaraq, Fond irimiqyaslı, mötəbər tədbirlərdə təmsil olunan, nüfuzlu, tam hüquqlu Beynəlxalq təşkilat kimi fəaliyyət göstərməyi bacardı. Biz yalnız türk dövlətləri arasında mədə­ni-mənəvi əlaqələri gücləndirmək kimi vacib vəzifə ilə kifayətlənmədik, mədəni diplomatiya vasitəsilə bir çox başqa döv­lətlərlə də əlaqələr yaratdıq, əməkdaşlıq qurduq. Bu qədim türk mədəni irsinin təb­liğində əhəmiyyətli rol oynadı.

Bizim çalışmalarımızda Heydər Əliyev Fondunun zəngin təcrübəsi və şəxsən Mehriban xanım Əliyevanın bö­yük vətənpərvərliklə beynəlxalq fəaliyyəti mühüm örnək oldu.

Bunu da ayrıca qeyd etmək istəyirəm ki, ölkə başçısının biləvasitə tapşırığı ilə Fond üçün ayrılmış bina ən yüksək müa­sir zövq ilə təmir olundu. Bu, Fondun fəa­liyyətinə verilən önəmin bariz nümunəsi­dir.

– Siz mədəni diplomatiyadan bəhs etdiniz. Bu anlayışı necə izah edərdiniz?

– Mədəni diplomatiya ədəbiyyatın, musiqinin, incəsənətin və digər bu tipli mənəvi anlayışların “dili” ilə beynəlxalq dialoqun, xalqlararası ünsiyyətin güclən­dirilməsidir. Yəni xalqlar öz milli ruhlarını, milli kimliyini bir-biri ilə paylaşırlar. Belə­liklə, bəşəri dəyərlər ön plana çıxır, ortaq cəhətlər sezilir, qarşılıqlı anlayış və sim­patiya yaranır. Bir sözlə, mənəvi sərhəd­lər aşılır. Qəlblərin, zehinlərin sərhədləri. Bu da ölkələr arasında münasibətlərin dərinləşməsinə və beynəlxalq əməkdaş­lığa öz təsirini göstərir.

Məsələn, biz ilk layihələrimizdən biri olan “Azərbaycan qadın şairlərinin poe­ziya antologiyası”nı hazırlayaraq, müxtə­lif dillərdə - ingilis, alman, italyan, ərəb, bolqar dillərində kitab şəklində nəşr et­dik, ispan və portuqal dillərində də yaxın­da işıq üzü görəcək. Kitabda XII əsrdən başlayaraq - 800 il ərzində əsərləri ilə dünya ədəbi irsinə təkrarsız nümunələr bəxş etmiş Məhsəti Gəncəvinin, eləcə də Ağabəyim Ağanın, Xurşidbanu Natəva­nın, Heyran xanımın, Ümmügülsümün, Mirvarid Dilbazinin, Nigar Rəfibəylinin və neçə-neçə şairələrinin şeirləri toplanıb, onların milli-mənəvi duyğu və hissləri ifadə olunub. Bu şairələr ölkənin müxtəlif guşələrində, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağda və ya o zaman Cənubi Azərbaycanda yaşa­yan və yaradan şairələrdir. Bunlar nədir? Bunlar qiymətli tarixi faktlardır.

2020-ci ildə gözəl Şuşamızın yetiş­dirdiyi və bütün Türk Dünyasının dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyi qeyd olunurdu. Eyni zamanda Qazax ədəbiyyatının böyük nümayəndəsi Abay Kunanbayevin 175-ci ildönümü idi. Bu əlamətdar yubileylər münasibətilə Fond tərəfindən İspaniya­da Üzeyir bəyə və Abaya həsr olunmuş poçt markaları çap edilərək, Avropada dövriyyəyə buraxıldı. Biz bunu nəyə görə etdik? Çünki insanlar poçt vasitəsiylə əlaqə saxlayarkən Üzeyir bəyi də, Abayı da kəşf edəcək, bilavasitə Azərbaycanın musiqisini, Qazaxıstanın ədəbiyyatını və ümumilikdə Türk Dünyasının mədəniyyə­tini tanıyacaqlar.

– Fonda rəhbərlik etdiyiniz illərdə Azərbaycan öz tarixi günlərini yaşadı. Qarabağ hadisələri ilə bağlı təşkilat tərəfindən nə kimi işlər görüldü?

– Bilirsiniz, mən bu barədə özümü, hamımız kimi çox xoşbəxt hesab edirəm. Hər şeydən öncə bir azərbaycanlı kimi. 3 il əvvəl, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz, qəhrəman oğullarımız işğal altındakı tor­paqlarımızı azad edərək, tarixi ədaləti bərpa etdilər, bizlərə Müqəddəs Zəfərin sevincini yaşatdılar. Və digər tərəfdən, bu tarixi Fondun prezidenti vəzifəsində olduğum zamanlarda yaşadığım üçün özümü şanslı hiss edirəm. Qarabağla bağlı layihələrə Qələbənin qüruruyla qa­yıtdığımız üçün.

Bu illər ərzində biz, cahanşümul bir tarixin şahidi olduq və eyni zamanda özümüz də bu prosesdə iştirak etdik. Azərbaycanın işğaldan azad edilmiş şəhərlərini, kəndlərini ölkədə akkreditə olunmuş səfirlər ilə, diplomatik korpusun nümayəndələri ilə bərabər bir-bir gəzdik. O dağıntıları gözlərimizlə görərək, bu vəhşilikdən dəhşətə gəldik. Amma eyni zamanda sevinc göz yaşlarımızı saxlaya bilmədik. Həm özümüzə görə, həm də bu günləri həsrətlə gözləyən, amma gör­məyənlərə görə.

Bilirsiniz, əminliklə deyə bilərəm ki, bu böyük Qələbə, bu Zəfər bütün Türk dövlətlərini həm mənəvi, həm də irsi mə­nada daha artıq birləşdirdi.

II Qarabağ müharibəsi günlərində Qarabağla bağlı həqiqətləri üzv dövlət­lərə, əməkdaşlıq etdiyimiz xarici ölkələrə, eyni zamanda dünya ictimaiyyətinə çat­dırmaq üçün bəyanatlarla çıxış etdik. Qa­rabağda mövcud olan mədəni abidələrlə, onlara vurulmuş xəyanətkar zədələrlə, tarixi müqavilələrlə bağlı kitablar yayım­ladıq.

Fond Şuşanın Türk Dünyasının Mə­dəniyyət Paytaxtı elan olunması münasi­bətiylə 2022-ci ildə Bursada “Şuşa Gün­ləri”nin keçirilməsi təşəbbüsüylə çıxış etdi. Çox qürurverici haldır ki, bu təşəb­büs Türk dövlətlərinin başçıları tərəfindən imzalanan və Türk Dövlətləri Təşkilatının Səmərqənd Zirvə Görüşündə qəbul olu­nan Bəyannamədə də öz əksini tapdı.

“Şuşa Günləri” böyük bir layihədir və müxtəlif programlardan ibarətdir. Buraya ötən il 190 illiyi qeyd olunan Xurşidbanu Natəvanın yaradıcılığına dair Fondun hazırladığı sənədli film və ədəbi-musiqi­li kompozisiya, Şuşanın 270 illiyinə həsr olunan və Qarabağın tarixi həqiqətlərini canlandıran “Şuşada ürəyim qaldı” ta­maşası, məşhur fotoqraf Reza Deqatinin “Azərbaycanın İncisi Şuşa” fotosərgisi, tanınmış modelyer-dizayner Gülnarə Xəlilovanın “Qarabağ Milli Geyim Kol­leksiyası”nın təqdimatı daxil edildi. Eyni zamanda silsilə tədbirlər çərçivəsində Fondun himayəsi ilə yaradılan və 7 ölkə­ni – Azərbaycan, Qazaxıstan, Qırğızıs­tan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstanı təmsil edən xanım mu­siqiçilərdən ibarət “Yeddi Gözəl” musiqi qrupunun konsertləri də yer aldı.

Layihə mədəniyyətin bir çox sahələ­rini - ədəbiyyatı, teatrı, kinonu, musiqini, fotografiyanı, milli geyim sənətini özündə ehtiva etdi. Yəni, biz Şuşanın tarixi irsini, Qarabağın mədəniyyətini və incəsənətini hərtərəfli göstərmək istəyirdik. Qürurla deyə bilərəm ki, Türk Dünyasının müxtə­lif şəhərlərində, Bursada, Daşkənddə, Astanada, Türküstanda, eləcə də Buda­peştdə Şuşa şəhərinə həsr olunmuş təd­birlər təşkil etdik.

Qarabağla bağlı başlatdığımız so­nuncu nəhəng layihə “Sağalan büstlər” adlanır. O özündə Azərbaycanın tarixi şəxsiyyətlərinin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun, Bülbülün yaradı­cılığını ehtiva edən üç böyük kitabdan ibarətdir. Layihə bu il Şuşada “Vaqif Po­eziya Günləri” çərçivəsində yayımladığı­mız, böyük Azərbaycan şairi, ictimai-si­yasi xadim Molla Pənah Vaqifin ədəbi irsinə həsr etdiyimiz kitabın davamı kimi görülə bilər. Sözügedən layihənin başa çatdırılması ciddi bir prosesdir, amma ar­tıq üzərində son işlər aparılır.

– Bu il, eyni zamanda Ulu öndər Heydər Əliyevin 100 illiyidir. Bununla bağlı Fond tərəfindən hansı işlər gö­rülüb?

– Yalnız Azərbaycanın deyil, bütün Türk Dünyasının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 100 illiyi ölkədə və onun hüdudlarından kənarda təntənəli qeyd olunmaqdadır. Biz Ulu Öndərin 100 illi­yinə müxtəlif beynəlxalq səviyyəli layihə və tədbirlərimizi həsr etdik. Ümummilli lider Heydər Əliyevin Türk Dünyası qar­şısında xidmətlərini böyük minnətdarlıqla xatırlayaraq, onun irsini müxtəlif ölkələr­də daha artıq tanıtmaq istiqamətində fəa­liyyət göstərdik.

Türk Akademiyası ilə birgə əməkdaş­lıq çərçivəsində Qazaxıstanın Milli Aka­demik Kitabxanasında “Heydər Əliyev və Türk Dünyası” adlı beynəlxalq konfrans keçirdik.Az öncə bəhs etdiyim kimi, Fon­dun himayəsində yaradılan “Yeddi gözəl” qrupu Azərbaycanın və Türk Dünyasının dahi şair və mütəfəkkiri Nizami Gəncəvi­nin ölməz əsərlərindən birinin adını da­şıyır və çoxəsrlik Türk musiqisini xarici ölkələrə çatdırır. “Yeddi gözəl” ilk dəfə Səmərqənddə Türk Dövlətləri Təşkilatı­nın 9-cu Zirvə Görüşü çərçivəsində çıxış edib və gənc olmasına baxmayaraq, bu­günədək dünyanın bir sıra mötəbər səh­nələrində uğurlu performanslar göstərib. Bu il Avropanın şəhərlərində, Budapeştdə, Berndə, Haaqada Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə “Yeddi Gözəl” musiqi qrupunun konsertlərini təşkil etdik.

Böyük məmnuniyyətlə qeyd edə bilərəm ki, Fond Ulu Öndərin 100 illiyi ilə bağlı çox gözəl kitab hazırlayıb. Nəhayət, bu günlərdə “Heydər Əliyev və Ümum­türk Mədəni İrsi” kitabı işıq üzü görəcək və bu kitab Ulu öndərin yubileyinə layiqli və sanballı töhfə olacaq.

– 2023-cü ildə Türk Dünyası üçün əlamətdar yubileylərdən biri də Tür­kiyə Respublikasının qurulmasının 100-cü ildönümüdür. Bu xüsusda Fond tərəfindən hansı layihələr həya­ta keçirildi?

– Bu il Fondun qurucu üzv ölkəsi Tür­kiyəmiz şanlı 100 illiyini – Cümhuriyyətin ilk əsrini şərəflə tamamladı. Biz böyük qürur hissi ilə, mühüm bir layihəni bu əzəmətli tarixə həsr edərək, İstanbulda Milli Saraylar Dolmabahçe İncəsənət Qa­lereyasında “Yıldız Sarayı Foto Kolleksi­yasında XIX Əsr Türk Dünyası Mədəni İrsi” adlı sərgi təşkil etdik. Sərginin açılış mərasimində Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğa­nın xüsusi təbrik məktubu oxundu.

Sərgidə Fond tərəfindən Böyük Os­manlı dövrünə aid Yıldız Sarayının arxi­vindən seçilmiş Türk Dünyasının ortaq irsini, memarlığını, milli geyimlərini və bir çox digər elementləri özündə ehtiva edən fotoşəkillər yer aldı. Buna görə də, sərgini, həmçinin Türk Dövlətləri Təşkila­tı Dövlət Başçılarının 10-cu yubiley Zirvə Görüşü çərçivəsində Astanada da nüma­yiş etdirdik.

Eyni zamanda bütün il ərzində Tür­kiyənin 100 illiyi Avropa məkanında “Yed­di Gözəl” musiqi qrupunun konsertləri ilə də təntənəli qeyd olunub.

Təəssüflər olsun ki, bu il Türkiyə­miz böyük zəlzələ faciəsi ilə üzləşdi. Biz də Türkiyə ilə birlikdə dərindən kədər­lənərək, “Tek Yürek” şüarı altında zəl­zələdən zərər çəkən insanlara kömək etmək məqsədilə müxtəlif layihələr həya­ta keçirdik. Humanitar yardım göndərdik, uşaqlar üçün "TÜRKİYE ÇOCUKLARINA SEVGİ İLE" adlı rəsm aksiyası elan etdik. Layihə çərçivəsində Türk dövlətlərindən zəlzələ bölgəsinə “könül körpüləri” qu­raraq, Türk Dünyası uşaqlarının çəkdik­ləri və zəlzələ yaşamış bacı-qardaşları ilə mənəvi birliklərini təcəssüm etdirən şəkilləri bir kataloqda topladıq. Məqsə­dimiz türk həmrəyliyinin böyük gücü ilə əl-ələ verərək, maddi və mənəvi dəstək göstərərək, bütün çətinlikləri birlikdə aş­maqdır.

Biz hər addımımızla “Səninləyik, Türkiyə” demək istədik. Beləliklə, növ­bəti layihənin ideyası yarandı və biz bu dəfə Türk dövlətlərinin və böyük türk coğrafiyasının tanınmış şairlərinə müra­ciət edərək, xüsusi konsepsiya ilə kitab hazırladıq. Kitabdakı hər bir şeir zəlzələ zamanı çəkilmiş bir fotoya və konkret ha­disəyə, yaxud fakta həsr olundu. Bu şeir­lərin hər birində həm ağrı və kədər, həm də ümid və gələcəyə inam var.

Biz də hər bir layihəmizlə zəlzələdən zərər çəkmiş insanlara Türkün sarsılmaz, mətin ruhunun daim onlarla birlikdə oldu­ğunu hiss etdirməyə çalışdıq.

– Bu il dünyaca məşhur Çingiz Ayt­matovun 95 illiyi qeyd olunur. Bununla bağlı Fond tərəfindən hansı layihələr həyata keçirilib?

– Qırğız xalqının qüruru, Türk Dünya­sının böyük yazıçısı, ictimai-siyasi xadim Çingiz Aytmatovun 95 illiyi münasibətilə bir sıra ədəbi-mədəni layihələr həyata keçirdik. Fondun Bakı Bələdiyyə Teatrı ilə əməkdaşlığı çərçivəsində ədibin "Ana tarla" povesti səhnələşdirildi. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Məra­him Fərzəlibəyovdur.Tamaşanın prem­yerası Milli Akademik Dram Teatrında görkəmli ictimai xadimlərin, mədəniyyət, incəsənət, ədəbiyyat nümayəndələrinin, millət vəkillərimizin iştirakları ilə keçirildi.

Daha sonra "Ana tarla" povesti əsa­sında tamaşanı kitab kimi yayınlamağı qərara aldıq. Kitabın özəlliyi ondadır ki, bu nəşrdə əsərlə birlikdə, illüstrasiyaları həmin tamaşadan xarakterik fotolar əvəz edib.

Bilirsiniz, biz hələ 2018-ci ildə Çingiz Aytmatovun 90 illik yubileyini də təntənə ilə qeyd etmişdik. Fondun təşkilatçılığı və dəstəyi ilə ədibin “Cəmilə” povesti əsa­sında hazırlanmış tamaşa qırğız aktyor­larının ifalarında göstərilmişdi. Təsəvvür edin ki, tamaşa qırğız dilində nümayiş olunurdu. Əlbəttə ki, Azərbaycan tama­şaçısı qırğız dilini bilmirdi. Amma elə bö­yük həvəslə seyr edirdilər ki, inanın, bir adam belə biganə qalmırdı. Tamaşaçılar saytlarda, sosial şəbəkədə ən xoş təəs­süratlarını bölüşürdülər.

(ardı var)

XQ

Müsahibə